Amerika və Səudiyyə Ərəbistanı İranla ilgili yeni anlaşmalara gəldilər

 

ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının  şahzadəsi Məhəmməd bin Salmanla Ağ Evdə görüş keçirib.

ABŞ prezidenti admnistrasiyasının mətbuat xidmətinin yaydığı açıqlamaya görə, görüş zamanı “iki ölkə arasında ikitərəfli münasibətlərin gücləndirilməsi və regionda birgə maraqları əhatə edən məsələlər” müzakirə edilib. Bu, ötən ilin noyabr ayında Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra Səudiyyə Ərəbistanı kral ailəsi üzvləri arasında Vaşinqtonu ziyarət edən ən yüksək səviyyəli nümayəndədir.  

Qeyd edək ki, iki dövlət arasında aparılan danışıqların bağlı irəli sürülən anlaşmaların detalları açıqlamayıb. Lakin gözlənildiyi kimi görüşdə qlobal enerji qiymətləri, Suriya, İraq, Liviya və Yəməndə yaşanılan münaqişələrlə bağlı məsələlər müzakirə edilib. O da bəllidir ki, Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri ABŞ-ın dəstəyi ilə Yəməndə İranın dəstəklədiyi silahlı şiə qüvvələrinə qarşı iki ildir hərbi əməliyyatlar keçirir. Səudiyyə Ərəbistanı bununla yanaşı, Suriyada ABŞ-ın dəstəklədiyi koalisiya qüvvələrinin İŞİD militantlarına qarşı hərbi kampaniyasına daxildir.

O da bəllidir ki, Səudiyyə Ərəbistanı və ABŞ arasında münasibətlər keçmiş prezident Barak Obama administrasiyasının regionda ölkənin rəqibi olan İranla nüvə razılığı əldə etməsindən sonra soyumuşdu. Səudiyyə Ərəbistanı rəsmiləri Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşdırılması və Tramp administrasiyası ilə İranın regionda apardığı dərin siyasətlərin sonucunda əldə etdiyi nüfuzunun azaldılması istiqamətində birgə iş aparıla biləcəyi ilə bağlı nikbinliklərini ifadə ediblər.

 

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

09:46