Ahıska Türklərinin stalnizm deportasiyasından 73 il keçir

 

Noyabrın 14-də İkinci Dünya Savaşı dövründə Ahıska Türklərinin qanlı sovet rejimi tərəfindən Gürcüstandan və öz doğma yurdlarından deportasiya edilməsinin 73-cü ili tamam olur.

1944-cü ildə Sovetlər Birliyinin və bütün zamanların qatı diktatoru İosif Stalinin əmri ilə on minlərlə Türk insanı bir gecədə Türküstan (Mərkəzi Asiya) və Sibirə deportasiya edilib. Yalnız 1956-cı ildən sonra onlara SSRİ-nin digər bölgələrinə köçməyə icazə verilib. 1958-1960-cı illərdə onların bir hissəsi Azərbaycana gəlib. İkinci axın 1980-ci illərin sonunda Sovetlər Birliyi DTK (Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən idarə olunan və baş verən Fərqanə hadisələrindən sonra gəlib.
Min dəfələrlə təəssüflər olsun ki, Gürcüstan hökuməti heç bir zaman Ahıska Türklərinin toplu şəklində öz tarixi yurdlarına dönmələrinə imkan verməyibdir. Bunun başlıca  səbəblərindən də biri də süni şəkildə zamanla qabardılan saxta tarixi baxışlardır. Belə ki, gürcü alimlərinin uydurmalarına görə guya Ahıska Türkləri tarixin dərin qatlarında gürcü mənşəli olublar. Ortaçağda dönəmində isə, guya onlar Səlcuqlu, Ağqoyunlu, Qaraqoyunlu və osmanlı imperiyaları dönəmində zor gücünə türkləşdirilib və müsəlmanlaşdırılıblar. Beləliklə Ahıska bölgəsinin gürcü əhalisi indiyə kimi bu tarixi bəlanı yaşamaq zorunda qalıblar. Əgər onlar Gürcüstana köçmək istəyirlərsə, o zaman gürcü etnik kimliyinə dönməlidirlər. 

2002-ci ildə “Şəhrayı İnqilab” dönəmindən sonra, Gürcüstan tarixində ilk dəfə gerçək demokratik düzən yarandıqdan sonra, Ahıska Türklərinin vətənə dönmələrinə böyük inam yarandı. Hətta 2007-ci ildə Gürcüstan parlamenti Ahıska Türklərinin repatriasiyası haqqında qanun qəbul etdi. Ancaq qayıdış cəhdləri kağız bürokratiyası və repatriantın türk olduğunu sübut edən sənədlər üzərində qalıb. Sözügedən proqram 2008-ci il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək qüvvədə olub. Həm də Ahıska Türklərinə onların tarixi torpaqları olan Ahıska (indi bu tarixi Türk torpaqları gürcüləşdirilərək Samtse-Cavaxetiya adlanır) deyil, bütövlükdə Gürcüstanda yerləşmək imkan yaradılırdı. Geri qayıdanlar öz hesabına ev almalı idi. 2008-2009-cu illərdə Azərbaycandan 13 286 Ahıska Türkü ailəsi Gürcüstana qayıtmaq haqda müraciət edib. Ancaq 5428 ailənin ərizəsi qəbul edilib. Yalnız 1800 nəfər repatriant statusunu alıb.
Bu gün dünyada repressiya siyasətinin qurbanı olmuş tək Ahıska Türkləridirlər ki, bir neçə uluslararası qanunlar qəbul edilsə də, hələ də onların bir toplum olaraq yurdlarına dönmələri məsələsində Gürcüstan dövləti onlara qarşı minbir problemlər yaratmaqda davam edir.

Xudaferin.eu

 

10:45