Zərdabinin "Əkinçi"si və çağdaş jurnalistlər

Mətbuat günündən, Milli Mətbuatımızın 140 illik yubileyindən dolayı ad, orden və s. mükafat alanları təbrik edirəm. Təbii ki, bunu haqq edənlər vardır. Amma bunu hamının bilməsi gərəkdir ki, birincisi, mətbuatda yalnız mətbuatda çalışanlar yazmırlar. Bir çox yazarlar var ki, birbaşa mətbuat orqanlarında, telekanalarda çalışmasalar da, amma öz yazılarıyla cəmiyyətə daha çox xeyir verirlər. İkincisi, jurnalist olmaq başqa şey, cəmiyyətin güzgüsü olmaq, “Əkinçi”olmaq başqa şeydir...

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi bunun ən gözəl örnəyidir. Bu gün Zərdabiyə jurnalist demək nə qədər gülüncdür. O, əsil milli “əkinçi” kimi "Əkinçi"də insanlarımıza bilik verir və milli yola yönəltməyə çalışırdı. Bu, milli əməyinə görə, Zərdabinin "mükafatı" sürgün oldu. Əlbəttə, indi kimlərsə deyə bilər ki, onların arasında da jurnalist fəaliyyətindən dolayı sürgün olanlar və zindanda yatanlar olmuşdur. Amma bilmirəm onlardan da kimlər Zərdabi kimi əqidəsinə sona qədər sahib çıxmışdır.

Bu gün Zərdabi adına mükafatın, adın kimə gəldi verilməsi məni çox ağrıdır. Görəsən həmin adı, mükafatı alanlardan neçəsi Zərdabini, onun “Əkinçi”sini oxumuşdur, ya da oxuyub Zərdabinin yoluna əməl etmişdir?

Təbii ki, Zərdabinin yolunu başa düşmədən də jurnalist, media işçisi, TV işçisi olaraq çalışmaq olar, amma Zərdabi yolunun yolçusu olmaq hər jurnalistin işi deyildir. Zərdabi bir əxlaq, milli dəyər və milli mənəviyyat ölçüsü idi. Mən bunu Zərdabini azdan-çoxdan öyrənən və onun haqqında bir-neçə məqalə yazan müəllif kimi deyirəm.

Zərdabi təkbaşına, bütün var-dövlətini sərf edərək, ovaxtkı Azərbaycan bəylərindən qəpik-quruş toplayaraq (onların çoxusu da bundan imtina etmişlər) “Əkinçi” qəzetini araya-ərsəyə gətirmişdir. “Əkinçi” milli bir məktəb idi, cəmiyyətin güzgüsü idi. “Əkinçi” Zərdabinin sifətindən Millətin və Vətənin simasına çevrilmişdi. Zərdabi 19-cu əsrdə Azərbaycan türklərinin yol göstərəni idi.

Zərdabinin başlıca məqsədi Azərbaycan türklərini savad­landırmaq yolu ilə köklü bir millət olduqlarını anlatmaq və inkişaf etmiş millətlər sırasına qatmaq idi. Bunun üçün, onlar maariflənməli, elm öyrənməli, təhsil almalı və məktəblərə getməli, qəzet oxumalı, milli cəmiyyətlər yaratmalı idilər. Bu baxmdan Zərdabi həmişə zəmanədən şikayətlənərək köhnə bayatını oxuyan soydaşlarına, dindaşlarına üzünü tutub, onlara zəmanədən şikayət etmək əvə­zi­nə iş görməyi, tərəqqi etməyi məsləhət görürdü. Zərdabi yazırdı ki, bunun əsası isə ancaq ağıldır və ağıl elə bir şeydir işlən­dik­cə tərəqqi edər, yəni insanın elmi atdıqca ağlı da artar: «Bi­zim zəmanəmiz dəyişilib, biz elm sahiblərinə rast gəl­mi­şik. Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edir­lər. Ona görə gərək biz də elm təhsil edək ki, onlara zin­də­ganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürür ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq».

Bax, bu idi Zərdabinin yolu!

Zərdabi yalnız millətinin inkişafını düşünür, nə olursa-olsun onun məhv olmamasına çalışırdı. O zaman nə gizlində, nə də aşkarda heç kim “reket”liklə məşğul olmurdu. Hələ, Zərdabi tək “əkinçi”, indiki anlamda tək “jurnalist” idi. Amma onun qəzetində millət təəssübü var idi, cib, qarın və vəzifə təəssübü yox.

«Millət təəssübü» uğrunda mübarizə aparan Zər­da­bi açıq şəkildə ifadə edirdi ki, bu yazıları yazmaqda da məqsədi nə Azərbaycan, nə də bir qanda və məzhəbdə olduqları İran və Türkiyə müsəl­man­larını pisləmək, onlarla düşmən olmaq deyildir. Onun başlıca məqsədi bütün türklərin-müsəlmanların inkişafına, birliyinə nail olmaq idi. Zərdabiyə hakim kəsilən milli ruh, onun «Əkinçi»də yazdığı hər bir məqaləsində özünu büruzə verirdi. Zərdabi «Əkinçi»nin yolunun yalnız və yalnız milli bir yol olduğu­nu, Qafqaz və Azərbaycan müsəlmanlarının da bir millət olduğunu və baş­qa bir millətlərlə eyni sırada addımlamağa haqqı olduğunu ortaya qoyurdu. Bu baxımdan ziyalı milli oyanış naminə bütün səyləri ilə elm öyrənməyin, təhsil almağın vacibliyini soydaşlarının nəzərinə çatdırırdı: ««Əkinçi» qəzeti deyir ki, zəmanəmiz dəyişilib. İndi elm təhsil etmək gərək. Ona görə də, lazımdır elm kitabları gətirdib öz dilimizdə elm öyrən­mək».

Zərdabi soydaşlarını inandırmağa çalışırdı ki, elm öyrən­­mək, qəzet oxumaq, məktəbə getmək insana onun təmsil olunduğu milləti yaxşı tanımaq, dilini daha yax­şı öyrənmək üçün şərait yaradır: ««Əkinçi» qəzeti deyir ki, qəzet və jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir, məzhəbinə qaim edir. Ona görə də, bütün millətlər səy edib qəzet və jurnallar çap etdirirlər ki, qeyri millət­lər arasında payimal olmasınlar…».

Bax bu idi Zərdabinin yolu!

Zər­da­bi­yə görə, dini və dünyəvi elmləri bir məktəbdə, bir müəllim­dən öyrənmək isə doğru deyil, bu keçmiş zəmanənin qay­da­sı­dır, zəmanə dəyişdiyinə görə bu qayda da dəyişməlidir. Başqa tərəfdən isə məktəblərdə əsasən dini elmlər öyrədilir, dünyəvi elmlərə isə maraq azdır, yaxud ümumiyyətlə fikir verilmir: «Elmi-əbdanı ya heç oxutmuruq ya oxutsaq da ona elə səy etmirik. Amma təqazayi-zəmanəyə görə və millə­tin pişrəvindən ötrü lazımdır ki, biz də qeyri millətlər kimi elmi-əbdanı elmi-ədyandan ayırıb, onun üçün qeyri mək­təbxana bina edib, qeyri müəllimlər təyin edək. Belə də həm mollamız molla, həmi hükəmamız hükəma olub, hər bir elm tərəqqi edər, yoxsa bu halda olan kimi hər iki elmin dalınca birdən düşdüyümüzə onların hər ikisindən avara oluruq. Biz ərz elədiyimiz məktəbxana bizim məktəbxana deyil ki, ora­da başımıza qapaz vurub, ayağımızı falaqqaya salıb, adab, təharət, qüsl və qeyrə öyrədirlər. Amma elmi-əbdan mək­təb­xa­nəsidir ki, onları təzədən bina etmək gərək».

Zər­dabi dünyəvi elmlərin öyrənilməsi üçün, yeni üsullu mək­təblərin açılması məsələsini irəli sürməkdə tamamilə haqlı idi. O, yaxşı başa düşürdü ki, millətin oyanışı üçün qəzet nə qədər əlverişli təbliğat vasitəsi olsa da, dünyəvi məktəblər bina edilmədən savadlı, millət təəssübü çəkən, milləti birliyə aparan nəslin yetişməsi çətin olacaq. Ona görə də, Zərdabi yeni məktəblərin açılması məsələsində də fəal iştirak et­miş­dir.

Bax bu idi Zərdabinin yolu!

Zərdabi «Əkinçi» qəzeti bağlandıqdan sonra, məcburi şəkildə uzun müddət ictimai fəaliyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən fəal şəkildə millətinə xidmət etməyə başlamış, «Kaspi», «Həyat» və b. qəzetlərdə milli ruhlu məqalələrlə çıxış et­miş­dir. Bu baxımdan H.Zərda­bi­nin «Əkinçi»dən sonrakı fəaliyyəti də millətinin oyanışı və inkişafı ilə bağlı olmuş, o, həm bir çox çağdaşlarının (N.B.Və­zirov, S.Ə.Şirvani, Əhsənül Qəvaid və b.), həm də yeni nəslin (Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu və b.) milli ruhda yetişməsində və formalaşmasında müstəsna rol oynamışdır. Təsadüfi deyil ki, çağdaşları ilə yanaşı, XX əsrin əvvəllərində yaşamış bir çox tanınmış ziyalılarımız da – Ə.Hüseynzadə, M.Ə.Rə­sul­zadə, Ə.Ağaoğlu, Ə.M.Top­çu­ba­şov və başqaları H.Zər­da­bini özlərinin müəllimi, ustadı saymışlar.

Bax bu idi Zərdabinin yolu!

Doç.Dr. Faiq ELEKBEROV

 

xudaferin.eu

11:51