“Analoqsuz inkişaf” “acından ölən”ə necə uduzur? – Statistika

 

Azərbaycan iqtisadiyyatı indi bir sıra göstəricilərə görə hətta kasıb Ermənistana da uduzur. Bunu iqtisadçı Nemət Əliyev üzə çıxarıb.

 

N.Əliyev müqayisəsində rəsmi statistikaya istinad edib. İqtisadçı feysbuk səhifəsində yazır: “Ermənistanın milli valyutası olan “dram” 2016-cı ildə orta hesabla vur-tut 0,5% dəyər itirib. Azərbaycan manatı isə ötən il 55% dəyər itirib. Ötən il mal ixracının həcmi ölkəmizdə 28% azaldığı halda, Ermənistanda 20% artıb. Ermənistanda milli valyuta ilə kredit qoyuluşu da 25% yüksəlib. Halbuki, bu göstərici bizdə 14%-ə yaxın azalıb və demək olar ki, manatla kredit verilişi dayandırılıb. Bizdə problemli kreditlər 9% təşkil etdiyi halda, Ermənistanda bu göstərici 1,3%-dir. 20% torpaqlarımızı işğal altında tutan Ermənistanda kənd təsərrüfatına kapital qoyuluşu 56%, emal sənayesinə kapital yatırımı 62% artıbsa, Azərbaycanda bu göstəricilər müvafiq olaraq 35% və 52% azalıb. Bahalaşma, real əmək haqqının səviyyəsinə görə də geridə qalırıq. Ermənistan ötən il yükdaşımaların həcmini 85% artıra bilib. Bizdə isə bu göstərici aşağı düşüb. Ümumiyyətslə, ötən il Ermənistan iqtisadiyyatı artsa da, Azərbaycan iqtisadiyyatı azalıb.

Əminliklə demək mümkündür ki, sərvətlərlə zəngin bir ölkə kimi xeyli sayda göstəricilər üzrə geri düşməyimizdə hakimiyyətin yanlış iqtisadi siyasətinin rolu çox böyükdür. Bu qaydada davam etməyin nə dərəcədə təhlükəli tendensiyalara yol açmasının, nəhayət, fərqində olmalıyıq. Belə təhlükələri yalnız real islahatlar durdura bilər. Zamanında əməli işə keçməməyin törətdiyi təhlükələr sürətlə böyüməkdədir…”.

 

Azadliq.org

08:38