“Ailə Tv”, “ATV Plyus”, “KATV” və digər kanallar imdad edir

Ölkəni bürüyən bahalaşma dalğası bütün sahələri əhatə etməkdədir. Son xəbər ondan ibarətdir ki, kabel televiziyaları da aylıq abunə haqqını artırmağa hazırlaşır. Məlumata görə, kabel televiziyaları da böhranla ayaqlaşmaq qərarı verməkdədir. Hazırda “Ailə Tv”, “ATV Plyus”, “Connect tv”, “KATV” və digər kabel televiziyaları aylıq ödəniş xidmətinin pulunu artırmağı nəzərdə tutur. Onlar bunu ölkədəki iqtisadi vəziyyətlə əlaqələndirir.  Xərclərin artması, işçilərin əmək haqlarının ödənilməsi, texniki məsrəfin çoxalması aylıq abunə pulunun qaldırılmasını şərtləndirib. Amma kabel televiziya şirkətləri nəzərə almır ki, insanların sosial şəraiti ağırlaşır.

Ötən il sözügedən operatorlar aylıq haqqı 9 manatdan 10 manata qaldırdı. Yanvardan isə yeni tariflər müəyyənləşdirilir. Gələn məlumatlarda deyilir ki, “Ailə Tv”, “ATV Plyus”, “Connect tv”, “KATV” 11 manata qaldırmağı planlaşdırır. Hələ ötən qiymətləri qaldıran Ailə TV idi. Şirkətin rəsmi açıqlamasında bildirilirdi ki, baza paketində tarif dəyişikliyinə səbəb, ilk növbədə, məzmunlu və daha keyfiyyətli televiziya yayımın təmin olunmasıdır. İddia olunur ki, tarif dəyişikliyi ilə yanaşı kabel televiziyası xidmətlərinin keyfiyyətinin artırılması və yüksək keyfiyyətli yayımın təmin olunması gündəmdədir. Amma qiymət artsa da, heç bir keyfiyyət və ya kanal sayı artmadı. Poçt, aylıq telefon abunəsi, internet və mobil telefon tariflərinin də məbləğində artım əhalinin cibinə növbəti dəfə girmək, soyğunçuluq etmək olacaq. Nazirlik Tarif Şurasına müraciətində bu xidmətlər üzrə bahalaşmaya gedilməsini istəyir. Hazırda rabitə tariflərinə yenidən baxılması prosesi gedir. Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır. Antiböhran tədbirlərinin ləng getməsi nəticəsində iri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir. Böhranın dərinləşməsi, idxal rüsumunun artması, dolların bahalaşması və alıcılıq qabiliyyətinin aşağı düşməsi sahibkarların belini sındırıb. İlin sonu yaxınlaşdıqca gedişat daha da pisləşir. Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.

Xudaferin.eu

16:48