ABŞ və Böyük Britaniyanın masasında Bakı-İrəvan barışığı...

İki Qərb dövlətinin rəsmiləri Cənubi Qafqazda sülhü müzakirə ediblər; ekspertlərin fikrincə, əsas məqsəd Rusiyanın bölgədə inhisarına son qoymaqdır

Aprelin 11-də ABŞ dövlət katibinin müavini Vendi Şerman Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət katibi Ceyms Kleverli ilə görüşüb. “Yeni Müsavat” bildirir ki, Vaşinqtonda keçirilən görüşdə Cənubi Qafqazda sülhün və barışın bərqərarı səylərinə dəstək məqsədilə ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Dövlət Departamentinin bəyanatında deyilir ki, bu, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk birbaşa telefon danışığının olduğu vaxta təsadüf edib. “Vaşinqton çoxdan buna çağırırdı” - bəyanatda vurğulanır. C.Bayramov deyib ki, ümumilikdə erməni həmkarı ilə müzakirələr konstruktiv keçib.

“Azərbaycanın təklif etdiyi beş əsas prinsipi Ermənistanın qəbul etməsini ilk və mühüm addım hesab edirik”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, son illər Azərbaycan Ermənistanı münasibətləri normallaşdırmağa çağırır və bu istiqamətdə səy göstərir: “Bununla bağlı Azərbaycan beynəlxalq hüquqa əsaslanan və həyata keçirilməsi Ermənistan üçün də faydalı olan beş əsas prinsip təklif edib”.

Ardınca ABŞ və Britaniya rəsmilərinin müzakirə masasında Cənubi Qafqazda sülh mövzusunun olması kifayət qədər düşündürücü hadisədir. Əvvəla ona görə ki, son dövrlər Qərb Cənubi Qafqaz proseslərində xeyli dərəcədə fəallaşıb. Hiss olunur ki, təşəbbüsü ələ keçirməyə çalışırlar. O səbəbdən həm Avropa İttifaqının Azərbaycan və Ermənistan liderlərini görüşdürməsi, indi də ABŞ və Britaniya rəsmilərinin görüşündə Cənubi Qafqazın müzakirəsi deməyə əsas verir ki, bölgədəki vəziyyəti Rusiyanın inhisarından çıxarmaq səyləri göstərilir.

Avropa İttifaqı ləğv edilmiş Minsk Qrupunun yerinə bu missiyanı həyata keçirməyə cəhdlər edir, ABŞ isə ermənipərəstliyini gizlətmir, hətta Xankəndində qaz probleminə görə Dövlət Departamenti bəyanat yaymışdı. Yəni ABŞ və Qərb bölgədə sülhün olmasında maraqlı görünsələr də, balansı qoruya bilmirlər. Görəsən, doğrudanmı Güney Qafqazda sülhün olmasında maraqlıdırlar? Rusiya bu sülhyaratma missiyasına, təşəbbüsünə mane ola bilərmi?

Məşhurların övladları: Pənah Hüseynin hüquqşünas oğlu - FOTOLAR

Vaqif Hüseyn

Politoloq Vaqif Hüseynin sözlərinə görə, ABŞ və Qərb cəbhəsinin Cənubi Qafqazla bağlı fəallaşmasının iki səbəbi var - Rusiyanın inhisarçılığına son qoymaq və regionda dayanıqlı sülh əldə etmək. “Qərb üçün hər bir regionda dayanıqlı sülh, beynəlxalq düzənə oturmuş dövlətlərin olması vacibdir. Ona görə Qərblə Rusiyanın bölgələrə baxışı bu məsələdə fərqlənir. Rusiyaya parçalanma, separatizm, gərginlik lazımdırsa, Qərb sabitliyin tərəfdarıdır. Çünki Avropa və Amerika üçün ayrı-ayrı dövlətlərdə yox, ümumilikdə bölgədə sülh lazımdır”, - deyə siyasi şərhçi qeyd etdi. Onun fikrincə, ABŞ üçün hər bir sabit bölgə iqtisadi imkanlar sərmayə qoymaq deməkdir: “Onlar investisiyanı sabitlik olan yerlərə qoyurlar, Rusiya üçün belə fərq yoxdur”.

V.Hüseyn hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi gec-tez imzalanmalıdır: “Artıq Paşinyan etiraflar etməyə başlayıb. Onun Brüssel görüşlərindən çıxardığı nəticələr, Rusiyadan aldığı mesajlar belə qənaət formalaşdırıb ki, bu məsələ yoluna qoyulmalıdır, başqa çarə qalmayıb. Ermənistan bundan sonra nə müharibə etməyə hazırdır, nə Qarabağa iddia edə bilər. Paşinyan son çıxışlarında nə status mövzusunu dilə gətirib, nə Minsk Qrupu söyləyib, tamamilə reallıqla barışmaq üzrədir. Çünki özünün dediyi kimi, beynəlxalq ictimaiyyət ermənilərə kömək etmək istəyir, amma beynəlxalq hüquq Azərbaycanın yanındadır. Yalnız regiondakı separatizm problemini həll etməliyik”.

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, ABŞ və Böyük Britaniya rəsmilərinin görüşündə həm Cənubi Qafqaz, həm Ukrayna müzakirə olunub: “Hazırda Rusiya haradadırsa, Qərb də həmin yerlərdədir. Rus ordusu Qarabağda sülhməramlı missiyanı üzərinə götürüb, Ukraynada isə şəhərləri bombalayır. O baxımdan tərəflərin hər iki regionu müzakirə etməsi normaldır. Əgər Suriyada, Liviyada, yaxud Yaxın Şərqin başqa ərazilərində Rusiyanın mövcudluğu, fəallığı müşahidə edilsə, Amerika, Britaniya həmin coğrafiyalara nüfuz etməyə çalışacaq”.

Siyasi təhlilçinin sözlərinə görə, Qərb ölkələri regionda sabitliyin olmasında maraqlıdır: “Azərbaycanla Avropa və Amerika arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq mövcuddur. Bu baxımdan onlar bölgənin sakit olmasını istəyirlər. Eyni zamanda Qərb çalışır ki, Rusiyasız danışıqlar aparılsın, Moskvanın iştirakı olmadan hansısa razılaşmalar əldə edilsin. Əlbəttə, Kreml Avropanın vasitəsilə keçirilən görüşlərə görə narahat olur. Xüsusən də Ukrayna müharibəsindən sonra Qərblə Rusiyanın münasibətləri düşmənçilik həddinə çatıb. Odur ki, Amerika və Avropanın Cənubi Qafqazdakı proseslərə təsirlərini azaltmağa çalışacaq”.

Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə bu məsələ müzakirə edilib və tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.

Emil SALAMOĞLU,

Xudaferin.eu

10:05