ANA DİLİ – MİLLƏTİN SƏSİ, DÖVLƏTİN CANIDIR .....

1 Avqust, Ana Dili Günüdür!
Bu tarix təsadüfi deyil. Azərbaycan xalqının dilinə, kimliyinə, milli ruhuna verilən dəyərin rəsmi təntənəsidir.
Azərbaycan dili – türk dilləri ailəsinin Oğuz qrupuna daxil olan, bədii-estetik ifadə imkanları son dərəcə zəngin, tarixi dərin, kökü möhkəm olan dildir.
Qaynağı Dədə Qorqud, Nizami Gəncəvi , Xəqani , Nəsimi , Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələskər , Mirzə Ələkbər Sabir kimi dühalardan gələn ; Şəhriyar , Üzeyir Hacıbəyli ,
Hüseyn Cavid , Əliağa Vahid ,
Səməd Vurgun , Cəfər Cabbarlı,
Mikayıl Müşfüq ,
Mirzə İbrahimov ,
İsmayıl Şıxlı , Bəxtiyar Vahabzadə , Məmməd Araz, Xəlil Rza kimi milli ruhlu ədiblərimizin yazıb yaratdığı
müqəddəs bir dildir.
Bu dil şeir kimi səslənir, saz kimi dinlənir, bayraq kimi dalğalanır...
Bu gün Azərbaycan türkcəsində dünyanın dörd bir yanında 60 milyondan çox soydaşımız danışır.
Onlardan 40 milyonu Güney Azərbaycanda – 10 milyonu isə müstəqil Azərbaycan Respublikasında yaşayır. Türkiyədə, Rusiyada, Avropada, Amerikada, Orta Asiyada və s. ölkələrdə də çoxsaylı soydaşlarımız yaşayır.
Ana dili – millətin ruhudur!
Milli kimliyin təməlidir.
Tarixin, mədəniyyətin, ədəbiyyatın daşıyıcısıdır.
Siyasi-strateji gücdür.
Milli təhlükəsizlik məsələsidir !
Ana dilini qorumaq – müstəqilliyin qorunması deməkdir.
Ana dilinə laqeydlik – milli varlığın zərbə alması deməkdir.
Ədəbiyyatımız – Ana dilinin şeirli qalasıdır !
Aşıq Ələsgər dillənəndə xalqın qəlbi danışırdı :
"Sazımda, sözüm də, əhdim də sənsən !"
Bəxtiyar Vahabzadə ana dilini Ana - Vətən qədər müqəddəs sayırdı :
"Dil açanda dilim mənim,
Ana kimi gülüm mənim..."
Ana dilimiz Məmməd Arazın dilində qürurla ucalırdı :
"Bu dil Tanrı vergisidir,
Bunu hər kəs bilməlidir !"
Biz Ana dilimizi qorumaqla bu gün özümüzə – sabah isə övladlarımıza cavabdehik !
Öz aramızda danışanda fikrimizi doğma ana dilimizdə ifadə etməliyik.
Ana dilində yazıb yaratmalıyıq.
Biz Ana dilində təhsil və elmin inkişafını təşviq etməsək –
sabahkı nəsil yad dillərdə, yad düşüncələrlə formalaşacaq. Bu isə millətin genetik kodunun pozulması deməkdir !
Əziz millətimiz !
Bal kimi şirin, səmimi , qürurlu zəngin ana dilimizi qoruyaq !
Ədəbiyyatımızla, tariximizlə, sazımız və sözümüzlə onu ucaldaq.
Dilinə sahib çıxan millət – tarixə də öz möhrünü vurur !
ANA DİLİ GÜNÜMÜZ MÜBARƏK OLSUN !!!

Müəllif : Qəvami Sadıqbəyli

Xudaferin.eu

19:55