3 aydır maaş almayan mədəniyyət işçiləri aksiyaya hazırlaşır: “Yolu kəsəcəyik”

Ağdamın mədəniyyət işçiləri 3 aydır əməkhaqqı almadıqlarına görə etiraz aksiyasına hazırlaşır. Rayon sakinlərinin verdiyi məlumata görə, Ağdam rayon Mədəniyyət və Turizm şöbəsinin 300-dən artıq əməkdaşı 3 aydır əməkhaqqı almır. Məsələyə etiraz olaraq bir araya toplanan əməkdaşlar maaşlarının verilməməsinə görə etiraza hazırlaşdıqlarını deyiblər.

Məsələ ilə bağlı dəfələrlə üst qrumlara müraciət etdiyini deyən Elnurə Zülfiqarova heç bir nəticə əldə etmədiklərini bidirib: “Yazmadığımız, məlumat vermədiyimiz yer qalmayıb. Bir xeyri yoxdur. Bizi məcburi olaraq il boyu bambıq becərməyə cəlb etdilər. Sahələrdə alaq, yığım işləri aparmışıq. Bir qəpik pul vermədilər. Dinmədik! İndi də haqqımız olan üç aylıq maaşımızı vermirlər. Biz nə etməliyik?”
Digər şikayətçi Xuraman Məmmədova şikayətlərinə baxılmayacağı təqdirdə yolu kəsərək etiraz aksiyası keçirəcəklərini diqqətə çatdırıb: “Həyat yoldaşım müharibə veteranıdır. İşsizir. Gözümüzü aylıq aldığım 107 manata dikmişik. Bunu da üç aydır vermirlər. Hərə bir vəd verir, amma hamısı boşa gedir. Biz nə edək? Özümün səhhətim yerində deyil. Xəstəliyimlə bağlı yazılan dərmanları ala bilmirəm. Xahiş edirəm, bizim səsimizi  eşitsinlər. Əlacsız qalmışıq... Aramızda məndən də pis durumda olanlar var.” Qeyd edək ki, mədəniyyət işçilərinin maaşlarının verilməməsi ilə bağlı Maliyyə Nazirliyinə məktub yazılıb. Məktubu cavablandıran qurum Ağdam rayon Mədəniyyət və Turizm şöbəsində maliyyə hesablamalarının düz aparılmamasına görə lazımi məbləğin ayrılmadığını bildirib.

Cebhe.info

11:35