Aksiyaçı köçkün azadlığa buraxılmadı

 

Bakı Apellyasiya Məhkəməsi Biləsuvardakı etiraz aksiyasında saxlanılan məcburi köçkünlərdən Cəlal Quliyevin şikayətini rədd edib. O, həbs müddətinin artırılmasının qanunsuz olduğunu iddia edirdi. C.Quliyevin şikayətinə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılıb.

 

Onun vəkili Elçin Sadıqov məhkəmədəki çıxışında həm C.Quliyevin, həm də həmin işə görə, saxlanan digər məcburi köçkünlərin əsassız həbs edildiyini bildirib. Bundan başqa vəkil həbs müddətinin heç bir əsaslandırma olmadan uzadıldığını deyib.

“Qanuna görə, ibtidai həbs müddətinin uzadılmasından ötrü 4 səbəbdən biri mövcud olmalıdır. Həbs müddətini artırmaqdan ötrü şəxsin gizlənmə, iş üzrə həqiqətin aşkara çıxarılması prosesinə mane olma təhlükəsi real sayılmalıdır. Eyni zamanda, şəxsin yeni cinayətlər törətməsinin qarşısını almaq və ya ictimai asayişi qorumaq zərurəti mövcud olmalıdır. Nəsimi rayon Məhkəməsi C.Quliyevin həbs müddətini artırarkən bu əsasların olub - olmadığını araşdırmayıb”, deyən vəkil rayon məhkəməsinin qərarının ləğvini tələb edib. Vəkilin tələbi təmin edilməyib. Cəbrayıllı məcburi köçkün həbsdə qalıb.

E.Sadıqov məhkəmədən sonra AzadlıqRadiosu-na deyib ki, qərarı qanunsuz hesab edirlər.

3 məhbusun müdafiəsiz qalması...
 

“Avropa İnsan Hüquqları Məhkəməsinə gedəcəyik”, deyən vəkil C.Quliyevlə birgə həbs olunmuş digər məcburi köçkünlərdən 3-nün müdafiəsiz qaldığını bildirib. “Hadisə ilk baş verdiyində onların hamısının vəkilliyini öz üzərimə götürmüşdüm. Təəssüflər olsun ki, prokurorluq buna imkan vermədi, mən yalnız C.Quliyevə vəkillik edəsi oldum. Zaur Fehruzlunun, Ülvi Quliyevin və İlkin İsgəndərovun müdafiəsi isə dövlət hesabına təyin edilən vəkillərin öhdəsində qalıb. Bildiyimə görə, onlar da həbs müddətlərinin artırılmasından şikayət etmək istəyiblər. Ancaq həmin vəkillər apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməyiblər”, vəkil bildirib...

XATIRLATMA

 

Ötən il dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirmişdilər. Köçkünlər bildirirdilər ki, qəsəbələrdə qaz olmadığından elektrik kəsiləndə çıxılmaz duruma düşürlər. Aksiyanın ardınca - dekabrın 23-də etirazlarda iştirak edənlərdən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanmışdılar. Onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürülüb. Dekabrın 24-də isə daha iki köçkünə Ülvi Quliyev və İlkin İsgəndərova eyni ittihamlar verilib. Saxlanan şəxslər barəsində məhkəməyə qədər həbs qərarı çıxarılıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ayın əvvəlində həmin qəsəbələrə qaz çəkildiyini bildirdi.

 

Azadliq.org

 

06:18