Ali Məhkəmə jurnalistin həbs müddətini azaldıb

 

Ali Məhkəmə noyabrın 7-də azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı kassasiya şikayətinə baxıb.

 

Jurnalistin vəkili Elçin Sadıqov qeyd edib ki, məhkəmə cəza müddətini 1 il 6 aya qədər azaldıb. Öz növbəsində, vəkil məhkəmə qərarının qanunsuz və əsassız olduğunu, jurnalistə böhtan atıldığını deyib və müvəkkilinə bəraət verilməsini xahiş edib. Vəkilin sözlərinə görə, məhkəmə qərar çıxararkən jurnalistin ittiham olunduğu maddəni dəyişdirib. Əfqan Sadıqov 127.2.3-cü (sağlamlığa qəsdən az ağır zərər yetirmə, xuliqanlıq niyyəti ilə və təhlükəli üsulla törədildikdə) maddəsi ilə həbs edilib. Ali Məhkəmə ittihamı 127.1-ci (sağlamlığa həyat üçün təhlükəli olmayan az ağır zərər yetirmə) maddəyə tövsif edib. Azel.tv saytının təsiscisi və redaktoru Əfqan Sadıqov 22 noyabrı 2016-cı ildə saxlanılıb. O, icra hakimiyyətinin binasında qadını vurmaqda ittiham olunub. Sadıqov bunu təxribat adlandırıb. 2017-ci il yanvarın 12-də Cəlilabad rayon məhkəməsi onu CM-in yuxarıda qeyd edilən maddəsi ilə həbs edib. Hüquq müdafiə təşkilatları onun adını siyasi məhbuslar siyahısına salıb. Yerli hüquq müdafiəçiləri hesab edirlər ki, jurnalist rayonda hüquq pozuntuları haqqında tənqidi məqalələrinə görə həbs edilib. Cəlilabad rayon icra hakimiyyəti şərh vermir.

TURAN İA

10:59