ABŞ portalında “Oklahomanın Azərbaycanla əməkdaşlığı ümumi baxışımızı nümayiş etdirir” sərlövhəli məqalə dərc olunub

ABŞ-ın Oklahoma ştatının aparıcı mətbu orqanı olan “The Oklahoman” Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahimin “Oklahomanın Azərbaycanla əməkdaşlığı ümumi baxışımızı nümayiş etdirir” adlı məqaləsini dərc edib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə X. İbrahim 20 il öncə Oklahomaya səfəri zamanı səfir Hafiz Paşayevin göstərişinə əsasən ölkəmizin Oklahoma Milli Qvardiyası ilə Əməkdaşlıq Proqramına başlaması ərəfəsində bu ştat ilə əməkdaşlıq imkanlarının araşdırılmasını xatırladıb. O, ölkəmizin ABŞ-dakı səfiri vəzifəsinə təyinatından sonra təmasda olduğu ilk ABŞ nümayəndələrinin məhz Oklahomadan olduğunu bildirərək, Oklahoma qubernatoru Kevin Stittin ölkəmizə 2021-ci ilin iyul ayında səfərini yada salıb. Nümayəndə heyətinin səfər zamanı Prezident İlham Əliyevlə görüşünə istinad edərək, Oklahoma ilə uğurlu əməkdaşlığın təqdir edildiyini və qarşı tərəfin əməkdaşlığın gücləndirilməsinə və Oklahoma şirkətlərinin ölkəmizdə bir çox iqtisadi inkişaf imkanlarına maraq göstərdiklərini səsləndirdiyini bildirib. Qeyd edib ki, bərpaolunan enerji, informasiya texnologiyaları, logistika və kənd təsərrüfatı əməkdaşlıq sahələri arasında prioritet təşkil edir. Əlavə edib ki, Oklahomadan tələbələrin və adi vətəndaşların Azərbaycana səfəri ölkəmizin qonaqpərvərliyi, mədəniyyəti və açıq cəmiyyətinin göstəricisidir.

Məqalədə, həmçinin Azərbaycan şirkətlərinin Oklahomada investisiyada maraqlı olduqları və Azərbaycan gənclərinin Oklahoma tələbələri sırasında xüsusi yer tutduqları vurğulanıb. Səfir Oklahomaya gələn həftə baş tutacaq səfəri zamanı əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarının araşdırılacağını qeyd edib. Bildirib ki, Oklahoma ilə münasibətləri hazırda 30 illiyi qeyd olunan Azərbaycan və ABŞ əməkdaşlığına böyük töhfə verir. Əlavə edib ki, Amerikanın enerji şirkətlərinin qlobal enerji və Azərbaycanda transport layihələrində iştirakı Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ABŞ-ın milli maraqlarının müdafiəsində xüsusi rol oynayır.

Müəllif yazır: “Azərbaycan qazının Avropaya nəqlini təmin edən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının cari ilin fevral ayında Bakıda keçirilən Səkkizinci Nazirlər Görüşü Azərbaycan Respublikası ilə Avropa İttifaqı(Aİ) arasında uzunmüddətli enerji təhlükəsizliyi, enerji təchizatı və yaşıl enerjiyə keçid kimi ümumi məqsədlərə əsaslanan strateji enerji əməkdaşlığını bir daha təsdiq edib.

Məqalənin ingilis dilində orijinal versiyası ilə https://www.oklahoman.com/story/opinion/2022/03/27/oklahomas-partnership-azerbaijan-demonstrates-common-vision/7144661001/ internet səhifəsində tanış olmaq mümkündür.

Xudaferin.eu

15:01