Adil Əliyev: ADA-dakı konfransda Azərbaycan Prezidenti dünyanın beyin mərkəzlərinin diqqətini Qafqazda sülh gündəliyinə çəkdi

Aprelin 29-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ADA Universitetində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı konfransda iştirakı, çıxışı və dünyanın beyin mərkəzlərinin nümayəndələrinin suallarını cavablandırması beynəlxalq ictimaiyyətə Azərbaycanın müharibədən sonrakı dövrə baxışını və gələcək planlarını ölkənin birinci şəxsinin özü tərəfindən birbaşa çatdırılması baxımından önəmli hadisə kimi qiymətləndirilməlidir. Çünki beyin mərkəzlərinin ekspertlərinin rəyləri və hazırladıqları hesabatlar dövlətlərin xarici siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində nəzərə alınır.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev ifadə edib.

Adil Əliyev bildirib ki, Prezident İlham Əliyev tədbir zamanı regionda sülh gündəliyinin yaradılması ilə bağlı məsələni xüsusi vurğuladı. Qeyd etdi ki, sülh gündəliyi Ermənistanla münasibətlərin normallaşdırılması baxımından olduqca önəmlidir. Eyni zamanda, diqqətə çatdırdı ki, belə bir gündəliyin formalaşdırılması təkcə Azərbaycan-Ermənistan münasibətlərini deyil, bütün Cənubi Qafqaz regionunu əhatə etməlidir. Azərbaycanın təklif etdiyi sülh gündəliyi, təşəbbüslər bölgədə əməkdaşlıq və inkişaf üçün yeni imkanların reallaşdırılmasını nəzərdə tutur. Artıq Ermənistan hökumətinin də sülh gündəliyini elan etməsini və müvafiq bəyanatlar verməsini Prezident İlham Əliyev olduqca müsbət addımlar kimi dəyərləndirdi. Sülh gündəliyinin yaradılması və həyata keçirilməsi ilə iqtisadi inkişaf arasındakı üzvi əlaqəni dövlətimizin başçısı lakonik və dolğun şəkildə belə ifadə etdi: “Biz sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmalıyıq ki, hər il milyardları silah alınmasına yox, iqtisadi inkişafa yönəldək”.

Milli Məclis sədrinin müavini deyib ki, sülh gündəliyi ilə bağlı çağırışlardan biri də hər iki ölkədə bu məsələyə ictimai dəstəklə əlaqədardır. Çünki münaqişə və müharibə faciələr, itkilər, dağıntılar deməkdir. Bu yaralar isə həm Ermənistan, həm də Azərbaycan cəmiyyətində hələ ki, təzədir və sağalmayıb. Bu baxımdan cəmiyyətdə sülh gündəliyini təşviq etmək və ictimai dəstək qazanmaq məsuliyyəti ölkə liderlərinin üzərinə düşür.

Prezident İlham Əliyev konfrans iştirakçılarının diqqətini sülh gündəliyinin bu aspektinə də çəkdi və bildirdi ki, strateji gələcəyimiz naminə, sülh naminə insanlarımızı inandırmalıyıq.

“Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin yüksək səviyyədə olması sülh gündəliyinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Belə ki, Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi iki ölkənin faktiki olaraq formalaşmış müttəfiqliyini rəsmiləşdirdi. Moskva Bəyannaməsi isə İkinci Qarabağ müharibəsinin başa çatdırılmasında fəal iştirak edən Rusiya ilə münasibətlərimizin inkişafını nəzərdə tutur. Bundan əlavə, digər qonşu ölkələr olan Gürcüstan və İranla münasibətlərimiz yaxşıdır. Xüsusən Azərbaycan-Gürcüstan münasibətləri Ermənistan üçün nümunə olmalıdır. Gürcüstan Azərbaycanla tərəfdaşlıq münasibətlərindən bəhrələnir, bir çox transmilli layihələrdə, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrində yaxından iştirak edir. Ermənistan isə regional layihələrdən təcrid olunub, inkişafdan geri qalıb. Halbuki, Cənubi Qafqazda sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın da inkişafı üçün zəruridir. Çünki bu, Ermənistanı silahlanmaya sərf etdiyi vəsaitləri ölkənin düşdüyü bataqlıqdan çıxmasına sərf etməyə, tam regional inkişafdan faydalanmağa kömək edər. Eləcə də Qarabağda yaşayan erməni əhalisi Azərbaycan vətəndaşları kimi daha yaxşı həyat sürmək imkanları əldə edərlər. Sülh gündəliyinin həyata keçirilməsindən imtina isə Ermənistanın düşdüyü bataqlıqdan xilas olmasını mümkünsüz edəcək”, - deyə A.Əliyev vurğulayıb.

Xudaferin.eu

16:40