ABŞ-dan “Müstəqil Kürdüstan” gedişi

 

Elşən Manafov: “Bu plan Türkiyə üçün təhdiddir”
 

İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani alman agentliyinə müsahibəsində yenidən “Kürdüstan” dövlətinin yaradılması məsələsini gündəmə gətirib. Belə ki, “Referendum bizim milli hüququmuzdur. Mən düşünmürəm ki, Bağdad xalqın bu haqqını bloklayacaq, amma əgər o hətta bunu etsə belə, bu bizi onsuz da saxlamayacaq", - deyə M.Bərzani vurğulayıb. “

Politoloq Elşən Manafov deyib ki, Kürdüstanın yaradılması Türkiyənin ərazi bütövlüyü üçün təhdiddir: “Əslində I Dünya Müharibəsinə qədər o bölgələr Osmanlı İmperiyasının tərkibində olub. 1927-ci ildə Britaniya və Türkiyə arasında imzalanan müqavilədən sonra Mosul Britaniyanın mandatı altında olan İraqa verildi. Bunun müqabilində Britaniya tərəfindən Türkiyəyə kompensasiya ödənildi. II Dünya Müharibəsindən sonra, ABŞ və Rusiya arasında gedən soyuq müharibə dönəmində Yaxın Şərq məsələsində hər iki dövlət dəfələrlə “kürd” faktoruna müraciət edib. Kürdlərin də bir millət olaraq problemi məhz ondan ibarətdir ki, onların kompakt şəkildə məskunlaşdığı tarixi ərazilər bu gün müasir İraq, İran, Suriya və Türkiyə torpaqlarına düşür. Sevr müqaviləsində də Osmanlı ərazisində, xüsusilə də Anadoluda Kürdüstan dövlətinin yaradılması üçün müəyyən razılıqlar əldə edilmişdi. Ümumiyyətlə, “kürd” faktoru gec işləyən mina mexanizminə bənzəyən məsələdir. Britaniya və ABŞ zaman-zaman kürd faktorundan müsəlman ölkələrinə bir təzyiq vasitəsi kimi istifadə edirlər. Bəzi ərəb ölkələrinin iqtisadi, ictimai, siyasi həyatına İranın ciddi nüfuzetmə imkanlarının yaranması təbii ki, ABŞ-ı, Avropa Birliyini və müəyyən dərəcədə Türkiyənin özünü narahat etməyə başlayıb. Türkiyə ilə İran arasında yaranan məlum gərginlik, ABŞ-ın bu ərazilərdə geosiyasi layihələri kürdlərin də kifayət qədər aktivləşməsi üçün çox böyük şərait yaradıb. Onlar Türkiyə, İran, İraq və ABŞ arasındakı münasibətlərdən yararlanmağa çalışır”.

E.Manafov qeyd edib ki, ABŞ-ın bölgəylə bağlı layihələri reallaşarsa, Türkiyə üçün ciddi problemlər yaranacaq: “Baxmayaraq ki, Türkiyə NATO üzvüdür, ancaq Rusiya- Türkiyə münasibətləri Avropa Birliyini ciddi şəkildə narahat edirdi. Tramp administirasiyasının qarşısında duran əsas məsələ Türkiyə-Rusiya yaxınlaşmasının qarşısını almaqdır. Rusiyanın kürd faktoruna münasibəti isə ABŞ-ın mövqeyindən heç də fərqlənməyib.  Türkiyəyə təzyiqlə Rusiya öz maraqlarını realizə etmək üçün kürd faktorundan dəfələrlə istifadə edir. Təxminən 1 il əvvəl KKK-nın Moskvada nümayəndəliyi də açılmışdı. Bu faktor özü göstərir ki, İraq və İran ABŞ-ın bölgəylə bağlı maraqlarına güzəştə getməyəcəklərsə, kürd faktorunun mexanizmləri işlək vəziyyətə gətiriləcək. Bu halda İraq Kürdüstanının yaranması bölgədə siyasi mənzərəni tamamilə fərqli istiqamətə aparacaq. Bu əslində Yaxın və Orta Şərqdə separatizm meyillərinin güclənməsinə, Suriyanın parçalanmasına və Türkiyənin milli maraqları üçün ciddi təhlükənin yaranmasına səbəb olacaq. Çünki, kürdlər öz dövlətçiliyini qurmağa nail olduqdan sonra, onlar Türkiyə, İraq, İran və Suriya ərazilərində də tarixən kürdlərin yaşadığı ərazilərə iddia edəcəklər. Təbii ki, Qərb bu məsələdə kürdlərə dəstək verəcək. Hesab edirəm ki, artıq Qərbin kürd dövlətinin yaradılmasına münasibəti bəllidir. Məhz ABŞ-ın xeyir-duası ilə 2011-ci ildə Suriyada məlum hadisələr yarandı. Suriyada yaşanan hadisələrin əsas səbəbi ayrı-ayrı ərəb dövlətlərinin parçalanması və ABŞ-ın maraqlarına xidmət edəcək siyasi elitanın hakimiyyət başına gətirilməsi idi. ABŞ burada da “Parçala, hökm sür” prinsipini işə saldı. Güman edirəm ki, Kürdüstan dövlətinin yaradılması məsələsində də ABŞ ilk növbədə öz maraqlarını bölgədə realizə etməyə çalışacaq”.

Vilayət Muxtar
Cebhe.info

09:49