“5G” dünya iqtisadiyyatına trilyonlarla dollar qazanc gətirəcək

 

“5G” texnologiyası 2035-ci ilədək dünya iqtisadiyyatına 12,3 trilyon dollar xeyir gətirəcək. Bu barədə “5G Americas” ticarət qrupunun rəhbəri Kris Pirson Tokioda keçirilən “Global 5G Event” tədbiri çərçivəsində bildirib.

“Telecom Daily” resursunun verdiyi açıqlamasında qeyd olunur ki, şirkət rəhbərinin proqnozuna görə, 2035-ci ilədək “5G” şəbəkə infrastrukturu Yer kürəsində 22 milyon iş yerini dəstəkləyəcək, 2020-2035-ci illərdə onun qlobal Ümumi Daxili Məhsula töhfəsi Hindistan iqtisadiyyatının həcminə bərabər olacaq.

 K.Pirsonun fikrincə, “5G” texnologiyasına keçid bəşəriyyətin həyat tərzinə əhəmiyyətli təsir göstərəcək. Məsələn, texnologiya energetika, nəqliyyat, səhiyyə və ictimai təhlükəsizlik kimi sahələrdə yeni imkanlar açacaq, eləcə də “ağıllı” şəhərlərdə ona tələbat yaranacaq. Bununla yanaşı, “5G” inkişaf etdikcə “Əşyalar interneti” (IoT) texnologiyası üçün xərclər artaraq 2020-ci ilədək 1,7 trilyon dollar təşkil edə bilər.

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma səviyyəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Xudaferin.eu
“Avropa Bürosu”

19:27