Ağdaban faciəsi – 8 aprel 1992-ci il tarixdə?

Ağdaban faciəsi – 8 aprel 1992-ci il tarixdə? Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş dəhşətli soyqırımı hadisəsidir. Erməni separatçıları tərəfindən törədilmiş bu qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, ümumilikdə 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır...
    1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər Ağdaban kəndi yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlardan atəş açmağa başladılar. Erməni silahlıları planlı surətdə hərəkət edirdilər. Evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək... – əvvəlcədən müəyyənləşdirilmişdi. Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə ermənilər hücum etdi...
      Ağdaban qırğınının səhəri günü – aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı. “Kəlbəcərin müdafiəsinə fövqəladə yardım komitəsi” yaradıldı. Qısa müddət ərzində yaradılan Komitə xeyli tədbirlər həyata keçirdi. Yeni qurulmuş orduya kömək bir qədər artırıldı. Əhalidə müdafiə olunacağına ümid yarandı. Rayon əhalisinin ciddi təkidi ilə Kəlbəcərə göndərilən polkovnik Zaur Rzayev briqada komandiri və hərbi komendant təyin edildi...
     Bəli, 8 aprel 1992-ci il tarixində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı qüvvələri tərəfindən tamamilə yandırılmış, kəndin 779 nəfər sakininə işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90 – 100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Onlarla tarixi, memarlıq və mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılmış, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunmuş və məhv edilmişdir. Faciə zamanı Azərbaycanın klassik aşıq şeirinin ustadlarından biri Aşıq Qurban və onun oğlu, ifaçı və yaradıcı aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları yandırılmış və talan olunmuşdur...

Кямран Рустамов

Xudaferin.eu

10:15