Anatoliy Rafailov: Ermənistanın Azərbaycanla sərhəddə aeroport istifadəyə verməsi regionda yeni təhlükələrə yol açır

Avqustun 17-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandan Qafana gəlmişdi. Onun sözlərinə görə, gələn həftədən etibarən İrəvandan Azərbaycanla sərhədə yaxın yerləşən Qafan şəhərinə müntəzəm reyslər həyata keçiriləcək. Aeroportun Azərbaycana yaxınlığını nəzərə alsaq deyə bilərik ki, belə bir aviareyslərin müntəzəm şəkildə həyata keçirilməsi təyyarələrin ölkəmizin hava məkanını pozması ilə müşahidə edilə bilər. Məhz bu səbəbdən sözügedən hava limanı uzun illər istifadə edilməyib. Normal praktikada belə bir hallar beynəlxalq razılaşmalarla tənzimlənir. Lakin Ermənistanın bu kimi addımları sülh sazişi üzrə danışıqları, habelə regionda müharibədən sonrakı vəziyyəti daha da gərginləşdirə bilər.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Anatoliy Rafailov deyib.

“Azərbaycan öz ərazilərində yeni hava limanlarını inşa edir, lakin ölkəmiz sülh prosesinə zərbə vurmamaq üçün Ermənistanın sərhədinin yaxınlığında belə bir layihələri həyata keçirməkdən vaz keçir. Məsələn, Zəngilan Beynəlxalq Hava Limanının yeri Ermənistanla sərhəddən müəyyən məsafədə olan məkanda inşa edilib ki, bu da mümkün hava sahələrinin pozulması ilə eskalasiyaya yol verməmək üçün hesablanmış bir addımdır.

Bununla da Ermənistan sülh müqaviləsini imzalamadığı, sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirmədiyi Azərbaycanla sərhəddə aeroport istifadəyə verməklə yeni münaqişəyə zəmin yaradır, danışıqlar prosesini təhlükəyə atmaq obrazı yaradır”, - deyə deputat bildirib.

Ermənistanın bu yeni təxribat xarakterli addımının bir sıra problemlər yarada biləcəyini diqqətə çatdıran Anatoliy Rafailov əlavə edib: “Nəzərə alsaq ki, Qafan Hava Limanı Azərbaycanın mövqelərinə daha yaxındır, təyyarələrin enişi və hava limanından qalxması zamanı Azərbaycanın hava məkanının pozulması ehtimalı çox böyükdür. Bu, təyyarələrin Azərbaycan sərhədini pozması nəticəsində vurulma riski yaradır.

Aeroportun istifadəyə verilməsi regionun sülh perspektivlərinə də mənfi təsir edərək, Ermənistan və Azərbaycan arasında münaqişəni alovlandıran və regionun sabitliyini pozan bir məsələ olaraq qalmağa davam edə bilər. Eyni zamanda, nəzərdə tutulan hava limanından gələcəkdə Azərbaycana dost münasibəti bəsləməyən üçüncü dövlətlərin müxtəlif məqsədlərlə istifadə etmək niyyətinin olduğunu istisna etmək olmaz.

Eyni zamanda, qeyd etmək lazımdır ki, Ermənistanın bu hava limanından yalnız mülki deyil, həmçinin hərbi məqsədlər üçün istifadə etməyəcəyinə heç bir zəmanət yoxdur. Bu da həmin sərhəd bölgəsində yaşayan dinc, mülki Azərbaycan əhalinin həyatını risk altına atır. Aeroportun istifadəsi beynəlxalq təzyiq və idarəçilik məsələnin həlli üçün baxışları daha da müxtəlifləşdirə və regionda dövlətlərarası müdaxilələrə zəmin yarada bilər”.

Deputat qeyd edib ki, bu qəbildən olan addımları atmaqla Ermənistan beynəlxalq hüquqa, qanunlara və sadə məntiq prinsiplərinə məhəl qoymaqdan vaz keçdiyini bir daha nümayiş etdirmiş olur. Heç şübhəsiz ki, Azərbaycanın hava sərhədlərinin davamlı pozulmasına gətirib çıxaran bu tipli təxribatlar ölkəmizin müvafiq cavab addımları atmasına səbəb olacaq. Eyni zamanda, yaranan vəziyyət davam edən sülh prosesinə zərbə vurmaqla yanaşı, həm də sərhəddə yeni gərginliyin yaranmasına gətirib çıxara bilər.

Mülki aviasiyanın qonşu ölkənin hava sahəsinə daxil olması yalnız o halda normal qəbul oluna bilər ki, sözügedən ölkələr arasında sülh, qarşılıqlı inam, siyasi-iqtisadi əlaqələr və əmin-amanlıq hökm sürür. Göründüyü kimi, Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddiaları, davamlı təxribatları, həmçinin sülh sazişinin əldə olunmaması səbəbindən belə bir aviareyslərin hazırda həyata keçirilməsi özündə böyük təhlükələr daşıyır. Ermənistan bu cür transsərhəd layihələr həyata keçirmək üçün, ilk növbədə, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, sərhədlərin delimitasiya və demarkasiyasına, sonra isə qarşılıqlı danışıqların aparılması və transsərhəd layihələrlə bağlı razılıqların əldə olunmasına çalışmalıdır.

Xudaferin.eu

 

16:01