Ağ Evdə “İranın bölünməsi planı”

 

Yaxın Şərqdə yerləşən 6 ölkənin parçalanaraq yerində kiçik 14 dövlətin yaradılması nəzərdə tutulur. Ötən sayımızda bu barədə “Nyu-York Times”ın yazdığı məlumatı dərc etmişdik. Məqalədə Yəmən, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Liviya kimi ölkələrin parçalanacağı qeyd edilir. ABŞ tərəfindən hazırlanmış “Böyük Yaxın Şərq” layihəsinə əsasən Fars Körfəzindən İraq və Suriyaya uzanan xətt boyu yerləşən bölgələrdə məzhəb qarşıdurmalarının başladılacağı və bir çox ölkənin əraziləri işğal edilərək yeni dövlətlər qurulacağı bildirilir.

İsrailin Livanda “Hizbullah” hərəkatının nəzarətində olan əraziləri ələ keçirmək üçün müharibəyə hazırlaşdığı da həmin məlumatda qeyd edilir. Mənbə yazır ki, planda Səudiyyə Ərəbistanının dörd dövlətə bölünməsi nəzərdə tutulur. Tayfalar arasında vətəndaş müharibəsi meydanına çevrilmiş Liviyanın ərazisində isə 3 cırtdan dövlətin təşkil olunacağı xəbər verilir. Yəmənin iki hissəyə-Şimali və Cənubi Yəmənə bölünəcəyi deyilir. İraqın şimalındakı kürd muxtariyyəti və Suriyanın şərqindəki kürdlər yaşayan bölgələrin vahid dövlətdə birləşdirilməsi, İranın sünni və şiə icmalarının ayrı-ayrı dövlətlərə ayrılması planlaşdırlıır.

Məqalədə İranla bağlı konkret məlumat verilməsə də, Yaxın Şərqdə başlana biləcək parçalanma prosesinin bu ölkəyə təsirsiz qalmayacağı ehtimal olunur. Sentyabr ayında şimali İraqda müstəqil kürd dövlətinin elan edilməsinə rəsmi Tehran kəskin reaksiya verməklə bölgədə kiçik dövlətlərin yaradılmasını İranın milli təhlükəsizliyi üçün təhdid hesab etdiyini göstərdi. İran çoxmillətli ölkədir. Əhalinin böyük əksəriyyəti Azərbaycan türkləridir. Bundan başqa, İranda bəlluclar, kürdlər, ərəblər və digər etnoslar yaşayır. Müstəqil kürd dövlətinin yaradlması planına İranın qərbində yaşayan kürdlərin də ayrılaraq İraqdakı soydaşlarına birləşdirilməsi daxildir. Ona görə də İran kürd separatizminin qarşısını almaq üçün İraq hökumətinə Türkiyə ilə birlikdə hərbi dəstək verir. Lakin İranın şərqində yaşayan bəluclar da Pakistanla həmsərhəd ərazilərdə sünni dövlətinin qurulmasına çalışır. Əgər İranın parçalanması planı işə salınarsa, təbii ki, bu ölkədə yaşayan Azərbaycan türkləri də prosesdən kənarda qalmayacaq. Ancaq İranın bölünüb-bölünməməsi beynəlxalq siyasi şəraitdən, o cümlədən, Orta Şərqdə marağı olan supergüclərin planlarından da çox asılıdır.

Sözügedən məsələni şərh edən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Yaxın Şərqdə yeni dövlətlərin əmələ gəlməsi prosesi artıq başlayıb. İraqın 2005-ci ildə qəbul olunmuş konstitusiyasına əsasən, ölkənin şimalındakı kürdlərə muxtariyyət verilib. Analoji hadisələrin Suriyada da baş verəcəyi gözlənilir: “Səudiyyə Ərəbistanının yerində üç dəfə dövlət yaradılmasına cəhd olunub. Səudiyyə Krallığı dördüncü dövlətdir. Ərəbistan yarımadası Yəmən, Oman, Qətər və Səudiyyə Ərəbistanı yaradılmazdan əvvəl bütövlükdə Ərəbistan dövləti adlanırdı. Sonradan geosiyasi proseslərin gedişi, maraqlar bölgədə həmin dövlətlərin meydana çıxması ilə nəticələndi. İndi isə hadisələr fərqli istiqamətdə hərəkət edir. Məsələn, Sudanda iki dövlət yaradılıb-Cənubi və Şimali Sudan. XX əsrin əvvəlində Sudanın Misirə birləşdirilməsi ideyası var idi. Amma XXI əsrin əvvəlində Sudan iki hissəyə ayrıldı. Ehtimal olunurdu ki, Misir də parçalansın. Misir xristianları qibtilər ayrılaraq müstəqil dövlət yaratsın. Bundan başqa, Liviya ərazisində yeni dövlətlərin ayrılması ehtimalı az deyil. Çünki Liviya dövləti 32 tayfadan təşkil olunub. Ərəb coğrafiyasında yeni milli dövlətlərin yaradılması həmin ölkələrdə diktatura rejimlərinin mövcud olması ilə bağlıdır. Liviyada, Misirdə, Suriyada baş verən parçalanma və vətəndaş qarşıdurmasının səbəbləri avtoritar rejimlərin mövcud olması idi. Səudiyyə Ərəbistanında milli, dini, iqtisadi, social problemlər həll olunmayıb. Əgər islahat aparılmasa, Səudiyyə Ərəbistanı kiçik dövlətlərə bölünə bilər. İraqda və Suriyada artıq bu prosesin həyata keçirilməsinə cəhd olunur. ABŞ prezidenti Donald Tramp artıq Yaxın və Orta Şərqdə xristianların haqlarının müdafiəsi təşəbbüsü ilə çıxış edib. O, bildirib ki, biz Yaxın və Orta Şərqdəki dindaşlarımızı müdafiə etməliyik. Tramp “dindaş” dedikdə Suriyada yaşayan erməniləri, yaxud digər ölkələrdəki xristian ərəbləri də nəzərdə tutur. Türkiyəyə gəldikdə isə bu ölkə NATO üzvü olduğuna görə və ABŞ-ın strateji müttəfiqi kimi ərazi bütövlüyünə təminat yarada bilib. Lakin bu zəmanət də müvəqqətidir. Çünki qərblilər öz müttəfiqlərini dəfələrlə satıblar. Məsələn, Birinci Dünya Müharibəsində Osmanlı İmperiyasını parçaladılar və yerində müstəqil dövlətlər yaratdılar. Amma ABŞ-ın planlarında İranın parçalanmasından söhbət getmir. İranda hakim siyasi rejimin dəyişdirilməsi nəzərdə tutulur. Məsələn, 1943-ci ildə keçirilmiş Tehran konfransı imzalanıb. “Atlantik” xartiyasında nəzərdə tutulurdu ki, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra bütün xalqlara azadlıq veriləcək. Həqiqətən də, müharibə başa çatdıqdan sonra dünyanın müstəmləkə ərazilərində Hindistan, Pakistan, Banqladeş, Səudiyyə Ərəbistanı kimi bir çox yeni müstəqil dövlətlər əmələ gəldi. Amma İranla bağlı məsələdə bunun qarşısı alındı. 1945-1946-cı illərdə Güney Azərbaycan milli hökuməti yaradıldı. Əhvazda ərəblər mili hökumət qurdu. Amma bunlar hamısı boğuldu. Çünki Tehran konfransında SSRİ , Böyük Britaniya və ABŞ İranın ərazi bütövlüyünün toxunulmazlığı məsələsinə imza atmışdılar. İkinci Dünya Müharibəsi başlayanda Rza şahın Məhəmmədrza ilə əvəz edilməsi İrana münasibətin başqaları ilə müqayisədə fərqli olduğunu göstərdi. Bu, Tehran Konfransında bir daha təsdiq edildi. Həmçinin 1907-ci ildə İranın nüfuz dairəsinə bölünməsi ilə bağlı çar Rusiyası ilə İngiltərə arasında anlaşma var. Bu razılaşmaya əsasən İranın cənubu Britaniyanın, şimal hissəsi isə Rusiyanın nüfuz dairəsinə aiddir. Sözügedən müqavilə deməyə əsas verir ki, perspektivdə İranın parçalanması məsələsindən daha çox rejimin dəyişdirilməsi məsələsi gündəmə gələ bilər. İran çox güclü və böyük dövlətdir. Onun parçalanması dünyada böyük əks-sədalar doğura bilər. Üstəlik, İran dövləti ölkənin bütün ərazisinə nəzarət edə bilir. Ona görə də İrana qarşı başqa vasitələrdən istifadə edilir. Məsələn, İran İslam İnqilabı Keşikçiləri Qvardiyası terrorçu təşkilat elan olunur, İranın nüvə proqramının şübhəli olması, İranın bölgədə ekstremizmi və terrorçuluğu yayması, İslam inqilabı doktrinasının qonşu ölkələrə yayılmasının qarşısının alınması kimi məsələlər rejimin devrilməsinə açar verə biləcək güclərdir. Amma İranın parçalanması perspektivdə görünmür. Əgər rejimin dəyişdirilməsi planı baş tutarsa, İran bölgədə ABŞ-ın ən yaxın müttəfiqi ola bilər”.  

Qeyd edək ki, Livanda baş nazir Səəd Həririnin istefasından sonra “Hizbullah”a qarşı genişmiqyaslı hərbi əməliyyatların başlanacağına dair informasiyalar artır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də dəstək verəcəyi bu proses İranın bölgədəki dayaqlarının məhv edilməsi ilə nəticələnə bilər. Yəni Livanda “Hizbullah”a qarşı başlanacaq əməliyyatlar İranda rejimin dəyişdirilməsinə hesablanmış addımlardan biri sayılır. Sədrəddin Soltanın qənaətinə görə, Qərb “Hizbullah”ın fəaliyyətinin qarşısını almaq üçün İrandan gələn maliyyə yardımının qarşısını almalıdır: ““Hizbullah”a dəstəyinn qarşısını almaq üçün İranın maliyyə sistemini zəiflətmək lazımdır. Livanda İranyönümlü qüvvələrin də hakimiyyətdən uzaqlaşdırılmasına ehtiyac var. Bunu etmək asan deyil. Çünki Livan hökumətinin müəyyən hissəsi “Hizbullah”ın əlindədir. Hətta bu yaxınlarda istefa vermiş baş nazir Səid Həriri belə, vəzifəyə “Hizbullah”ın razılığı ilə gəlmişdi. Suriya və İraqdakı hadisələr, Yəməndə husilərə verilən dəstək göstərdi ki, İran xaricdə elə də zəif deyil. Həmin ölkələrdə silahlanıb müqavimət göstərir. Ona görə də Livanda “Hizbullah”ın vurulması İranın vurulmasıdır. İranın Livandan çıxarılması asan deyil. Bu dünyada ciddi hadisələrə gətirib cıxara bilər. “Hizbullah”ın məhv edilməsi İranda hakimiyyətin dəyişməsinə təsir göstərər. Amma ən münasib yol İrana qarşı sanksiyaları gücləndirmək, iqtisadiyyatını çökdürmək lazımdır. Belə olarsa, İran nə “Hizbullah”a, nə də başqa silahlı dəstələrə yardım göstərə bilməyəcək”.
 

Müşfiq Abdulla

Cebhe.info

10:14