Ad gününüz mübarək Doktor

Almaniyanın Nürnberg şəhərində yaşayan dəyərli ziyalımız, əziz dostum Yaqub Bəy Babaların dəvəti ilə, doktor Yaşar Bəy Musayevin 50 illik yubleyində iştirak etdik.

Yaşar Bəy Musayev kimdir?

Bu ad artıq nanotexnologiya üzrə dünyanın çox tanınmış isimlərindən biridir. Almaniyada yaşayan Yaşar Bəy Musayev dünyaca məşhur “Şefler” (Schaeffler) firmasında bölmə rəhbəri vəzifəsində çalışır. Eyni zamanda Erlangen-Nürnberg Universitetində dosent olaraq elmi işlərə rəhbərlik edir. Həmçinin Nürnberg və ətrafında yaşayan azərbaycanlıları birləşdirən “XƏZƏR Təhsil və Mədəniyyət Mərkəzi”nin təsisçilərindən biridir. Sadə, səmimi və yüksək intellekt sahibi, gözəl ailə başçısı olan Yaşar Bəy həmçinin istedadli gənclərin hamisi kimi də tanınır.

Uzun illər qiyabi olaraq tanıdığım və əldə etdiyi uğurlarına görə qürur duyduğum dəyərli eloğlumuzla əyani tanış olmaq, onun 50 illik yubileyində iştirak etmək və bu törənə qatılan tanınmış Azərbaycan, alman, yəhudi aydınlarının önündə çıxış etmək mənim üçün böyük bir şərəf oldu.

Avropada bizim elə dəyərli, aydın düşüncəli, əsil yurdsevər soydaşlarımız var ki, onların təkbaşına əldə etdikləri uğurlar və xidmətləri bir çox cəmiyyət və konqresslər, hətta Diaspor Komitəsinin fəaliyyətindən qat-qat böyükdür və onlardan daha uca zirvələrdə durur. Sadəcə belə Vətən oğullarımız adsız qəhrəmanlardırlar. Belələri Vətənə kimsəyə duydurmadan və minnət qoymadan əməlləri ilə xidmət edirlər. Belə Vətən oğlullarından biri də, doktor Yaşar Bəy Musayevdir.
 

Ad gününüz mübarək əziz və şərəfli eloğlumuz!!!

Hörmətlə: Elman Mustafazadə
“Avropa-Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, “Xudafərin” dərgisinin təsisçisi və baş redaktoru

P.S.

Şəkildə gördüyünüz bu şirin-şəkər balanın adı Validədir. Doktorun mərhum anasının adını daşıyan bu istedadlı qızcığaz Almaniyada doğulsa da, ana dilində bülbül kimi ötürdü. Atasının ad günündə isə, Azərbaycan mahnılarını elə məharətlə ifa etdi ki, hamı heyran qaldı. Heç bir rəqs təhsili görməyən balaca Vaildə milli rəqslerimizi cox kübarcasına ifa edirdi. Sanki, "Arşın mal alan"da Gülçöhrə idi... Tanrı Validə bala ilə birlikdə bütün balaları qorusun!!!

20:03