Almaniya: Merkel bloku hökuməti formalaşdırmaq üçün ASDP ilə danışıqlara hazırdır

 

Angela Merkelin mühafizəkar bloku hökuməti formalaşdırmaq üçün Almaniya sosial-demokrat partiyası ilə danışıqlara hazırdır.

Bunu noyabrın 27-də Xristian-Demokratik İttifaqının (XDİ) başçısı Angela Merkel partiyanın idarə heyətinin Berlində keçirilən iclasından sonra jurnalistlərə müsahibəsində bildirib. “Biz məhz belə hökumətin qurulmasını istəyirik və ASDP ilə danışıqlara hazırıq”, - deyə o qeyd edib.

Bununla yanaşı, Angela Merkelin sözlərinə görə, Almaniyanın avropalı tərəfdaşları hesab edirlər ki, AFR Aİ çərçivəsində vacib rol oynamağa qadirdir. “Yaxın Şərq münaqişəsini, Rusiya ilə vəziyyəti, ABŞ-da cərəyan edən hadisələri nəzərə alsaq, Almaniyanın qərar qəbuletmə bacarığının olması daha yaxşıdır”, - XDİ lideri belə deyib.

Almaniya sosial-demokrat partiyasının (ASDP) rəhbərliyi Prezident Frank-Valter Ştaynmayerin vasitəçiliyi ilə mühafizəkarların başçısı Angela Merkellə danışıqlar aparmağa razılıq verib. Bunu bazar ertəsi günü ASDP lideri Martin Şults bəyan edib.

Xatırladaq ki, Xristian-demokratik və Xristian-sosialist ittifaqı bloku (XDİ/XSİ), Azad demokratik partiya və “yaşıllar” arasında koalisiya hökumətinin qurulması üzrə bir aydan çox davam edən danışıqlar nəticəsiz başa çatıb. Bundan başqa, sosial-demokratlarla indiyədək razılıq əldə olunmaması ölkədə vəziyyəti siyasi böhran həddinə çatdırıb.

Xudaferin.eu

"Avropa Bürosu"

 

10:07