AMEA-da görkəmli alim Xudu Məmmədovun 90 illik yubileyi qeyd olundu

 

Noyabrın 21-də AMEA-nın əsas binasında Kimya və Yer Elmləri bölmələrinin birgə təşkilatçılığı ilə görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun anadan olmasının 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib. Tədbir iştirakçıları öncə Xudu Məmmədovun həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar. Sonra konfrans öz işinə başlayıb.

 

Konfransı giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq görkəmli alimin həyat və yaradıcılığından, onun Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən danışıb. Bildirib ki, kristalloqrafiya sahəsində öz sözünü demiş alimlərdən olan Xudu Məmmədov sovet rejiminin hökm sürdüyü dövrdə ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan az sayda ziyalılarımızdandır. Alimin apardığı tədqiqatlar nəticəsində ksonolit mineralların quruluşunun müəyyənləşdirildiyini söyləyən A.Əlizadə onun silikat kimyası sahəsində dövrünün ən böyük kəşfini etdiyini vurğulıayıb. Sonra AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev çıxış edərək mərhum alimin elmi-ictimai fəaliyyətindən danışıb. Qeyd edib ki, Xudu Məmmədov silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirib, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər arasında kristallokimyəvi qohumluq əlaqəsini aşkarlayıb. D.Tağıyev, həmçinin alimin 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrəndiyini, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə etdiyini bildirib. X.Məmmədovun yüksəkixtisaslı elmi kadrların hazırlanmasındakı müstəsna xidmətlərindən danışan akademik bildirib ki, alim böyük elmi məktəb yaradıb və onun rəhbərliyi ilə 10 elmlər və 35 fəlsəfə doktoru yetişdirilib.

Tədbirdə ABŞ-ın Virciniya Universitetinin professoru Faiq Musayevin “Xudu Məmmədov və zülalların quruluş problemləri” və Türkiyənin Qars Universitetinin professoru Hacalı Nəcəfovun “Xudu Məmmədovun yaradıcılığında elm və sənətin vəhdəti” mövzusunda məruzələri dinlənilib. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, xalq şairi Sabir Rüstəmxanlı və digərləri çıxış edərək alimlə bağlı xatirələrini bölüşüblər.

Sonda Xudu Məmmədovun oğlu Toğrul Məmmədov çıxış edərək konfransın təşkilatçılarına ailəsi adından minnətdarlığını bildirib. Konfrans çərçivəsində “Xudu Məmmədov – teleportret” filmi nümayiş olunub.

Elbar
Tezadlar.az

09:48