20 Yanvar faciəsi Filippin mediasında işıqlandırılıb

Filippinin “Manila Standard” qəzeti, İndoneziyanın “TEMPO” xəbər portalı, “Miraj” xəbər agentliyi və “Bogor Today” qəzeti 20 Yanvar faciəsi haqqında xəbər və məqalələr dərc edilib. Filippinin “Manila Standard” qəzetinin yazdığı “Azərbaycanlılar “Qara Yanvarı” anır” başlıqlı xəbərdə qeyd edilir ki, 27 il öncə Sovet ordusu Bakıda dinc əhaliyə hücum etmişdir. Azərbaycanın Ombudsmanı Elmira Süleymanovaya istinadən bildirilir ki, bu unudulmaz qırğın insanlığa qarşı törədilmiş cinayətdir və hər il bu tarixdə biz yalnız kədərimizi deyil, eyni zamanda şəhidlərimizi, həmrəyliyimizi və ölkənin bütövlüyü uğrunda vuruşan insanlarımızın qürur və şərəfini uca tuturuq. Daha sonra xəbərdə faciə haqqında daha ətraflı məlumat yer alır və vurğulanır ki, bu hücumlara baxmayaraq, azərbaycanlıların iradəsi sınmamış, əksinə olaraq azadlıqları uğrunda daha da böyük ruh yüksəkliyi ilə mübarizə aparmış və 1991-ci ildə müstəqilliklərinə yenidən qovuşmuşdurlar.

İndoneziyanın “TEMPO” xəbər portalının dərc etdiyi məqalə “20 yanvar” qırğını ilə bağlı bir sıra maraqlı suallar ortaya qoyur və məsələnin əslini oxuculara çatdırmağa çalışır. Qeyd edilir ki, sovet ordusunun Bakıya havadan, dənizdən və qurudan hücum edərək yenidən işğal etməsinə və dinc sakinlərin qətlinə əmr verərkən Mixail Qorbaçovun ağlından nələr keçdiyini heç kim bilmir. Sovet Ali Liderlərinin Bakıdakı qırğına haqq qazandırmaq məqsədi ilə guya ermənilərin evakuasiyasına çalışdıqlarına dair verdikləri bəyanatların hamısı böyük yalanlar idi. Necə olur ki, dinc və günahsız sakinlərin qırğınına dair əmr vermiş bir şəxs 9 ay sonra Nobel Sülh Mükafatına layiq görülür?. Sovet paytaxtı olan Moskva Bakıda baş verən gerçək hadisələrə dair bütün xəbərləri beynəlxalq ictimaiyyətdən gizlədirdi və bu məqsədlə bütün radio, televiziya, hətta mətbuatı belə blok etmişdi. Nəhayət Qorbaçov 1995-ci il 27 aprel tarixində İstanbuldakı bəyanatında törətdiyi cinayəti etiraf etdi və “20 yanvar” hadisəsini Azərbaycana qarşı törətdiyi ən böyük səhvi adlandırdı. “Miraj” xəbər agentliyinin də dərc etdiyi məqalədə “20 yanvar” haqqında ətraflı bəhs edilir və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda keçdiyi yollardan söhbət açılır, Azərbaycan KİV-lərinin və vətəndaşlarının “20 yanvar” haqqında anlatdıqlarını sitat gətirir.

TREND IA

22:58