Zərif Bəkirova ilə müsahibə

Bu günkü təqdimatımızın ünvanı Zərif Bəkirovadır. O Amerikada teatr təhsili almış tək-tək gənclərdəndir. İctimai fəaliyyəti çoxsahəlidir. Müxtəlif proqramların iştiakçısıdır. Təşəbbüskar və öyrənməyi sevəndir. 
Görünür elə bu səbəbdən də  Avrasiya Əməkdaşlıq Fondunun dəstəklədiyi, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin həyata keçirdiyi `Yeni Nəsil Qadın Koalisiyası` proqramının iştirakçısıdır.

Səni salamlayıram, Zərif, xoş gördük.  Təhsilinlə bağlı bizə məlumat verərsənmi?
- Əlbəttə, böyük məmnuniyyətlə. Mənim iki təhsilim var. Bakalavr təhsilimi “Biznesin təşkili və idarə edilməsi” üzrə almışam, ikinci magistratura təhsilim teatr üzrə olub. Və ikinci təhsili ABŞ-da Fulbright proqramı vasitəsilə almışam. Təhsilim bir az ümumidir-teatrdır. Çünki orda  belə ümumi peşə var.  Burada isə hazırda  daha çox dramaturqiyaya və aktyorluq sənətinə fokuslanmışam. Hal-hazırda mən freelance  tərcüməçi və təlimçi kimi çalışıram. Müxtəlif mövzularda: “sosial dəyişiklik üçün incəsənət”, “layihə yazmaq bacarığı”, ”layihə menecmenti “ sahələrində təcrübələr keçirəm. Bundan əlavə, tərcümələr də edirəm. Bu yaxınlarda iki  teatr üzrə layihədə iştirak etmişəm. Biri Yarat müasir incəsənət mərkəzi kompleksi ilə, o biri isə Baku Entertainment Factory ilə. 

Maraqlıdır ki, iki müxtəlif sahələr üzrə ixtisasın var. Tərcüməçi və teatr işi. Bəs özünü Zərif Bəkirova olaraq, daha çox hansı sahə üzrə tanıtmaq istəyirsən? Teatr, yoxsa tərcümə,  tərcüməçi Zərif, yoxsa teatrşünas Zərif?
Özümü topluma daha çox teatr işi üzrə təqdim etmək istəyərdim. Daha doğrusu, dramaturq və aktrisa kimi. Tərcüməçilik peşəsi də  xoşuma gəlir, bu iş də çox ürəyimcədi, amma tərcüməçilik hazırda daha çox mənim qazanc mənbəyimdir. Eləcə də, qeyri-formal təhsildə təlimçi kimi iştirak etmək mənə zövq verir - bu işlə də məşğul olmağı sevirəm. Sadəcə, indicə sadaladığım sahələr üzrə, yəni tərcümə və təlimçiliklə uzun müddətdir məşğulam, müəyyən təcrübəm var. Amma teatrı fakültəsini 2016-da bitirmişəm. Cəmi iki ildir bu sahəyə  üz tutmuşam. Zaman keçdikcə isə hiss edirəm ki, teatr sənəti mənə daha cazibəli görünür, məni daha çox ram edib özünə çəkir. Görürəm ki, teatra daha çox vaxt, daha çox  enerji sərf etmək istəyirəm. Həm də buna mənəvi ehtiyacım var. Bu ehtiyacı qarşılamaq üçün məşğul olduğum digər sahələrdən vaxt ayırıb teatra həsr etmək istəyirəm. Hiss edirəm ki get-gedə daha çox buna fokuslaşmaqdayam. 

Amerikada teatr təhsili almaq bizim cəmiyyət üçün bir az qəribədir, deyilmi? Çünkü bu çox da populyar deyil bizim üçün. Biz Amerikaya daha çox iqtisadiyyat, gender, beynəlxal münasibətlər kimi təhsillərin ardıyca gedənləri görürük. Teatra münasibətlərimiz də fərqlidir. Hazırkı teatr anlayışlarımız da fərqlidir, məncə. Hər halda bunu sən daha yaxşı bilərsən, Amerika və Azərbaycan teatrlarını, eləcə də teatr ənənələrini bir-birindən  fərqləndirən  nələrdir? Bildiyim qədər oralarda performans və müzikla daha çox üstünlük verirlər, Azərbaycanda bu nə sahədə vəziyyət necədir?

Sizə öz bildiyim fərqləri deyim. Yaşadığım şəhərin, Kalumbiyanın, Missuri ştatının 150 min nəfər əhalisi vardı. Lakin  bu balaca şəhərdə 5 teatr var idi. Bu teatrların  ikisi Universitet daxili teatrlar idi, üçü isə özəl kampaniyaların nəzdində idi. Və bu özəl kampaniyalar  açıq kastinq edilməsində maraqlı idilər. Kim istəyirdi, məsələn, işdən sonra axşam gələ bilirdi, kastinq vasitəsilə  iştirak edə bilirdilər. Ən yaxşı iştirak edənlər, sonra gedirdilər Nyu-Yorka, Brodveydə çıxış edirdilər. Bu bir fərqdir  ki, teatrlar daha çox insanların üzünə açıqdır. Bizdə hardasa iştirak etmək, sənətini daha geniş kütlələrə təqdim etmək ənənəsi zəifdir. Kastinq məsələləri indi-indi başlayır. Başqa fərqlərə gəlincə, məsələn, performans , müzikl, - bilirsən, orada çeşid çoxdur. Amerikada, ümumiyyətlə, bütün başqa şeylərdə olduğu kimi, sənətdə, teatrda da çeşid çoxdur. İstənilən janrda teatr, istənilən üslubda təqdimat var, hansı sənə maraqlıdırsa, hansı səni cəlb edirsə, buyur, hamısı var. Şekspiri də var – yəni klassikindən tutmuş,  tamailə yeni, müasir üslubda prodakşn da var, performas da var. Müzikl isə ümumiyyətlə, orda çoxdur, müxtəlifdir. Performas, mən deyərdim,  daha çox Avropadadır. Amerika daha çox klassik teatrdır, amma müzikl çoxdur. Çoxlu eksperimental teatrlar, səhnələr, təqdimatlar var. Azərbaycanda indi-indi bəzi yeniliklər başlayıb. Məsələn, Ado teatrında maraqlı, qeyri-adi şeylər edirlər. Onu da qeyd edim ki,  bu yaxında Azərbaycan Dram Teatrına getdim. Cəfər Cabbarlının “Almaz” əsərinə baxdım. Xoşuma gəldi. Çünki səhnə quruluşu dizayn baxımından fərqli idi. Minimalizm var idi, köhnə, o bəlli dekorasiyalar  yox idi. Hətta köhnə bir interyer varsa da, axı indi dövr dəyişib, demək onu necəsə müasirləşdirmək lazımdır. Dram Teatrdakı o dekorasiya çox xoşuma gəldi. Yəqin ki müəyyən dəyişikliklər, müasirləşmələr olacaq.

Belə çıxır ki, hazırda Azərbaycanda performans var. Bəs hazırda performans teatr aləmində ciddi qəbul olunurmu? Ümumiyyətlə, qəbul olunur ya yox? Yoxsa bu, Azərbaycan mühitində hələ qəbul edilməyən bir hadisədir? Azərbaycan cəmiyyəti teatrda performansı qəbul etməyə hazırdırmı?
Mən heç kimin adından danışmaq istəmirəm. Ama hərdən mənə elə gəlir ki, köhnə məktəbin tərəfdarları, köhnə teatrın nümayəndələri  performansı  qəbul etmir və qeyri-ciddi sayırlar, bu işə teatr kimi baxmırlar. Bu, mühafizəkarlıqdır, təbii ki. Açığını deyim ki, hamısının öz yeri var. Həm də performansın yeri olmalıdır. Amma onu da demək olmaz ki, ancaq performans olmalıdır. Klassik teatr da olmalıdır. Klassik teatrı da müasirləşdirmək olar, bunun üçün çox üsullar var. Onun da, bunun da yeri var. Hər şeyin yeri olmalıdır, amma köhnə yerində saymaq olmaz, yəni inkişaf olmalıdır. Yenisi pis olsa da, bəzən uğursuz alınsa da, bəzən qəbul edilməsə də, eybi yox, məhz axtarışın olması daha yaxşıdır, mənə elə gəlir. Axtarış imkanları mövcud olarsa ən yaxşı olan tapılacaq.

Bəs televiziya tamaşaları necə? Onlar indi aktuallığını saxlayıblarmı? Ümumiyyətlə, hazırda televiziya tamaşaları varmı? 
Televiziya tamaşası... (gülür) Yoox, o əvvəllər var idi. “Evləri köndələn yar”... Mənə elə gəlir ki, televiziya tamaşaları hazırda yerini  teleseriallara veriblər. İndi kifayyət qədər Azərbaycan serialları var efirdə. Mən bir neçə ildir izləyirəm. Kiçik də olsa inkişaf var. 

Bəs hazırda Azərbaycan teatr səhnəsində hansı mövzulara ehtiyac var? 
Mənə elə gəlir, insanları narahat edən mövzulara ehtiyac var. Ola bilər hətta çox var. Misal üçün, mən getdim “Almaz”a, 30-cu illərdə yazılıb - orada o qədər əlaqə tapdım indiki dövrlə. O əsərdə qadının cəmiyyətdə rolu var idi. Və kişilərin qadına münasibəti var. Orada hətta bir söz var idi “zəmanə arvad zəmanəsidir”.  Almaz dəyişikliklər etmişdi. Ona görə çevrəsində hər kəs ona qarşı idi. Köhnə fikirlərlə yeni fikirlərin toqquşmasını göstərirdi yazıçı. Görürsüz, az qala yüz il əvvəl yazılmış bir əsər hələ də aktualdır. Yəni, yaxşı tamaşalara, yaxşı sujetlərə hər zaman yer var. Səhnəmizə bu mövzular – insanları narahat edən mövzular lazımdır. İndiki gəncliyi nə narahat edir, Ola bilər, pulsuzluq, işsizlik, ata-ana ilə anlaşılmazlıq . Yəni, mənə elə gəlir ki, Azərbaycanda aktual mövzulara üstünlük verməliyik. Eləcə də dramaturqiyanın mövzuları aktuallaşmalıdır. 

Bəs Azərbaycan qadınının rolu  teatrda nədən ibarətdir? Aktrisa, rejissor, dramaturq? Dekorator kimi ola bilər, ümumiyyətlə qadın obrazı kimi ola bilər. Qadın obrazı nə dərəcədə önəmlidir teatr üçün?  Çünki bilirk ki, teatrlar bizim kimi ölkələrdə öz ilkin başlanğıclarında  qadın obrazlarını da kişilər ifa edirdi. Biz bu gün şahidi oluruq ki, kişilər qadın rollarını yenə də ifa edirlər.  Dramaturqlar daha çox qadınlardır, ümumiyyətlə qadın yazıçıların pyesləri qoyulurmu?
 Çoxşaxəli sual oldu. Qadın səhnədə, teatr-dekor-dizayn işində, dramaturgiyada və s...  Gənc Tamaşaçılar Teatrının, AzDramanın daimi tamaşaçısıyam. Hələ yadıma gəlmir ki, bir nəfər qadın yazıçı hər hansı bir tamaşanın müəllifi olsun. Olanda da xarici olur. Yəni, tamamilə belədir deyə bilmərəm, çünki dəqiq bilmirəm, amma teatrlarımızda qadın müəlliflərin əsərlərinə rast gəlməmişəm. Əlbəttə, çox istərdim ki qadınlar teatr üçün əsər yazsınlar və bu əsərlərin səhnələrə çıxmaq imkanı olsun. Çünki xanım xanımın problemlərini daha yaxşı bilər, qadın qadını daha yaxşı başa düşər, qadın müəllif daha dolğun və həssas yanaşar cəmiyyətin və qadının problemlərinə. Ona görə qadına dramaturq kimi, rejissor kimi meydan verilməsi çox vacibdir. Bu həm də qüvvətli qadın obrazlarının yaranması üçün, qadınların içtimai işlərdə iştirakının stimullaşdırılması üçün lazımdır. İndi təəssüf ki, teatrda da bütün əsas vəzifələr kişilərin əlindədir.

Səncə bu gün  hansı xarakterli qadın Qəhrəman obrazına ehtiyac var? Və onun axtarışları aparılırmı? Ümumiyyətlə, yeni qəhrəman obrazı lazımdırmı bizim cəmiyyətimizə? 
Hm.. Çox maraqlı suallar verirsiz. (gülür) Zəmanə elə zəmanədir ki, hamı öz qəhrəmanını seçir. Yəni, əvvəlki kimi bir qəhrəman, hamı onun dalınca getsin ... Elə bir şey yoxdur. Amma bütün hallarda yeni bir dövr var, onun yeni tələbləri var. Bu tələblərə cavab tapmaq lazımdır. Bu cavablar haralardasa axtarılmalıdır. Teatr da bir axtarış ünvanıdır. İnsanlar bu ünvana üz tutanda nəsə tapacaqlarına əmin olmalıdır. 

Bəs ümumiyyətlə bu gün teatr  hansı auditoriya üçün fokuslanmalıdır? Ümumiyyətlə, müasir gəncliyi qadjetlərsiz təssəvvür etmək olmur. Və bəzən də, biz hətta yeni qəhrəman dedikə, müəyyən mənada, texnologiyalarla  bağlı birisi olmalıdır. Teatr hazırda gənclik auditoriyasını ətrafına toplaya bilirmi? 
Gənclər daha çox  müasir teatrlara gedirlər. Yeni yaranmış teatrlara. Dövlət teatrlarında da bəzən görünürlər, amma azlıq təşkil edirlər. Bəzən də evdən kimsə kiminləsə gəlməyə məcbur olur.  Gənclikdə maraq klassik teatra yox, daha çox performansa və daha müasir sənətlərədir.  Bu da normaldır, bu da təbiidir, əlbəttə. Amma klassik teatra da maraq oyatmaq olar. Burada da yeni alətlərdən istifadə etmək olar. Məsələn, mən bir tamaşaya getmişdim Amerikada. Orda onlayn kommentlər yazmaq olurdu və kommentlər birbaşa səhnədə görünürdü. Əlbəttə, o cəmiyyətdə də buna etirazlar, mübahisələr var idi. Bəzi insanlar belə müasirləşməni qəbul etmirdilər. Amma gənclərdə  maraq doğurmuşdu, gənc iştirakçıların sayı artmışdı. Ümumiyyətlə, ümumi yol tapılmalıdır. Teatr hamıya fokuslanmalıdır. 

Bəs özün pyes yazırsan?
Bəli,  kiçik pyeslər yazmışam. Mənim üç dənə on dəqiqəlik pyesim var. İndi istəyirəm bu pyesləri Azərbaycan dilinə tərcümə etdirim və səhnələşdirim. Mövzular müxtəlifdir, həm məhəbbət, həm Vətən mövzusundadır. 

AGASİM iştirakçılarına tövsiyyəniz nə olardı? Teatra getmək istəsələr hansı tamaşaları məsləhət görərdin? 
Teatra mütləq  getsinlər.  Bir problem var, hərdən gedirsən bir tamaşaya və görürüsən uğursuz tamaşadır. Düşünürsən, bir də heç teatra getməyim. Bir tamaşayla ölçməyin, gedin, çox da baha deyil bizdə. İmkan olduqca gedin. Ən azı ikisini deyəcəm. Birincisi  “Almaz”dır. Qadının o əsərdəki problemləri  çox gözəl ifadə edilir və təssüf ki hələdə aktual olaraq qalır. İkincisi Gənc Tamaşaçılar Teatrında Lenanın “Gözəllik kraliçası”. İrlandiyalı yazıçı Matio Makdonaldın əsəri əsasındadır. Çalışın ona gedin. O da maraqlıdır. 

Gələcək planların. Ümumiyyətlə, bir az özün haqda danışardın. 
Planlar haqqında çox danışmayacam. Onu deyim ki, Yaratın teatr klubunda iştirak etdim. Və orada  Elmin Bədəlovun rejissoru olduğu “Fır-fıra” tamaşasında oynadım. Orda məndən və başqa bir nəfərdən başqa digərləri könüllü aktyorlar idi. Çox maraqlı idi. Bundan əlavə mən bir vorkşopda olacam, Mariya İbrahimovanın “Qadın emosiyaları” layihəsində ideya verdik və kiçik ssenari yazdıq. Və artıq çəkilişlərə başlayırıq. Orada həm rejissor kimi çıxış edəcəm. Həm başqa vəzifələr. 

Hazırladı: Mehbarə Abbasova 

12:26