Ağdamda eramızdan əvvəl XII-XI əsrlərə aid at fiquru tapılıb

Ağdam rayonunun Üçoğlan kəndi ərazisində eradan əvvəl XII-XI əsirlərə aid Sarıçoban kurqanı yaxınlığında at fiquru aşkar edilib. Maddi-mədəniyyət nümunəsini Ağdamkənd kəndindən məcburi köçkün Şahmar Ələsgərov quyu qazarkən tapıb.

Şahmar Ələsgərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, çəkisi 1,5 kiloqram olan at fiquru torpağın 6 metr dərinliyində aşkarlanıb. At fiquru çıxarılan zaman bir neçə yerindən qırıldığı üçün lentlə bağlanıb. Sakinlər tərəfindən ərazidən indiyədək müxtəlif qablar və sikkələr də tapılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasının rəisi, professor Hidayət Cəfərovun dediyinə görə, Sarıçoban kurqanında hələ 1986-cı ildə arxeoloji tədqiqatlar aparılıb. Sarıçoban abidəsi Tərtər rayonundakı Borsunlu və Bəyimsarov kurqanlarından sonra Azərbaycanda üçüncü tayfa başçısı kurqanıdır. Hündürlüyü 5 metr, diametri 45–50 metr olan konusvari torpaq kurqan qeyri-adi quruluşu ilə indiyədək məlum olan abidələrdən tamamilə fərqlənir. Kameranın mərkəzi hissəsində, tunc lövhələrlə bəzədilmiş taxt üzərində tayfa başçısı dəfn olunub. Qərb və şimal kameralarında isə onun silah daşıyanı və şəxsi mühafizəçisi bükülü vəziyyətdə basdırılıb. Tayfa başçısının ətrafında və başqa kameralarda 16 at skeletinin qalıqları aşkar edilib ki, onlardan yeddisi cilovlanmış halda qalıb.

Sarıçoban kurqanından xeyli maddi-mədəniyyət nümunələri - 100-dən artıq ox ucu, onlarla bəzək nümunələri, xəncər, qılınc, nizə ucu və sair aşkar edilib. Burada tapılan müxtəlif tipli at cilovları da maraq doğurur. Ön Asiyada eradan əvvəl II minilliyin sonlarında geniş yayılmış at əsləhəsi tipinə aid olan bu cilovlar mükəmməlliyi ilə fərqlənir. Cilovlar qantarğalıdır. Dörd at başı fiquru ilə bəzədilmiş bir cilov xüsusilə seçilir. Atların boynu nazik, uzun, kiçik qulaqları dikdir. Bu xüsusiyyətlər yalnız təmizqanlı atlara məxsus olur. Bu baxımdan Sarıçoban atlarının diqqətlə araşdırılması Qarabağ atlarının tarixi mənşəyini də aydınlaşdırmağa yeni imkanlar aça bilər.

Aşkar edilən əşyalar Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Muzeyin direktoru Ülvi Qədirov bildirib ki, 1962-ci ildə yaradılmış və 2500-dən artıq eksponatın sərgiləndiyi Ağdam Tarix-Diyarşünaslıq Muzeyi Ağdam şəhərinin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı məhv edilib. 2001-ci ildə yerli əhalinin köməyi ilə rayonun işğal edilməmiş ərazilərindən yenidən toplanan, bərpa edilən, həmçinin arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət nümunələrinin hesabına muzey yenidən fəaliyyətə başlayıb. Hazırda Qaradağlı kənd Mədəniyyət Evinin binasında fəaliyyət göstərən muzeydə 1200-dən artıq eksponat sərgilənir. Yeni aşkar edilən at fiquru da muzeydə öz yerini tapacaq və ziyarətçilərin marağına səbəb olacaq.

AZƏRTAC

19:19