Almaniya tarixində ilk dəfə türk əsilli siyasətçi bələdiyyə sədri seçilib - FOTO/VİDEO

Bir neçə gün öncə Almaniyada keçirilən bələdiyyə seçkilərində bir ilk yaşanıb. 
 
Almaniyada türk mənşəli siyasətçi Belit Onay Hannover Bələdiyyəsinə rəhbər seçilib.
 
Yaşıllar Partiyasının namizədi Belit Onay Hannover Böyükşəhər Bələdiyyəsinə seçkilərin ikinci turunda Xristian Demokratik Birlik Partiyasının dəstəklədiyi müstəqil namizəd Eckhard Scholzə qarşı mübarizə aparırdı.
 
Nəticələrə görə, türk mənşəli Belit Onay səslərin 52,9 faizini toplayıb. Belit Onay seçkilərin ilk turunda da ən çox səs toplayan namizəd olmuşdu. 
 
Qeyd edək ki, 73 ildən bəri Sosial Demokrat Partiyası mənsubu bələdiyyə sədrləri tərəfindən idarə edilən Hannoverdə ilk dəfə Yaşıllar Partiyasından olan bir siyasətçi bələdiyyə sədri seçildi.
 
Belit Onayın seçimləri qazandıqdan sonrakı təşəkkür çıxışında maraqlı anlar yaşanıb. Seçkidə qalib gəldikdən sonra Belit Onay Hannover şəhər meriyasında bir bəyanat verib və tərəfdarlarına təşəkkür edib.
 
Belit Onayın təşəkkür çıxışında türk dilində danışması zaldakı insanlar arasında maraqla qarşılanıb. Belit Onay alman dilində danışdığı zaman qəfildən türk dilində sevgilisinə təşəkkür edib. Həmin görüntülər sosial şəbəkədə geniş şəkildə paylaşılıb və müzakirə edilib.
 
Belit Onay Hannoverdəki sosial problemlərə cavab verə biləcək bir idarəetmə tətbiq edəcəyini deyib: “Kirayə və mənzil kimi sosial problemlərə cavab tapdığımızı düşünürəm. Hannover çoxmədəniyyətli bir quruluşa sahibdir. Son illərdə Yaşıllar partiyasının ekoloji və sosial mövzularda yürütdüyü siyasət hər zaman müsbət reaksiyalar alıb. Bizim Hannoverdə yaxşı işləyən bir komandamız var”. 
 
Belit Onay 1981-ci ildə Almaniyanın Goslar şəhərində anadan olub. Belit Onayın valideynləri gənc yaşlarında İstanbuldan Almaniyaya köçüb. 
 
2011-ci ildə Yaşıllar partiyasının məclis üzvü seçilən Belit Onay, 2013-cü ildə də millət vəkili seçilib. Son olaraq da Yaşıllar partiyasından bələdiyyə başqanlığına namizəd olaraq, seçkilərdə iştirak edib və qalib gəlib. (Musavat.com)
 

21:32