ABŞ-ın Yuta ştatının konqresi Azərbaycanla bağlı bəyanat qəbul edib

ABŞ-ın Yuta ştatının konqresi Azərbaycan Respublikası ilə bağlı bəyanat qəbul edib.

AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanın türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və qadınlara seçki hüququ verən ilk ölkə olduğu vurğulanıb. Habelə ölkəmizdə sülh şəraitində birgəyaşayışın və dinlərarası münasibətlərin ən yüksək səviyyədə təmin edildiyi, ABŞ və Yuta ştatı ilə Azərbaycan arasında sıx münasibətlərin mövcud olduğu, Azərbaycanın demokratiya və iqtisadi müxtəlifliyi təşviq etdiyi bildirilib.

Qeyd edək ki, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Yuta ştatının konqresində Senatın prezidenti Stüart Adams, Nümayəndələr Palatasının spikeri Brad Vilson və senator Maykl Makkel ilə görüşüb. Görüşlərdə ABŞ və Yuta ştatı ilə Azərbaycan arasında ikitərəfli, xüsusilə də parlamentlərarası əlaqələrin inkişafı, habelə ölkəmizin regionda artan nüfuzu, xarici siyasət prioritetləri və iqtisadiyyat sahəsində atdığı yenilikçi addımlar barədə məlumat verilib və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Senat və Nümayəndələr Palatasının sessiyalarında iştirak edən səfir konqresin hər iki palatasında 20 Yanvar faciəsi, məşum hadisənin müasir Azərbaycan tarixindəki rolu və əhəmiyyəti, habelə ölkəmiz barədə məlumat verib.
Xudaferin.eu

22:53