Zərgərlik sənətinə həsr olunmuş regional seminar keçiriləcək

Yanvarın 25-də Bakıda “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək. Seminar Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Gürcüstan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq. Xalça Muzeyindən bildirilib ki, seminar çərçivəsində “Zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi”, “Zərgərlik nümunələrinin bərpa və konservasiyası”, “Müasir zərgərlərin muzeylərlə əməkdaşlığı”, “Ənənəvi və müasir üslublarda hazırlanan zərgərlik nümunələrinin muzeylər tərəfindən satın alınması”, “Zərgərlik kolleksiyaları üzrə kuratorluq işi”, “İctimai proseslərlə sıx bağlı olan yeni düşüncə tərzinin səviyyəsini müəyyənləşdirən marketinqlə bağlı məsələlər” mövzusunda mühazirələr dinləniləcək. Seminarda Azərbaycan, Gürcüstan və Rusiyadan olan zərgərlik kolleksiyalarının kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, habelə bərpaçılar, konservatorlar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri iştirak edəcəklər.

Tədbir çərçivəsində Azərbaycan Xalça Muzeyində zərgərlik nümunələrinin sərgi-satış yarmarkası da nəzərdə tutulur.

Xudaferin.eu

12:32