Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir

Azərbaycanın dünyada artan nüfuzu artıq özünü bütün sahələrdə büruzə verir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun Ermənistanın 30 illik işğalına son qoyması ölkəmizin dünyada reytinqini daha da yüksəltdi və mövqeyini möhkəmləndirdi. Azərbaycan İkinci Qarabağ müharibəsini heç kimin köməyi olmadan, öz gücü ilə Qələbə ilə başa çatdırdı. Bu tarixi Qələbə Azərbaycan Ordusunun dünyanın ən güclülərindən olduğunu bir daha təsdiqlədi. Müharibədən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır. Bu, dünyada Azərbaycana olan inam və etimadın nəticəsidir. Elə ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktub da ölkəmizə olan inam və etimadın bariz nümunəsidir.

Bu sözləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Hüquq müdafiəçisi deyib ki, ABŞ Prezidenti Cozef Baydenin Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub hər şeydən öncə iki ölkə arasında mövcud olan qarışlıqlı münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir. Bu, son günlərdə ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış ikinci məktubdur. Hazırda ölkəmiz dünyanın maraq dairəsindədir. Bir tərəfdən Vətən müharibəsində öz gücümüz hesabına qazandığımız tarixi Qələbə, sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli bərpa-quruculuq işlərinin geniş vüsət alması, digər tərəfdən isə Şuşanın nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi ölkəmizin reytinqini daha da yüksəldib. Bunlarla yanaşı, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan ölkədir. Mühüm geostrateji mərkəzlərdən biri olan Avropada enerji təhlükəsizliyi tarixin heç bir dönəmində olmadığı qədər təhdidlərə məruz qaldığı bir vaxtda respublikamızın həyata keçirdiyi alternativ enerji təhlükəsizliyi kəməri xüsusi əhəmiyyət kəsb edir. ABŞ Prezidentinin məktubunda da önə çəkilən əsas məsələlərdən biri elə bununla bağlıdır.

Ç.Qənizadə deyib ki, ABŞ Prezidentinin dövlət başçımıza ünvanladığı məktubun Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi ərəfəyə təsadüf etməsinin müəyyən səbəbləri var. Əvvəla, müharibədən yenicə çıxmasına baxmayaraq, respublikamız mühüm əhəmiyyətli tədbirlərə ev sahibliyini davam etdirir. Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işini davam etdirir. Enerji sənayesində cari meylləri nəzərə alaraq, Bakı Enerji Həftəsi tədbiri özündə üç ayrı layihəni ehtiva edir - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əlbəttə ki, əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumu. Sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirakı ölkəmizin getdikcə artan nüfuzunun göstəricisidir.

Komitə sədri C.Baydenin məktubundan bəzi məqamları diqqətə çatdıraraq, ABŞ-ın Azərbaycanla əməkdaşlığı davam etdirməsinə xüsusi önəm verdiyini bildirib və bu faktların məktubda da öz əksini tapdığını vurğulayıb. Məktubda deyilir: “Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir”.

Ç.Qənizadə ABŞ Prezidentinin məktubundakı digər məqamları da diqqətə çatdırıb. Cozef Baydenin Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində dövlət başçımızın davamlı addımlarını alqışlaması hər birimizdə qürur hissi yaradır.

Ölkəmizin uğurlarını yüksək dəyərləndirən Prezident Cozef Bayden Amerika Birləşmiş Ştatlarının Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam etdiyini bildirib.

Xudaferin.eu

15:47