ADR–100: Muğan Sovet Respublikasının ləğvi və Qarabağdakı hadisələr

Oxu.Az Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Növbəti məqalə iyul 1919-cu ildə baş vermiş hadisələrə işıq salır.

Denikinin müəyyən edilmiş məsafəyə çəkilməməsi səbəbindən hökumətlə müttəfiq qüvvələrin nümayəndələri arasında münaqişələr başladı. Denikinin nümayəndəsi general Erdeli Azərbaycanı tərk etmək məcburiyyətində qaldı.

Ermənistanda müsəlmanlara qarşı zorakılıqlara görə ilk nota Britaniya qüvvələrinin Tiflisdəki komandirinə göndərildi. İkinci nota isə sərhəd kəndlərinin atəşə tutulması ilə əlaqədar Ermənistanın Azərbaycandakı nümayəndəsinə çatdırıldı.

Bununla yanaşı, Yelenendorf koloniyanın yaradılmasının 100 illiyini qeyd etdi. Başqa koloniyadan olan almanlar Qafqaza gəldi. Məsələn, Yekaterinburqun Maarifçilik Cəmiyyəti məlumat yaydı:

“Bütün ürəyimizlə Zaqafqaziya müstəmləkələrinin mövcudluğunun ildönümünü qeyd edirik. Ümid edirik ki, ikinci yüzillikdə də müstəqilliyimizi qoruyacağıq”.

Yubiley mərasimi ilə bağlı reportaj Tiflisdə nəşr olunan “Kaukasische Post” alman qəzetində yayımlandı.

Yelenendorf yüzilliyini qeyd etdiyi zamanda Muğanda döyüşlər gedirdi. Hərb Nazirliyinin iyulun 7-də yaydığı məlumata görə, Lənkəranda bolşeviklərin 1200-1500 nəfərlik ordusu vardı. Onların çoxu rus və ermənilərdən təşkil olunmuşdu. Bolşeviklərin Lənkəranda cəmi dörd topu vardı. Onların hərbi təşkilatçılığı zəif olsa da, zabit təlimatçıları kifayət qədər idi”.

Qeyd edilirdi ki, Muğanda anti-bolşevik qüvvələr də var. Bolşeviklərin mərkəzi Prişib kəndi idi. Hərb Nazirliyi Muğan Sovet Respublikasının tədricən ləğvi ilə bağlı qərar qəbul etdi.

İyulun ortalarında Salyan və Astara istiqamətindən hücuma başladılar. İyulun 23-də hərb naziri Səməd bəy Mehmandarov Lənkəran qəzasının sakinlərinə müraciət etdi. O müraciətində bildirirdi:

“Azərbaycan Respublikasının razılığı ilə vətəndaş müharibəsini sona çatdırmaq, sabitliyi bərpa etmək, sizi təcavüzkarlardan xilas etmək üçün Lənkəran qəzasına qoşun göndərirəm”.

Müraciətdə qeyd edilirdi ki, Lənkəran qəzası yalnız Azərbaycan Respublikasının hakimiyyətini tanıyacaq.

Bolşeviklər eyni vaxtda bir neçə cəbhədə döyüşməli olurdular. Astarada desantlar yerli sakinlərin köməyilə yerə endilər. Astraxanovk kəndində Sovet hakimiyyətinə qarşı alternativ qurultay keçirildi.

İyulun 28-I, səhər saatlarında bolşeviklər Lənkərandan çıxmalı oldular. Döyüşlərdə hərbi dəstələrin komandiri Otradnev öldürüldü. Sara adasına təxliyyə olunma ilə bağlı qərar qəbul edildi.

Şahsevən dəstələri hücuma keçdilər. Nəticədə regionda qəribə vəziyyət yarandı. Yerli sakinlər kimə tabe olmaqla bağlı qərar verə bilmirdilər. Bununla belə, regionda sovet hakimiyyəti sona çatdı. Onlar Sara adasında iki həftə qala bildi. Yerli əhali isə Azərbaycan hökumətinə tabe oldu.

Hökumət tərəfindən xarici ticarət qaydaları təsdiqlədikdən sonra parlament Ağstafanın Poylu stansiyasında sərhəd məntəqəsi yaratmaqla bağlı qərar qəbul etdi.

Ölkənin həyatında ən mühüm siyasi hadisə də parlamentlə bağlı idi.

İyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Parlamentin təsis edilməsi haqqında əsasnamədə bildirilirdi ki, Milli Məclisə seçkilərlə bağlı hazırlıq məqsədilə parlament müvəqqəti olaraq qanunverici orqan olacaq.

Doğrudur, buna qədər Ermənistan və Gürcüstanda seçkilər keçirilmişdi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Bundan başqa, seçkilərdə 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi.

Bəzi istisnalar vardı. Belə ki, hərbçilər seçə yox, seçilə bilərdilər. Eyni zamanda, inzibati vəzifələr tutan şəxslər seçilə bilməzdilər. Onların yalnız seçmək hüququ vardı. Bundan başqa, dəlilər, karlar və qəyyum altında olanlar səs verə bilməzdilər.

Həbsdə olanlar və fərarilər də səsvermə hüququndan məhrum idilər. Seçkilərdə iştirak etmək üçün azı 100 imza toplamaq vacib idi. Qanunda yalan informasiyalar  və kiminsə təbliğat kampaniyasını korlayanlara cəzalar nəzərdə tutulurdu.

Qanunlarla yanaşı, parlament araşdırmalarla məşğul idi. İyunun əvvəllərində Qarabağda bütün medianın diqqətini çəkən hadisələr baş verdi. Hər gün bu hadisələrlə bağlı yerli media orqanlarında yazılar dərc edilirdi. Bu məsələ ilə bağlı Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov aktiv şəkildə çıxış edirdi.

Parlament regiona xüsusi nümayəndə heyəti göndərmək qərarına gəldi. İyulun 7-də nümayəndə heyəti parlamentdə bəyanatla çıxış etdi. Nümayəndə heyətində iki müsəlman (Q.Qarabəyov və Ş.Rustəmbəyov) və iki erməni (Çubaryan və Xocayev) vardı.

Münaqişələr yalnız nümayəndə heyətinin tərkibində deyil, çıxışlar zamanı da baş verirdi. Belə ki, Qarabəyov azərbaycanlı deputatların mövqeyindən fərqli olaraq, rus dilində çıxış etməyi təklif etdi ki, ermənilər də başa düşsünlər və mövqelərini çatdırsınlar.

Rüstəmbəyov isə buna qarşı çıxdı. Buna baxmayaraq, səsvermənin nəticələrinə görə, rus dilində çıxış etməyə icazə verildi. Qarabəyov hesabatında bildirdi ki, ermənilərin təxribatına baxmayaraq (7-9 insanın öldürülməsi, qarət və sair), X.Sultanov onlara cavab verməməklə bağlı əmr vermişdi.

Ermənistan Milli Məclisi bəzi erməni əyalətlərini idarə edə bilmirdi. Bu bölgələr quldur dəstələri tərəfindən hücuma və qarətə məruz qalırdılar. Vəziyyət gərgin olaraq qalırdı. Mayın sonunda əhali köçməyə başladı və X.Sultanov köçkünlərin müşahidə və təhlükəsizliyini təmin etmək məqsədilə silahlı postlar qurdu.

Şuşada mövqelərin gücləndirilməsi zamanı ermənilər azərbaycanlı əsgərlərə hücum etdi. Hadisə zamanı dörd əsgər həlak oldu və bir erməni öldürüldü. Şuşada atışma iki gün davam etdi. 

Yalnız Daşaltı və Daşkənd general-qubernator tərəfindən müdafiə oluna bildi. Hadisələr başa çatdıqdan sonra Qarabağa üç minlik kürd ordusu gəldi. Ancaq onlara burada hər hansı fəaliyyətə icazə verilmədi.

Erməni nümayəndə heyəti baş verənlərin hökumət tərəfindən təşkil olunduğunu iddia edirdi. Onların sözlərinə görə, hadisələr qoşunların Qaybalıkəndi tərk etməsindən sonra da davam edirdi. Məsələ parlamentdə müzakirəyə çıxarıldı. IV iclasda parlament hökumətin hərəkətlərində səhvlərin olması ilə bağlı qərar qəbul etdi.

Müxtəlif bölgələrdə neft məhsullarından sui-istifadə hallarını araşdırmaq üçün xüsusi komissiya yaradıldı. 1919-cu il iyulun 27-də qəbul olunmuş qərara əsasən, komissiya dövlət orqanları, vəzifəli şəxslər və ictimai təşkilatlardan sübutlar istəyə bilərdi.

Təhsil sahəsi qalan bütün sahələrdən fərqlənirdi. Belə ki, “Azərbaycan” qəzeti yazırdı ki, iyulun 23-də Vəkillər Birliyinin qərarı ilə Bakıda korlar üçün məktəb açıldı.

Həmin nömrədə bildirilirdi ki, Təhsil Nazirliyi 100 tələbəni oxumaq üçün müxtəlif ölkələrə göndərmək niyyətindədir. Bunun üçün hər tələbəyə 36 min rubl xərclənməli idi. Onların yol haqqı isə beş min rubl təyin olunmuşdu. Tələbələrin təhsilini başa vurması üçün isə 4,1 milyon rubl maliyyə vəsaiti lazım idi.

Qəzetin 31 iyulda çıxan nömrəsində 51 tələbənin İsveçrəyə, 17-nin Rusiyaya, 13-nün Fransaya, dördünün Türkiyəyə, üçünün Böyük Britaniyaya, ikisinin Almaniyaya və birinin İtaliyaya göndərilməsinin planlaşdırıldığı açıqlandı.

Nazirlik tələbələr üçün Tağıyev təqaüdünün şərtlərinə uyğun şərtlər irəli sürmüşdü:

1. Tələbələrin təqaüdü 50 rubl idi. Hökumət yay aylarında gediş-gəliş xərclərini qarşılamalı idi.

2. Ali təhsili bitirdikdən sonra tələbə vətənə qayıtmalı və burada xidmət keçməli idi. 

Hərbi xidmətə gəlincə, iyulun 9-da hərbi nazirin əmri ilə nazirlik Gəncədən Bakıya köçürüldü.

Sultan Məcid Murtazəli ağa oğlu Qəniyev
(1866-1937)

Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlib. Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub.

 

Orta təhsilini Şamaxıda alıb. 1887-ci ildə Tiflisdəki İsgəndəriyyə Müəllimlər İnstitutunu bitirib. Bundan sonra müəllim işləyib. Qənizadə yaxın dostu Həbibbəy Mahmudbəyovla  birlikdə Bakıya gəlib və 1887-ci ildə “Rus-Azərbaycan məktəbi” adlı ibtidai təhsil ocağının yaradılmasına nail olub.

Həmin dönəmdə siyasi sahədə sosial-demokratları dəstəkləyib. Uzun müddət məktəb direktoru kimi fəaliyyət göstərib. Daha sonra Bakı quberniyasında və Dağıstan vilayətində xalq məktəblərinin müfəttişi olub.

1888-ci ildə Qənizadə Q. Mahmudbəyov və N.Vəliyevlə birlikdə Bakıda daimi Azərbaycan teatr qrupunu təşkil edib. Rejissorlardan biri olub. Məhz onun tamaşasında Hüseyn Ərəblinski ilk dəfə çıxış edib.

O, ədəbi fəaliyyətlə də məşğul olub. “Məktubati-Şeyda bəy Şirvani” (1898-1900) romanının, “Allah xofu” (1906) povestinin, “Qönçə xanım” dramının, “Axşam səbri xeyir olar!” (1904) komediyasının, “Dursunəli Ballıbadı” (1904), “Xor-xor” (1905) məzhəkələrinin və digər əsərlərin müəllifidir.

S.M.Qənizadə rus, gürcü və erməni dillərindəki əsərləri ana dilimizə tərcümə edib. Tərcümə sahəsində çalışarkən, 1902-ci ildə “Lüğəti-rusi və türki”, 1904-cü ildə “Azərbaycan frazeoloji lüğəti”ni tərtib edib. O, bununla bağlı cəmiyyətdə kifayət qədər böyük nüfuza malik olub.

O, uşaq dövri mətbuatının nəşri ilə bağlı cəhdlər edib. “Dəbistan” jurnalında bununla bağlı bir sıra yazılar dərc etdirib.

Parlamentə keçirilən seçkilərdə Zaqafqaziyanın deputatı kimi qələbə qazanıb. Bu zaman o, Mahmudbəyov, Tağıyev, Qarabəyov və digərləri ilə birlikdə “İttihad” partiyasını yaradıb.

O, partiyanın idarəçilərindən olub. Qənizadə Zaqafqaziya Seyminin üzvü və Azərbaycanın müstəqilliyi ilə bağlı keçirilən səsvermədə bitərəf qalan iki deputatdan biri olub.

1918-ci ilin dekabrında parlamentin deputatı seçilib.  Daha sonra sədr müavini olub. 1920-ci ildə Sovet hakimiyyətini qəbul edib. Xalq Maarif Komissarlığında sədr müavini kimi çalışıb.

1925-ci ildə Bakı Təhsil İdarəsinin müfəttişi vəzifəsinə təyin olunub. Eyni zamanda, müxtəlif təhsil müəssisələrində çalışıb.

1936-cı ildə həbs edilib, 1938-ci ilin martında güllələnmə cəzası alıb. Ölümündən sonra ona bəraət verilib.

Toğrul Maşallı

12:12