20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq

Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar mərasim keçirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə İran ictimaiyyətinin və Tehranda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə mərasimdə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşına əbədi yaşayacağını, onun məğrurluğunu nümayiş etdirən faciəli hadisə olduğunu bildirib. Qeyd olunub ki, 20 Yanvar faciəsini törətməkdə məqsəd Azərbaycan torpaqlarının bir hissəsini Ermənistanın tərkibinə vermək və müstəqilliyi uğrunda ayağa qalxmış xalqın mübarizəsini boğmaqdan ibarət olub. SSRİ rəhbərliyi qətliamı gizlətməyə çalışsa da, Heydər Əliyevin qətiyyəti nəticəsində bu faciə olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. SSRİ rəhbərliyinin yardımı ilə Azərbaycanın torpaqları işğal olunsa da 30 il sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və müdrik rəhbərliyi ilə şanlı Ordumuz zəbt olunmuş torpaqlarımızı işğaldan azad etdi.

“Xoca” və “Qanlı Yanvar” filmlərinin prodüseri, Azərbaycanda tanınmış İranın əməkdar mədəniyyət işçisi Əyyub Daneşvər Azərbaycan xalqına qarşı sovet rəhbərliyinin 70 il ərzində göstərdiyi ədalətsiz mövqeyindən danışıb. Bu filmlərin çəkilişi üzərində işləyərkən 20 Yanvar hadisələrinin şahidləri ilə görüşdüyünü, onları dinlədiyini və Azərbaycan xalqının ağrı-acısını dərindən başa düşərək filmlərdə canlandırmağa çalışdığını vurğulayıb. Haqqını və hüququnu, həmçinin torpaqlarının işğalına son qoymağı tələb edən Azərbaycan xalqına qarşı törədilən bu qətliamın insanlığa qarşı törədilən cinayət hesab olunduğunu və bu acının Azərbaycan xalqı ilə ortaq bağları olan İran xalqı tərəfindən də dərin hüznlə qarşılandığını vurğulayıb.

Tədbir 20 Yanvar hadisələrinə dair qısametrajlı filmin və bədii videoçarxın nümayişi, eləcə də şəhidlərin xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib.

Xudaferin.eu


 

14:17