ABŞ və Almaniya Rusiyanı hərbi cinayətlərdə ittiham etdi

BMT Təhlükəsizlik Şurasının Hələbdəki vəziyyətlə bağlı iclasında ABŞ-nın qurumdakı daimi nümayəndəsi Samanta Pauer Rusiyanı Suriyada hərbi cinayət törətməkdə ittiham edib. Pauer bildirib ki, Hələbdə baş verənlər eynilə 1994-cü ildə Ruandada və 1993-cü ildə Srebrenitsada baş verənlər kimi beynəlxalq ictimaiyyətin üzərində ləkə kimi qalacaq. “Əsəd rejimi, Rusiya və İran – sizin qoşunlar bu cinayəti törədir.  Buna görə utanmalısınız”, – deyə o bildirib.

Həmçinin Böyük Britaniya və Fransa nümayəndələri də analoji bəyanatlarla çıxış ediblər. Almaniya hökumətinin nümayəndəsi Şteffen Zaybert də Hələbdə baş verənlərə görə Rusiyanı ittiham edib və Moskvaya qarşı yeni sanksiyaların mümkünlüyünü qeyd edib.
Onu da bildirək ki, 40 ildən çoxdur “Əsəd ailəsi” Suriyanı diktatura qanunları ilə idarə olunur. Bu gün məhz bu rejimi Çin, Rusiya, İran və digər totalitar və avtoritar rejimlər müdafiə edirlər. Bəşər Əsəd diktator atası Hafiz Əsəddən hakimiyyəti təhvil aldıqdan sonra da ölkədə heç bir islahatlar olmayıb. Demokratiya və insan haqları daim tapdaqlar altına alınıb. Bu gün Bəşər Əsəd rejimi imkan tapdıqca ona qarşı müxalif olan qüvvələri darmadağın etmək üçün hətta kütləvi qətlllər də törətməkdən çəkinmir.  

Xudaferin.eu

00:52