AKADEMİK — ARİF PAŞAYEV ...

Zamanın sınağından uğuela çıxan insanlar az olur. Onların ömür yolu təkcə şəxsi taleyin hekayəsi deyil ; həm də bir xalqın elmə, biliyə və gələcəyə inamının rəmzinə çevrilir. Bu gün 92 illik şərəfli ömür yolunu qeyd edən  Akademik --  Arif Paşayev məhz belə şəxsiyyətlərdəndir. 

  Onun həyat kitabının hər səhifəsi zəhmət, məsuliyyət və yüksək mənəvi dəyərlərlə yazılmışdır.
  Bakıda ziyalı ailəsində dünyaya göz açan Arif müəllim gənclik illərindən elmi düşüncəyə, dəqiqliyə və axtarış ruhuna sadiq qalmışdır.
  Odessa Elektrotexnika Rabitə İnstitutunda radiofizika ixtisası üzrə aldığı təhsil ,  onun gələcək elmi yolunun bünövrəsini qoydu. Sonralar Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda başladığı fəaliyyət isə artıq gənc alimin böyük elm dünyasına inamlı addımı idi. Elmi axtarış onun üçün sadəcə peşə deyildi ; bu, düşüncə tərzi idi.
 Yarımkeçirici materialların parametrlərinin kontaktsız ölçülməsi üçün yaradılan cihazlar, istehsalatda tətbiq olunan yeni texnologiyalar və mühəndislik həlləri -- Arif Paşayevin adını yalnız Azərbaycanda deyil, beynəlxalq elmi çevrələrdə də tanıtdı. Alimin ideyaları müxtəlif sənaye sahələrində — maşınqayırmadan gəmiqayırmaya, hətta müdafiə sənayesinə qədər geniş tətbiq olundu. 
   Bu nailiyyətlər sübut edirdi ki, böyük elmi uğurlar yalnız nəzəriyyədən deyil, praktik tətbiq nəticəsində təsdiq olunur. 
  1960–1964-cü illərdə Moskvada aspirantura dövründə qazandığı təcrübə onun elmi baxışlarını daha da zənginləşdirdi. Namizədlik dissertasiyası isə elmdə yeni istiqamətlərin açılmasına xidmət edən ciddi araşdırma idi. 
  Arif müəllimin elmi işlərində bir cəhət xüsusilə diqqət çəkir: o, hər zaman gələcək texnologiyanı düşünərək , bu günün elmi ilə sabahın tələbatı arasında körpü qurmağa çalışırdı.
   Arif Paşayevin fəaliyyəti yalnız elmi  laboratoriya ilə məhdudlaşmadı. Onun böyük təşkilatçılıq qabiliyyəti Azərbaycan aviasiya təhsilinin inkişafında xüsusi mərhələ yaratdı. Milli Aviasiya Akademiyasının rəhbəri kimi o, təhsil ocağını müasir dünya standartlarına uyğunlaşdırmaq üçün geniş islahatlar həyata keçirdi. Akademiyada elmi-pedaqoji mühitin gücləndirilməsi, yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması və yeni infrastrukturun qurulması Arif müəllimin uzaqgörən yanaşmasının nəticəsi idi. 
  Bu gün həmin akademiyanın beynəlxalq aviasiya təhsil sistemində tanınması onun zəhmətinin canlı sübutudur.
  Arif Paşayev haqqında danışarkən onu tanıyanların dilində daim eyni sözlər səslənir: qayğıkeş rəhbər, səmimi insan, gənclərə yol göstərən müəllim. 
  O, elmi uğurları ilə yanaşı, insanlara münasibətdə göstərdiyi sadəlik və alicənablıqla da seçilir. Gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi, elmə bağlılığı və milli dəyərlərə sədaqəti onun fəaliyyətində həmişə ön planda olub.
 Arif müəllimin ailə dəyərlərinə bağlılığı da diqqətəlayiqdir. Ailəsinin mənəvi dayağı kimi tanınan Arif müəllim, xatirəsi daim hörmətlə anılan Aida xanımla birlikdə övladlarını yüksək mədəniyyət və ziyalılıq ruhunda böyütmüşdür. 
  Bu mənəvi zənginlik, əslində, böyük bir ziyalı nəslinin davamı kimi formalaşmış həyat fəlsəfəsinin təzahürüdür.
Arif Paşayevin adı müxtəlif elmi əsərlər, patentlər və beynəlxalq layihələrlə bağlıdır. Qaz turbinlərinin soyutma sxemlərindən tutmuş aviasiya diaqnostikası sistemlərinə qədər bir çox mühüm sahədə onun imzası var. 
  Bu işlər yalnız texniki nailiyyət deyil ;  həm də Azərbaycanın elmi potensialının dünyaya təqdimatıdır. Dövlət tərəfindən verilən yüksək mükafatlar — “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri və digər fəxri adlar — onun ömür yoluna verilən rəsmi qiymət olsa da, ən böyük mükafat xalqın sevgisi və hörmətidir.
Bu gün 92 yaşını qeyd edən akademik Arif Paşayevin həyatı bir daha sübut edir ki, elmə sədaqət, xalqa xidmət və mənəvi bütövlük insanı əbədiləşdirən əsas dəyərlərdir. Onun ömür yolu gənc nəsillər üçün bir məktəbdir — zəhmətin, məsuliyyətin və vicdanlı xidmətin məktəbi. 
  Xüsusi vurğulamaq lazımdır ki : Akademik Arif Paşayev, Azərbaycanın sevimli yazıçısı, böyük mütəfəkkir və pedaqoq Mir Cəlal Paşayevin oğludur. Vətənə sədaqətlə xidmət ruhu ona ata ocağından, ailə ənənəsindən miras qalmış və bu ruh ömrü boyu onun fəaliyyətinin əsas mayasına çevrilmişdir.

Müəllif : Qəvami Sadıqbəyli.

Xudaferin.eu

14:17