17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür. 17 noyabr Azərbaycanda Milli Azadlıq Hərəkatının başlanğıcı hesab olunur. 26 il bundan əvvəl, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşdı. Bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı kimi də qiymətləndirilir. Həmin gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin "olum, ya ölüm" savaşı başladı. SSRİ-nin məhvə məhkumluğu məhz həmin gün daha aydın göründü. Rəsmi Moskvanın, ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, millətə tarixini öz gücünə dəyişmək istəyini aşılamışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda, hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır.

Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman hərəkat parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il, noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.

Qeyd edək ki, Azərbaycan Milli Hərəkatının təməli 1987-ci ildə Bakıda fəaliyyət göstərən “Çənlibel” təşkilatının sayəsində qoyulmuşdur. Yarandığı iki il ərzində bu təşkilat ölkənin bütün bölgələrində xalq tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Ermənistan adlı bir bölgədə öz tarixi yurdlarından didərgin salınan 220 minlik soydaşlarımızın, Qarabağın saxtakarcasına Ermənistana birləşdirilməsinin və Ahısqa Türklərinin Özbəkistan və digər Orta Asiya respublikalarından Moskvanın təhriki ilə deportasiya edilməsinə qarşı Türk Dünyasında ən böyük etiraz hərəkatı məhz Bakıda “Çənlibel” təşkilatı tərəfindən irəli sürülmüşdür.

“Çənlibel” təşkilatının iradəsi sayəsində Azərbaycan xalqı etirazlara qoşulmuş, bütün fabrik və zavodlar qapadılmış, digər dövlət idarələri isə iflis duruma düşmüşdü. Belə bir güclü dağlanın sayəsində keçmiş Sovetlər Birliyinə milyardlarla dollar dəyərində maddi zərərlər vurulmuşdur. 
 Bayramınız mübarək!!!

Xudaferin.eu

14:35