Almaniyanın Şimali Reyn-Vestfalya əyalətində Azərbaycana dair təqdimat edilib

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu ölkənin ən çox əhaliyə malik (18 milyon) və ÜDM-in həcminə (733 milyard dollar) görə ilk yeri tutan federal torpağı - Şimali Reyn-Vestfalya əyalətinə səfər edib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi əyalətin yüksəksəviyyəli təmsilçilərinə respublikamızın iqtisadiyyatı barədə məlumat verilməsi, habelə Şimali Reyn-Vestfalya federal torpağında fəaliyyət göstərən şirkətlərin Azərbaycana sərmayə qoymasının təşviq edilməsi olub.

N.Ağayev səfəri çərçivəsində Şimali Reyn-Vestfalya federal torpağının Landtaqının (parlament) sədri Andre Kuper, Düsseldorf şəhərinin meri Ştefan Keller, “UNIPER” şirkətinin rəhbərliyi, Düsseldorf Sənaye və Ticarət Palatasının təmsilçiləri və digər müəssisələrin nümayəndələri, habelə Azərbaycan icmasının Düsseldorf və yaxın şəhərlərdə yaşayan bəzi fəalları ilə görüşüb, “Rotary Club” təşkilatının üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib.

Səfir keçirdiyi görüşlərdə Azərbaycanda həyata keçirilən islahatlardan, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu qlobal layihələrdən, siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə olunmuş nailiyyətlərdən danışıb. Həmçinin Azərbaycandakı əlverişli biznes mühiti, güclü nəqliyyat-logistika potensialı, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq perspektivləri, Bakı Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumat verib.

Xudaferin.eu

 

15:40