2017-ci il böyük risklərlə müşayiət ediləcək

“İqtisadi Təşəbbüslərə Yardım” İB 2017-ci ilin dövlət büdcəsi üzrə rəyini, eləcə də tövsiyələrini açıqlayıb. Təşkilatın ekspert qrupunun fikrincə, 2017-ci ilin dövlət büdcəsinin icrası “böyük risklərlə” müşayiət ediləcək. Hər şey iqtisadi islahatların necə həyata keçirilməsindən, maliyyə sabitliyinin təmin edilməsi dərəcəsindən, bank sektorunda vəziyyətin normallaşdırılmasına nail olunmasından, ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması durumundan, habelə dövlət maliyyə idarəetməsində şəffaflığın və səmərəliliyin artırılması istiqamətində atılacaq addımlardan asılı olacaq, deyə QHT-nin rəyində bildirilir.

Ekspertlər hökumətə təklif edir ki: Konkret növlər üzrə dövlət büdcəsinin gəlirlər hissəsinin proqnozu; SOCAR və digər iri dövlət müəssisələrinin büdcə öhdəlikləri və ödənişləri; konkret ödənişlər üzrə yerli büdcələrin mədaxilini açıqlasınlar.
İTY ekspertlərinin fikrincə, növbəti illərdə Vergi Məcəlləsində dəyişikliklər may ayından gec olmayaraq aparılmalıdır. Eləcə də strateji və büdcə planlaşdırmasının əlaqələndirilməsini təmin edən hüquqi-normativ baza yaradılması, bütün hökumət qurumlarının illər üzrə bölünməklə 5 illik strateji inkişaf planları əsasında fəaliyyətinin təşkili mexanizminə keçilməsi təklif edilir. Büdcə prosesində vətəndaş cəmiyyətinin iştirakı zəruridir.
QHT-nin ekspertləri hesab edir ki, hökumət səmərəlilik və keyfiyyət indikatorları nəzərə alınmaqla konkret nəticəyə yönəlik büdcə planlaşdırılması mexanizminə keçməlidir. Bundan başqa, ekspertlər təsərrüfat hesablı dövlət şirkətlərinin hesabına dövlət büdcəsinin borc yükünün artmasına yol verilməməsini təklif edir. Bu, onunla nəticələnir ki, dövlət əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün maliyyə imkanlarını itirir. Sənəddə büdcə prosesinin yaxşılaşdırılması üçün başqa təkliflər də əksini tapıb. Sənəd baxılmaq üçün hökumətə təqdim edilib.

Azadliq.info

12:12