ABŞ sutkalıq neft hasilatına görə dünya lideridir

ABŞ-ın gündəlik neft istehsalı 10,62 milyon barrelə çatıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 33 min barrel artaraq 10,62 milyon barrel olub. Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. Ölkənin xam neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

ABŞ-ın gündəlik neft hasilatı son 16 həftənin 15-də artım göstərib. Bu göstərici ilə ABŞ gündəlik neft hasilatına görə dünya lideri olub.

Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə gündəlik 80 min barrel artaraq 8,55 milyon barrel olub. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə gündəlik 183 min barrel azalaraq 2,15 milyon barrel təşkil edib.

Rusiyanın Federal Statistika Xidmətinin (“Rosstat”) məlumatına görə, fevral ayında Rusiyanın neft istehsalı əvvəlki ayla müqayisədə 9,5 faiz azalaraq gündəlik 9,53 milyon barrelə düşüb. 2017-ci ilin fevral ayından etibarən ard-arda 11 ay ərzində dünyanın ən çox neft istehsal edən ölkəsi olan Rusiya fevral ayında gündəlik 9,98 milyon barrel neft çıxaran Səudiyyə Ərəbistanından geridə qalıb.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə ABŞ dünyanın ən böyük xam neft istehsalçısı olacaq.

EIA-nın proqnozuna görə isə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq 10,7 milyon barrelə, gələn il isə 11,4 milyon barrelə çatacaq.

16:10