“Arabnews”: Azərbaycan müstəqilliyinin 104-cü ildönümündə çiçəklənir

Səudiyyə Ərəbistanının ingilis dilində nəşr edilən nüfuzlu “Arabnews” qəzetində ölkəmizin krallıqdakı səfiri, Ahin Abdullayevin müəllifi olduğu “Azərbaycan müstəqilliyinin 104-cü ildönümündə çiçəklənir” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın həyata keçirdiyi islahatlar barədə ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan xalqımız erməni işğalı, yeni qətliamlar və soyqırımları ilə üzləşib, torpaqlarının 20 faizi işğal edilib. Vəhşicəsinə dağıdılmış Ağdam şəhəri isə “Qafqazın Xirosiması” adlanır.
Məqalədə hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və tikinti işləri barədə məlumat verilib. Müəllif qeyd edib ki, Azərbaycan dost ölkələr olan Səudiyyə Ərəbistanı, Oman və Bəhreyni bu prosesdə fəal iştirak etməyə dəvət edib. Bununla yanaşı, ölkəmiz regionun enerji habı olmaq, təkcə neft və qaz deyil, iri elektrik enerjisi ixracatçısına çevrilmək əzmindədir və bu yolda inamla irəliləyir.
Sonda Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, dost və qardaş müsəlman ölkələri ilə əlaqələrindən bəhs olunub.

Oqtay Bayramov

Xudaferin.eu

16:54