Alova bürünən Xəzər: İtkin neftçilərin yolunu gözləyən ailələr, cəzasız qalan müqəssirlər və dənizin ortasındakı abidə

Sanki bir an içində yataqda yer yerindən oynadı. Dağıdıcı dalğalar 110 atmosfer təzyiqilə işləyən sualtı qaz xəttinin dayaq borusunu qıraraq boru kəmərini zədələdi və bununla da şiddətli yanğın baş verdi. Həyatın acı mənzərəsinə tuş gələn neftçilər bir-bir dənizə düşdü. Kimisi xilas oldu, kimisə yanğına tuş gəldi, bəziləri isə ümumiyyətlə, bu günə qədər tapılmadı. Onların sorağı hələ də həsrət çəkir. Bu dəhşətli fəlakətdən iki il ötür…İtkin düşən 18 neftçidən hələ də soraq yoxdur…Amma onların yolunu hələ də ümidlə, intizarla gözləyənlər var. Ocaqları sönən, isti nəfəsləri kəsilən bu ailələrin iki illik intizarı bitməyib, ümid işığını hələ söndürməyiblər… Elə onları da dilə gətirən bu ümiddir…

 

“İtkin düşmək ölümdən betərdir. Cəsədi tapılmadı…Amma mən ümidliyəm. Onun yolunu gözləyirəm hələ də…İçimdə olan ümidin sönməməsini istəyirəm. Bəlkə də nə vaxt gələr deyə gözləyirəm… Yəqin özümüzü aldadırıq beləcə…”

Telefonda qəhərini gizlədə bilməyən, az sonra isə göz yaşlarına boğulan Kifayət İbrahimova Cebhe.info-ya belə deyib. Təsəlli verməyə çalışırıq. Amma iki ildir ona verilən bolluca təsəlli də qadını ovundura bilmir. Kifayət İbrahimova itkin düşən neftçi, 1971-ci il təvəllüdlü Xalid İbrahimovun həyat yoldaşıdır. Acısını ifadə edən qadın fəlakətdən iki il keçməsinə baxmayaraq hələ də həyat yoldaşının yolunu gözlədiyini deyir: “Xalidin məzarı belə olmadı… Ən azından bayramlarda, ürəyim istəyən vaxtlarda məzarını ziyarət edib sakitləşərdim”.

Kifayət İbrahimova itkin neftçilərin xatirəsinə ucaldılan abidənin dənizin ortasında salınmasından şikayətlənir. Deyir ki, abidənin paytaxtın mərkəzində, istənilən yerdə, heç olmasa Dövlət Neft Şirkəti binasının önündə ucaldılması daha doğru və münasib olardı: “ Bu gün neftçilərin xatirəsinə ucaldılan abidəni ziyarət etdik. İstədiyimiz vaxt dənizin ortasına gedə bilmirik. Bizi kimsə ora aparmalıdır. Ora getmək üçün ya gəmidən, ya da helikopterdən istifadə etməlisən. Məcburuq ki, hər dəfə onlardan xahiş edək ki, bizi aparsınlar. Bu il apardılar, bəlkə gələn il heç aparan olmayacaq? Özlərinə də demişik ki, bu abidəni kənara, quruya çıxarın ki, sizə ehtiyacımız olmasın”.

Kifayət İbrahimova deyib ki, dolanışıqları ortadır. Yoldaşı itkin düşəndən sonra ailə konpensasiya və sığorta ilə təmin olunub: “Bu il bizə baş çəkən olmayıb. Konpensasiya və sığortadan əlavə maddi köməklik edilməyib. Sadəcə uşaqlar təhsil haqqından azad olublar. Buna da şükür. Özüm müəllim işləyirəm. Yalnız Xalidin yoxluğu bizi ovuda bilmir…”

Məlum qəzada ikin düşən neftçilərdən biri də 1971-ci il təvəllüdlü Elşad Rəsulovdur. O, 23 il “Günəşli” neft yatağında neftçi işləyib. Ailəsi onu sonuncu dəfə işə hadisə olan il (2015-ci il) noyabrın 22-də uğurlayıb. Evə dönməyinə 3 gün qalmış neft yatağında gözlənilməz fəlakət yaşanıb. 17 neftçi ilə birgə Elşad Rəsulovun da cəsədindən bu günə qədər xəbər yoxdur. Həyat yoldaşı Vüsalə Rəsulova baş verən faciədə itkin düşən həyat yoldaşı ilə bağlı dərdini bölüşüb: “Elşadın iş yoldaşları gəlmişdi. Onları gördüm, kədərimin üstünə daha bir kədər gəldi. Kaş ki, Elşad da sağ qalardı, ailəsinin, uşaqlarının başında olaydı. Onsuz iki il çox ağır keçdi. Şükür normal dolanırıq. Kredit borcum var, zamin duran şəxsdən sıxıntı çəkirəm. Mənə problemlər yaradır. Amma bir gözümüz hələ də qapıdadır. Son ümid də qırılsa, yaşaya bilmərik. Allahın möcüzəsinə inanıram”.

Vüsalə Rəsulova da itkin neftçilərin xatirəsinə ucalmış abidənin dənizin ortasında olmasından gileylənib. Yalnız ildönümlərdə ya gəmi, ya da vertolyotla ora gedib çıxa bildiklərini deyib. Xatırladaq ki, 4 dekabr 2015-ci ildə “Günəşli” yatağının 10 –cu və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində baş verən dəhşətli qəzadan iki il keçir. Geridə qalan bu müddət ərzində itkin düşən 18 neftçidən hələ də xəbər yoxdur. "Günəşli" yatağındakı qəza zamanı 33 nəfər xilas edilib, 1 neftçinin cəsədi tapılıb. 29 nəfər isə itkin düşmüşdü. Daha sonra itkin düşən neftçilərdən 11-nin cəsədi tapılaraq ailələrinə təhvil verilib. Eyni gündə Neft Daşlarında baş verən qəza zamanı itkin düşən 3 neftçidən birinin meyiti tapılsa da, digərlərindən hələ ki, xəbər yoxdur. Tapılan sonuncu cəsədlər isə Türkmənistan sahillərində dənizçilər tərəfindən aşkarlanıb. Ümumiyyətlə, son 7 ildə ölkəmizin neft sektorunda 150-yə yaxın işçi həlak olub. Bunun 80 faizi SOCAR işçisidir.

Qəzada dünyasını dəyişən neftçi ailələrinə ilkin olaraq ayrı-ayrılıqda kompensasiya ödənilib. İtkin düşən neftçilərin ailələrinə isə qəzadan 6 ay sonra cəsədi tapılmayanlara ölüm adı verilərək sığorta verilib. Dövlət tərəfindən müəyyən qədər maddi dəstək alıblar.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlum qəzanın SOCAR vəzifəlilərinin məsuliyyətsizliyi ucbatından baş verdiyini təkrar diqqətə çatdırıb. Onun sözlərinə görə, müqəssirlər bu vaxtadək cəzasız qalıb.

 

Alçina Amilqızı

Cebhe.info

11:37