ABŞ-ın dünyada söz çəkisi azalıb - səbəblər

Fəzail Ağamalı: “Bu cür yanaşmalar Amerikaya etimadsızlığı gücləndirir”

Bütün bunlar bir sıra müzakirələrə yol açıb. Burada Azərbaycanla bağlı da bir hal müşahidə olunur. Belə ki, əvvəlki illərdə ölkəmizlə bağlı beynəlxalq təşkilatların hər hansı birinin sərt münasibəti olardısa, təzyiq etmək üçün müəyyən qərarlar qəbul olunardısa, dərhal Azərbaycan hökumətinin yüksək dairələri tərəfindən buna sərt münasibət sərgilənirdi. Amma artıq rəsmi Bakı bu tipli qərarlara nəinki əhəmiyyət vermir, hətta bəzən mövqe belə bildirmir. Doğrudur, deputatlar, politoloqlar səviyyəsində münasibət bildirilir, amma bu da hakimiyyətin reaksiyası kimi qəbul oluna bilməz. Yaranan  mövcud durum müxtəlif səbəblərlə izah edilir. Çoxları hesab edir ki, Amerikanın artıq dünyadakı sözünün çəkisi azalıb. Səbəblərdən biri kimi də, belə qərarların həddindən artıq çox olması göstərilir. Bir növ artıq verilən bəyanatlar, qətnamələrin vərdiş halını aldığı bildirilir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, bu cür yanaşmalar, qərarlar reallığı əks etdirmədiyi, qeyri-ciddi olduğu üçün Azərbaycan iqtidarı tərəfindən cavablandırılır: “Ayrı-ayrı siyasətçilərin, ictimaiyyət xadimlərinin bununla bağlı mövqeləri düzgündür. Jurnalistlərin sualları ilə bu məsələlərə aydınlıq gətirilir. Amerika kifayət qədər fövqəldövlət olmasına baxmayaraq, bir sıra qurumlarının, xüsusilə, Dövlət Departamentinin sənədlərində bir çox məsələlər qeyri-obyektiv xarakter daşıyır, reallığı əks etdirmir. Vaxtı ilə KİV-lərə verdiyim fikri bir daha təkrar etmək istəyirəm ki, bir çox hallarda konqresmenlər, senatorların fikirlərində erməni izi, təsiri açıq şəkildə özünü ifadə etməkdədir. ABŞ kimi nəhəng bir dövlətin orada fəaliyyət göstərən erməni lobbisinin təsiri altında olması  çox böyük təəssüf doğurur. Azərbaycana Amerikada fərqli münasibətlər var. Dövlət Departamenti, eləcə də, rəsmi Vaşinqton tərəfindən maliyyələşdirilən QHT-lərin hesabatlarında Azərbaycana qarşı açıq qərəz nümayiş etdirilir, böhtan xarakterli rəylər  yer alır. Başqa bir cinahda isə Azərbaycanla əməkdaşlığa ciddi önəm verilir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol dəstəklənir, ölkəmizin terrorizmə qarşı dünya birliyi ilə birlikdə apardığı mübarizəsinə yüksək qiymət verilir, bundan sonra da Azərbaycanla əməkdaşlığın vacib olduğu önə çəkilir. Bu cür fikirlər Azərbaycana gələn Amerikanın yüksək çinli məmurları tərəfindən də önə çəkilir. Bunların hamısının şahidi olmuşuq. Ən təəssüf doğuran hal odur ki, Amerika Azərbaycana qarşı hələ də ikili standartları tətbiq etməkdədir, işğalçı Ermənistana sərt mövqe nümayiş etdirməməkdədir. Baxmayaraq ki, Minsk Qrupunun həmsədr ölkələrindən biridir, Ermənistana sanksiyaların tətbiq edilməsini tələb etmək əvəzinə təcavüzkar ölkəni himayə edir, hətta Dağlıq Qarabağa maliyyə yardımı göndərir. Yaxınlarda məlum oldu ki, minalardan təmizlənmə üçün Amerika şirkəti Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağda olur. Eyni zamanda, Dağlıq Qarabağdakı ermənilər Ermənistandan viza almaqla Amerikaya gedirlər. Bu cür anormal münasibət əlbəttə təəssüf doğurur. Bütün bunlar Amerikanın xarici siyasətinə ciddi zərbələr vurur. Həm Azərbaycanda, həm də dünyada bu cür yanaşmalar Amerikaya etimadsızlığı gücləndirir. Artıq Azərbaycan iqtidarı bu cür bəyanatlara əhəmiyyət vermədən öz yolu ilə gedir. Bu yol Azərbaycana beynəlxalq aləmdə ciddi  uğurlar qazandırır, ona nüfuz gətirir. Artıq Azərbaycanın dünyada söz sahibi olan ölkələrdən biri olduğunu hər kəs etiraf etməkdədir. Ölkəmiz təkcə regional deyil, eyni zamanda qlobal xarakter daşıyan layihələrin təşəbbüskarı, təşkilatçısı kimi bunları reallaşdıran ölkə səviyyəsinə qalxıb. Bu cür bəyanatlar Azərbaycanın nə daxili, nə də xarici siyasətinə təsir etmək gücündə deyil”.

 

Politoloq Natiq Miri bütün bunların iki səbəbinin olduğunu düşünür: “Azərbaycan hakimiyyəti səviyyəsində xaricdən gələn belə qərarlara göstərilən reaksiyaların dozasının azalması, yaxud rəsmi səviyyədə reaksiyanın verilməməsinin əsas iki səbəbi  var. Birinci səbəb onunla bağlıdır ki, artıq Azərbaycanda da arzu olunmayan bir situasiyanın yaradılması təhlükəsi mövcuddur. Xatırlayırsınızsa, günlər öncə Amerika səviyyəsində Azərbaycanda müəyyən təhlükələrin olması barədə xəbərdarlıq olunmuşdu. Təbii ki, bu təkcə Azərbaycana aid məsələ deyil. Xəbərdarlıq siyahısında Türkiyə və digər ölkələr də var idi. Amma ölkəmizin bu siyahıya salınması bəzi təhlükələrin varlığından xəbər verir. Bu yöndə bir açıqlamam da olub. Bildirmişdim ki, bu ictimai rəyi hazırlamaq üçün dövriyyəyə buraxılan bir dezinformasiyadır. Bu informasiyanın arxasında Azərbaycanın gələcəyi üçün çox ciddi təhdid və təhlükələr ola bilər. Çünki ABŞ-ın siyasi xətti, hər hansı bir planı yerinə yetirmə yöntəmi təxminən bu yöndədir. Hər hansı bir plan yerinə yetirilməmişdən öncə əvvəlcə ictimai fikrə bu cür informasiyalar ötürülür, ondan sonra bu planın həyata keçirilməsi üçün düyməyə basılır. Azərbaycanın bu yöndə konkret kəşfiyyat informasiyalarının olması da istisna deyil. İkinci bir məsələ isə Azərbaycanda bu il keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Hələlik ölkəmizdəki bu seçkilərlə bağlı nə Qərbdə, nə Amerikada, nə də Rusiyada siyasi qərarların verilmədiyi hiss olunur. Bu yöndə olan qeyri-müəyyənlik hələ ki davam edir. Azərbaycan seçkilər öncəsi Amerika kimi hegemon dövləti özünə qarşı çevirmək istəmir. Ona görə bu cür bəyanatlara bir növ tolerant yanaşılır. Yəni əvvəlki kimi ciddi reaksiyalar verilmədən ötüşdürülür. Bununla bağlı düşünürəm ki, əsas səbəblər məhz budur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

11:39