Anadolu Agentliyinin yaradılmasından 102 il ötür

Aprelin 6-da Türkiyənin Anadolu Agentliyinin yaradılmasından 102 il ötür.
Türkiyənin xilaskarı Mustafa Kamal Paşanın tövsiyəsi ilə 1920-ci il aprelin 6-da yaradılan Anadolu Agentliyi ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda dünya informasiya məkanında layiqli yer tutan agentlik qərəzsiz və ədalətli xəbər siyasəti yürütməklə qazandığı şöhrətini qoruyub saxlayır. Türkiyədə 86, ölkə xaricində 40-dan çox büroya sahib olan Anadolu Agentliyi xəbərlərini 13 dildə yayır. Agentlik orta hesabla hər gün 4500 xəbər, fotomaterial və videoinformasiya yayır.
Türk dünyasının problemlərinə və aktual mövzulara daha həssas yanaşan Anadolu Agentliyi Azərbaycan həqiqətlərinə də geniş yer ayırır, bununla bağlı informasiyaların beynəlxalq auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Xüsusən 44 günlük Vətən müharibəsi zamanı Anadolu Agentliyi başda olmaqla, qardaş Türkiyə mediasının informasiya savaşında Azərbaycanın haqq işinə verdiyi dəstək bu gün də minnətdarlıq duyğuları ilə xatırlanır.
Ölkələrimiz və xalqlarımız kimi, Türkiyənin və Azərbaycanın milli xəbər agentliklərini – Anadolu Agentliyini və AZƏRTAC-ı qardaşlıq və dostluq telləri bağlayır. Hər iki agentlik bir-birini beynəlxalq media qurumlarında və platformalarında daim dəstəkləyir.
AZƏRTAC-ın kollektivi Anadolu Agentliyinin 102 yaşını təbrik edir, həmkarlarına fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır.

Xudaferin.eu

23:11