Əzim Əzimzadə bağına “bahar” gəlib

 

İşıq selinin altındakı gül dəstəsi, ağacların arası ilə uzanan meşə yolu, İçərişəhərin dolanbac küçələri, suları şahə qalxan təlatümlü dəniz, çobanyastığı, qızılgül, güldanda qoyulmuş güllər, yağlı boya ilə çəkilmiş rəsmlər, natürmortlar, qrafika nümunələri… Gənc rəssamların Ə. Əzimzadənin adını daşıyan bağda nümayiş olunan rəsm əsərlərinin əsas mövzularını belə ümumiləşdirmək olar.

Azərbaycan təsviri sənətinin cığıraçanlarından olan Əzim Əzimzadənin 137 illiyi münasibətilə təşkil olunan ənənəvi tədbiri böyük rəssamın ev-muzeyinin direktoru İradə Əzimzadə açaraq iştirakçıları salamlayıb. Xalq Rəssamı Arif Hüseynov ilk sənət addımlarını “Molla Nəsrəddin” jurnalının səhifələrində atan karikaturaçı-rəssamın həyat və sənət yolu barədə danışıb, yeniyetmə rəssamlara yaradıcılıq uğurları arzulayıb. Gəncə şəhərindən gənc rəssam Səbinə İbrahimovanın çəkib göndərdiyi Əzim Əzimzadənin portreti rəssamın ev-muzeyinə hədiyyə olunub. Bibiheybət qəsəbə Mədəniyyət Evinin uşaqlardan ibarət rəqs qrupunun və gənc müğənnilərin vokal ifaları tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Sonra tədbir iştirakçıları sərgidə nümayiş olunan rəsmlərə tamaşa ediblər. Sərgidə xalq rəssamı Ağaəli İbrahimovun tələbələrinin, eləcə də Şüvəlandan olan gənc rəssamların akvarel və yağlı boya ilə işlənmiş əsərləri nümayiş olunub. Gənc rəssamlardan Nuranə Əliyeva, Gülnarə Heydərova, Qəndab Ömərbəyova və başqalarının rəsmləri maraqla qarşılanıb. Tədbirin davam etdiyi müddətdə iki gənc rəssam fırça ilə peyzaj çəkirdi. Onların əl işləri və sərgidə nümayiş olunan gül-çiçək rəsmləri Ə. Əzimzadə bağına əsl bahar təravəti gətirmişdi..

Xudaferin.eu

09:48