AMEA “Azəriqaz”ı küncə sıxışdırdı:Ölümlərin səbəbinə alim baxışı

 

Respublika ərazisində təbii qazın emalı, təchizatı və istehlakı sahəsində bir sıra nöqsan və qanun pozuntuları aşkar edilib.
 

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İbrahim Quliyev "Xalq qəzeti"ndə dərc olunan "Fövqəladə hallar atlasının hazırlanması günün tələbidir” başlıqlı məqaləsində yazıb. Məqalədə qeyd edilir ki, aparılan araşdırmalar nəticəsində əhaliyə verilən təbii məişət qazının tərkibində müvafiq normativ sənədlərin tələblərinə uyğun olmayan, yanmayan qaz qarışıqlarının, eləcə də ağır karbohidrogen qatışıqlarının olması, SOCAR-ın tabeliyində olan qurumlara məxsus qazpaylama stansiyalarında təbii qazın təmizlənməsi, tənzimlənməsi və paylanması məqsədi ilə istismarda olan qurğu və avadanlıqların bəzilərinin köhnə olması, müasir tələbələrə cavab verməməsi halları üzə çıxıb: "Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün müəyyən tədbirlər həyata keçirilməsinə baxmayaraq, qaz sızması ilə əlaqədar partlayış (yanğın) hadisələrinin, eləcə də çoxsaylı ölümlə nəticələnən dəm qazından zəhərlənmə hallarının baş verməsi hələ də davam etməkdədir. Məsələnin ciddiliyini və aktuallığını nəzərə alaraq, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik məsələlərinin təmin edilməsi, bu sahədə mövcud problemlərin tam həllinə nail olunması məqsədi ilə istehlakçılara müvafiq standartların tələblərinə uyğun təbii qazın verilməsi, təbii qazın tərkibinin insan həyatı üçün təhlükəli olan qarışıqlardan təmizlənməsi üçün respublikaya müasir modul qaz təmizləyici stansiyaların (qurğuların) gətirilməsi və ilkin olaraq ən vacib sahələrdə (neft-qazçıxarma idarələrində) quraşdırılması, təbii qazın hasilatı və paylanması ilə məşğul olan təsərrüfatların istismara yararlı olan və yeni texnologiyalar əsasında keyfiyyətə təminat verən, tam avtomatlaşdırılmış qurğu və avadanlıqlarla əvəz edilməsi, ölkəyə gətirilən qaz cihazlarının keyfiyyətinə və istismar qaydalarına nəzarətin gücləndirilməsi vacibdir”.
İqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, 2008-2009-cu illərdə dəm qazından boğulmaların intensivləşdiyi dövrdə bu məsələ ilə bağlı araşdırmalar aparıb: “Hələ o zamankı araşdırmalarımda qeyd etmişdim ki, Azərbaycanda dəm qazından boğulmaların səbəbi standartlara uyğun qazın verilməməsidir. Normativ bundan ibarətdir ki, təbii qazın tərkibinin 50 faizdən çoxu yanıcı karbohidrogendən olmalıdır. O dövrdə Azərbaycanda əhali qrupuna verilən 2 milyard kubmetr qazın tərkibindəki yanıcı maddələr 40 faizdən aşağı olub. Səmt qazı neftlə birlikdə çıxan qazdır. Qaz yatağından çıxan mavi yanacaqdan fərqli olaraq, həmin qazın tərkibində yanıcı maddələrin xüsusi çəkisi aşağı olur. Ən yaxşı halda həmin qazın tərkibindəki yanıcı maddələr 40-42 faiz olur. Səmt qazı məişət şəraitində yandıqda aralıq məhsul alınır. Bu aralıq məhsul da həmin dəm qazıdır. Məişət üçün verilən qazın yanması zamanı aralıq məhsul alınmamalıdır. Yanıcı maddələrin səviyyəsi 50 faizdən çox olanda digər qaz qarışığı olan ağır karbohidrogenləri yandırır. Əgər təbii qaz qırmızı rəngdə yanırsa, deməli standartlara cavab vermir. Məişət şəraitdə mavi yanacaq şəffaf alovla yanmalıdır. Azərbaycan əhalisinin tələbatı 3 milyard kubmetrdir. Əhalinin mavi yanacağa olan tələbatının 75 faiz məişət üçün istifadəsi yararsız qaz hesabına ödənilir. Qazdan boğulmalar, partlayışlar və digər məsələlər də bundan qaynaqlanır”.

Ekspert hesab edir ki, Azərbaycanda təbii qazın zənginləşdirməsi üçün zavod tikilməlidir: “Ölkədəki qaz emalı zavodu mavi yanacağa yalnız iy vurur. Məlumdur ki, təbii qaz yerdən çıxanda heç bir iyə malik olmur. Ona təhlükəsizlik məqsədilə emal zavodlarında iy vurulur. Əhaliyə verilən qazın tərkibi zənginləşdirilib yanıcı karbohidrogenlərin səviyyəsi 50 faizdən yuxarı qaldırılımalıdır. Yaxud əhali kontingenti üçün verilən qazın təyinatı dəyişdirilməlidir. Dünyada bu cür qazların təyinatı sənaye üsulu ilə yandırılır, əhaliyə verilmir. Yəni elektrik stansiyalarında, qazanxanalarda istifadə olunur. Amma Azərbaycanda bunun ağına-bozuna baxmadan əhaliyə verilir. 10 il bundan əvvəl qazın tərkibi ilə bağlı məsələyə rəsmi mövqe yox idi. Şükür ki, alimlər səviyyəsində təbii qazın tərkibinə münasibət bildirilib. Hesab edirəm ki, bundan sonra Azərbaycana qaz zənginləşdirilməsi qurğuları gətiriləcək, zavod tikiləcək və əhali bu bəladan qurtulacaq”.

Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda əhaliyə verilən qazı nə ixrac etmək, nə də kiməsə satmaq mümkündür: “Əgər internetdə rus, ingilis, ərəb və fars dillərində “dəm qazından boğulma” sözünü axtarışını etsək heç nəyə rast gəlinməz. Çünki həmin ölkələrdə səmt qazı məişət təyinatı ilə istifadə olunmur. Burada maraq ondan ibarətdir ki, qazın hər 1000 kubmetri həmin qurğularla tutulduqda cəmi 10 manat (6-7 dollar) əlavə xərci olur. Çünki səmt qazı üçün xüsusi axtarış aparılmır, neft üçün qazılan quyudan qaz da çıxır. Həmin qazı tutan aparatların işləməsi üçün elektrik sərfiyyatına və amortizasiya üçün əlavə xərc gedir. 1000 kubmetri 10 manat başa gələn qaza yalnız iy vurulandan sonra əhaliyə satılır. Heç bir xüsusi emal işi aparılmadan alınan qaz əhaliyə limitlə 100 manata, limitsiz 200 manata satılır. Deməli, hökumət limitli qazda 80 manat, limitsiz qazda 180 manat qazanır. Bu isə o deməkdir ki, hökumət əhaliyə satdığı səmt qazından Avropaya satdığı normal qazdan daha çox gəlir əldə edir. Halbuki əhaliyə verilən həmin qazı nə ixrac etmək, nə də kiməsə satmaq mümkündür. Azərbaycan hökuməti onu ölkə daxilində istifadə etməyə məhkumdur. Ancaq bu qazı sənayedə istifadə etmək daha təhlükəsizdir. Çıxış yolu bu qazı zənginlləşdirdikdən sonra əhaliyə verməkdir. Lakin hökumət bunu təşkil etmir, vətəndaşların həyatını risk altına atır”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

22:57