Antihumanizmə Vəkillər Kollegiyasından dəstək

 

Vəkillər Kollegiyası nümayəndəlik institutunun ləğvini nəzərdə tutan qanunvericilik aktını dəstəkləyir
 

"Vəkillər Kollegiyası bəyan edir ki, nümayəndəlik institutunun təkmilləşdirilməsi ilə bağlı bir sıra qanunvericilik aktlarına edilən əlavə və dəyişiklikləri dəstəkləyir və bu istiqamətdə üzərinə düşən vəzifələrin lazımınca icrasını təmin edəcək". Bu barədə Vəkillər Kollegiyasının mülki və inzibati prosessual məcəllələrə, "Vəkillik və vəkillik fəaliyyəti haqqında" qanuna edilmiş son dəyişikliklərlə bağlı açıqlamasında deyilir.

Kollegiya vuğulayır ki, dəyişikliklər mahiyyət etibarı ilə hüquqi yardım institutunun yeni mərhələyə qədəm qoymasını təmin etməyə yönəlib.
"Milli Məclisin nümayəndəlik institutunun təkmilləşdirilməsi ilə bağlı bir sıra qanunvericilik aktlarına etdiyi əlavə və dəyişikliklər ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının davamıdır. Bu dəyişikliklər ölkəmizdə əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək", kollegiya qeyd edir.

Açıqlamada bildirilir ki, prezident İlham Əliyev "Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə sərəncamında vəkillərin sayının artırılmasını Vəkillər Kollegiyasına tövsiyə edib. "Buna nail olmaq üçün Vəkillər Kollegiyası tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcək. Çoxsaylı hüquqşünas vəkil olmaq üçün Vəkillər Kollegiyasına müraciət edib. Bununla bağlı ən qısa zamanda ixtisas imtahanları keçiriləcək. İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər vəkil adını qazanacaqlar. Eyni zamanda, hazırda məhkəmələrdə çıxış edən nümayəndələr də qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət etdikləri halda Vəkillər Kollegiyası üzvlüyünə qəbul oluna bilərlər", Kollegiya qeyd edir.

Parlament ötən həftə bu dəyişiklikləri qəbul edib. Dəyişikliklərdə nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməyəcək. Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik layihəsi parlamentə Ali Məhkəmə tərəfindən qanunvericilik təşəbbüsü ilə təqdim edilib. Qanunvericiliyə təklif ediən dəyişikliyin məqsədinin vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğu bildirilir. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib keyfiyyətli müdafiə həyata keçirə bilməməsi və vətəndaşların aldadılması halları göstərilir. Bununla belə, yeni qanunda da istisna kimi istənilən vətəndaşın yaxın qohumunun hüquqi nümayəndə olmaq səlahiyyəti verilib. Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə "Praktik Hüquqşünaslar Qrupu" hökumətə bir sıra təkliflər təqdim edib. Əsas təklif budur ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti ali təhsilli hüquqşünaslara aid edilsin. Təklif olunur ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin. Təklifləri nəzərə alınmayan hüquqşünaslar mitinq keçirmək qərarına gəliblər. Bunun üçün şəhər meriyasına müraciət edilib. Hazırda ölkədə Vəkillər Kollegiyasının üzvü olan minə yaxın vəkil fəaliyyət göstərir. Yerli medianın yazdığına görə, vəkillərin yeddi yüzdən çoxu paytaxt Bakıda fəaliyyət göstərir. Ölkə məhkəmələrində il ərzində orta hesabla 350-400 min məsələ mübahisələndirilir.

Xudaferin.eu
“Bakı Bürosu”

10:13