Zəngəzur dəhlizinin açılması üçtərəfli Birgə Bəyanatın məğzi olmaqla yanaşı, həm də zamanın tələbidir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq aparıcı beynəlxalq təsisat kimi fəaliyyəti dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Mayın 21-də Mərkəzin təşkilatçılığı ilə “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr keçirildi. Videoformatda keçirilən müzakirələrə Prezident İlham Əliyevin çıxış etməsi, həmçinin müxtəlif ölkələrdən olan ictimai, siyasi xadimlərin suallarını cavablandırması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra regionda yeni reallıqlar yaradıb. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək, ölkəmizlə əməkdaşlıq üçün təşəbbüslər irəli sürürlər. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz haqqını bərpa edərək, bütün dünyaya güclü dövlət olduğunu göstərdi. Artıq Cənubi Qafqaz regionu dedikdə, ağıla ilk gələn Azərbaycandır. Azərbaycan, sözün əsl mənasında, regionun güclü dövləti, başqa sözlə desək, yeni güc mərkəzidir.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən, eyni zamanda, qətiyyətli siyasət nəticəsində Azərbaycan dövləti bu uğurlara nail olmağı bacarıb. Dövlətimizin başçısı konfransda iştirakçıların diqqətinə çatdırdı ki, Azərbaycan sülhün tərəfdarıdır. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan regionda qan tökülmədən beynəlxalq layihələrin reallaşmasında əsas oyunçudur. Təbii ki, işğalçı Ermənistan bu kimi layihələrin reallaşmasını istəmir. Onlar bütün imkanlarından istifadə edərək, Azərbaycana qarşı təxribatlar həyata keçirirlər. Ancaq onlar dərk etmirlər ki, bu layihələrin reallaşması bütün region, o cümlədən, Ermənistanın özü üçün böyük dividend gətirə bilər.

“Azərbaycan dünya tarixində nadir qalib ölkələrdəndir ki, regionda sülh və təhlükəsizlik naminə Ermənistana qarşı bəzi humanist addımlar atıb. Məsələn, Ermənistan tərəfindən əsir düşmüş, girov götürülmüş şəxslərlə Azərbaycanın insani davranışları, onların öz ölkələrinə geri göndərilmələri kimi halları qeyd etmək mümkündür. Ancaq təəssüf ki, Ermənistan bütün bu humanist addımların qarşısında öz bədnam xislətindən əl çəkə bilmir. Bu gün nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regional və beynəlxalq siyasətin əsas aspektlərindəndir. Artıq Zəngəzur dəhlizinin açılması 3 ölkənin Birgə Bəyanatının məğzi olmaqla yanaşı, həm də zamanın tələbidir. Bu baxımdan “Dəmir yumruğ”u yenidən başları üzərində görməmələri üçün indiki halda Ermənistan yeni vəziyyəti, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir”, - deyə Əhliman Əmiraslanov vurğulayıb.

Xudaferin.eu

17:05