Zəfərə çagrış!

Zəfərə çagrış!

Duysam Xankəndimi əsgərim alıb,
Əlvan bayrağıma mən bürünərəm.
İnan ki,sevincdən bir ilan olub,
Dağında, daşında hey sürünərəm.

Nə qədər Qarabag azad olmayıb,
Yediyim, içdiyim, mənə haramdı.
Gözyaşı tökməkdən halım qalmayıb,
Xocalım köksümdə dağlı yaramdı.

Düşmən torpağımı capıb taladı,
Hələ də yatmısan qoca Vulkanım.
Haylar sinəmizdə tonqal qaladı,
Ey "Ərlər oylağı" Azərbaycanım !

Oyan,gözümüzün yaşı qurusun,
Şəhid məzarına qürurla gedək.
Oyan, elimizi sevinc bürüsün,
Düşmən ayağını Vətəndən kəsək !

 

Didərgin nəğməsi

Düşmüşəm didərgin illərdən bəri,
Həsrətdən ürəyim qubar - qubardı.
Anam Qarabağım, görmürəm səni,
Neçə yay, neçə qış, neçə bahardı.

Salam göndərirəm uçan durnadan,
Xankəndim, Xan Şuşam, çatırmı sənə ?
Gözümdən qan-yaşlar axır durmadan,
O yaşdan bir damla yetirmi sənə?

Nə fayda, qürbətdə yaşam bulmuşam?
Bir udum nəfəsin ilacdı mənə.
Mən səndən çarəsiz uzaq qalmışam,
Sənə qovuşmağım meracdır mənə.

 

A dostlar, heç zaman bədbin olmayın

A dostlar, heç zaman bədbin olmayın,
Xoşbəxt gələcəyə ümidlə baxın,
Çalışın, kimsədən geri qalmayın,
Çaylara qoşulub dənizə axın.

İnanın çətinlik gəldi-gedərdi,
Həyatda mübariz olmaq gərəkdi.
Olarsa insanın hər hansı dərdi,
Ağılla yoluna qoymaq gərəkdi.

Yasəmən söyləyir, mətin olun, siz,
Çiyniniz hec zaman gəlməsin yerə.
Əzmkar olsanız,qeyrət etsəniz,
Başınız ucalar ənginliklərə .

Rəva görmə
Şuşa mahalının xarıbülbülü,
Qarabağ çölünün sarı sünbülü,
Ey Cıdır düzünün əlvan,tər gülü!
Öpər sevənlərin daşı,torpağı
Rəva görmə, bizə bu ayrılığı!

Sındı dostlarının kamanı,sazı,
Mənim nasir bacım Lətifxanqızı .
Dön, "Ana Vətən"nin parlaq ulduzu!
Kəsim yollarında 1001 qurbanı,
Rəva görmə ,bizə bu ayrılığı!

Batdı, Haaqanın batdı, günəşi,
Axdı,gözəllərin axdı,gözyaşı.
Tabutun önündə durub yanaşı:
"Haqqımız halaldı" - söyləyir hamı,
Rəva görmə, bizə bu ayrılığı!

P.S. Bu şeiri əzizimiz Gülşən Lətifxana vefatı günü həsr etmişəm.

 

Arzum var sevgilim

Arzum var, sevgilim, bilirsən nədir?
Kaş azad olaydı torpaqlarımız,
Dönəydik geriyə,doğma yerlərə,
Coşaydı sevincdən bulaqlarımız.

Əyilib içdiyin sudan içəydim,
Alaydım qoxunu daşdan,qayadan.
Əllərin toxunan daşı öpəydim,
Qismət eləyəydi bunu yaradan.

Baxdığın yerlərə doyunca baxsam,
Bəlkə gözlərini orda bularam,
Ayaq izlərinə toxunsam əgər,
Səni hiss edərəm, səni duyaram.

Yuxumda çəmənlər səslərir bizi:
"Gəlin ağuşuma, eşq qurbanları".
Bir damın altında qovuşmadıq biz,
Şirin röyalarda qovuşaq barı.

Mənəm

İstərəm bir az da özümdən deyim:
Qızıl tək sözlərin sərrafı, mənəm!
Aqiləm,kamiləm,şairanəyəm,
Yaratıq içində ən safı, mənəm!

Mənəm,şölələri,ulduzun,ayın,
Mənəm,bol meyvəsi,payızın,yayın,
Allahin verdiyi ən ümdə payın
Almazı, incisi, sədəfi, mənəm!

Hikmətli yarandım nuhi-əzəldən,
Mənəm, səhv insanın səhvin düzəldən.
Əgər söz açsanız qosma-qəzəldən,
Şeir dünyasının sələfi, mənəm!

Mənəm,neğmələrin zili,həm bəmi,
Mənəm,telli sazın dərdli həmdəmi.
Dünyaya gəlmişəm bə'ni-insan kimi,
Demək yer üzünün əşrəfi, mənəm!

Arzum

Ulu tanrım ,yalvarıram,
Qoyma, məni qərib ölüm,
Yanlış etsəm, yolum azsam,
Sonda haqqa gəlib ölüm.

Üz tutmuşam haqqa sarı,
Ömür vəfa etsin barı
İşğalçını,qəsbkarı
Yer üzündən silib ölüm.

Diləyirəm səndən bunu,-
Ey Qarabağ, aç qolunu!
Qibləgahı,haqq yolunu
Son mənzilim bilib ölüm.

 

Nisanlı gəlinimə ithaf etmişəm!
Mübarək
Ala gözlüm,aləmə nur saçırsan,
Qızılgülsən,əlvan güllər açırsan.
Bu yaxında bizə gəlin köçürsən,
Ay mənim 
fərəhim,sevincim,nazım,
Ad günün mübarək,mehriban qızım!

Sən ki,bir qönçəsən,ətrin müşk,ənbər,
Yerdə cəvahirsən,göydə bir ülkər,
Sevgin,məhəbbətin dünyalar qədər,
Gülüm,gülüstanım,baharım,yazım,
Ad günün mübarək, mehriban qızım !

Qız, sən, mələkmisən,çaşdım indi mən,
Oğlumun qəlbini çalan,sənmisən?
Qoy rəbbim saxlasın,səni nəzərdən,
Şeirim,şeiriyyətim, gitarım, sazım,
Ad günün mübarək, mehriban qızım !

Qalx gedək, bizimlə evim bəzənsin,
Bağıma,bağçama güllər ələnsin,
Rotterdam büsbütün nura bələnsin,
Altınım,daşqaşım, lə'lim,almazım,
Ad günün mübarək, a ceyran qızım !

Gözləmə

Vicdansızdan,nanəcibdən,məncildən,
Nə insanlıq,nə səxavət,gözləmə!
Bir insan doğuşdan daşqəlblidirsə,
Qəti ondan, sən mərhəmət,gözləmə!

Timsah gözyaşına baxib da, çaşma,
İtlə dostluq eylə,həddini aşma,
Salam ver,qucaq aç,sirrini açma,
Sanma saxlar bir əmanət,gözləmə!

Abırsız heç zaman abırlı olmaz,
Nə qədər öyüd ver,boş beyni dolmaz.
Qızıl ver,gümüş ver,təklif et almaz,
Əxlaqı yoxdursa, iffət,gözləmə!

Mən bələdəm sənin kövrək qəlbinə,
Can yandırma, nankor olan heç kimə.
Ay Yasəmən,öləndə də ölünə
Diləməzlər onlar rəhmət,gözləmə!

 

Könül nəğməsi

Xəyal qanadlarım uçurdu məni,
Güli-gülüstanı gəzib dolaşdım.
Odlu gözyaşlarım sel olub axdı,
Döndüm şəlaləyə daşdım da daşdım.

Çəməndə bülbülü ahu-zar gördüm,
Taleyin yaleyim,əzizim,dedim,
Əyilib kollardan bənövşə dərdim,
A boynu bükülmüş əkizim,dedim.

Başımı qaldırıb göylərə baxdım,
Bir durna səmada qanad açırdı,
Yoxsa o da qəmli,dərdli,çarəsiz,
Yarını itirmiş, yalnız uçurdu.

Dedilər,Yasəmən,sona cüt gəzər,
Baxıb fərəhlənim üz tutdum gölə,
Qazlar arasında tek sona gördüm,
Dərdimin üstünə dərd gəldi belə.

 

Ay ana

Analar gunüdür bu gün, ay ana!
İstərəm sarılım boynuna sənin.
Öpüm əllərindən,gül yanağından,
Girim körpə kimi qoynuna sənin.

Bir dəstə gül alıb barı, gələydim
Qəbrinin üstünə gözyaşım ilə,
Qızimı,oğlumu,qohumlarımı,
Toplayıb başıma qardaşım ilə.

Uzaq məsafəni kaş yaxın edəm,
Kəpənək tək qonam qəbrinə,ana!
Tikanlı kollardan ayağı yalın
Keçərəm mən sənin xətrinə,ana!

 

Mənim

Bilirsiz həyatda nədən məğruram?
Qatıdır qürurum,xislətim mənim.
Sizin sayənizdə alnım açıqdır,
Ey şəffaf namusum,qeyrətim mənim.

Bir insan doğuşdan, gərək pak ola,
Daxili aləmi büllur tək ola,
Demək o, huri-zad, bir mələk ola,
Ey sazım,ey sözüm,söhbətim mənim.

Çətin anlarında yara yar oldum,
Qışın sazağında yaz,bahar oldum,
Uçdum enginliyə tərlan,sar oldum,
Olmadı namərdə minnətim mənim.

Dönüm keçmişimə mən addım-addım,
Keçən günlərimə bir nəzər atım,
Namusla yaşadım təmiz ad aldım,
Odur ki, var şanım,şöhrətim mənim.

 

Gəlmişəm

Ey aqillər,kiməm,sizə söyləyim:
Bir sairəm ,bu diyara gəlmişəm.
Doğmaların paxıllığın,daş qəlbin,
Namərdliyin görə-görə gəlmişəm. 

Mən qəribəm,bezdim daha qürbətdən,
Təsəlli alıram se'r-sənətdən,
Vətənimdə əziyyətdən,zillətdən
Cana doyub ,düşüb dara gəlmişəm.

Uzaqdayam,sormayın ünvanımı,
Röyalarda yetirin dərmanımı.
Vətən eşqi yaralayıb canımı,
Loğman olub sara-sara gəlmişəm.

Kim çəkibdi,məncə qalma-qalları ?
Saçlarımla süpürmüşəm yolları.
Tikanlı,neştərli qarakolları
Bu günlərə yara-yara gəlmişəm.

Nədən

İnsan göz açınca fani dünyaya,
Nədən qəlbindəki şeytana uyar?
Olmazmı şükr edə qadir xudaya?
O zaman tamahı,nəfsi unudar.

Tamahı üzündən düşmən kəsilir,
Bir döşdən süd əmən qardaşa qardaş.
Bəs görən vicdanı harda gizlənir,
İblislə,şeytanla quranda bağdaş?

Qəm yemə,şairə, qul haqqı yeyən
Mal-mülkü qayb edib ,müflis olacaq,
Ata malı ilə şişib öyünən,
Sonunda bir təknə,bir dam qalacaq.

 

Röyam

Yuxumda görmüsəm yenə də səni,
Ay elimin oğlu,dilim əzbəri.
Çox sağ ol, ki,gəlib yuxumda barı
Bəxtəvər edirsən,bir anlıq məni.

Görürəm durmusan qapı önündə,
Tutmusan bir dəstə çiçək əlində.
"Çoxdandır gəlmirsən -" , deyirəm,nədən?
"Tək-tənha qalmışam sona gölündə".

 Nə gözəl məqamdı,nə gözəl zaman,
Allahım, qovusduq,
ayırma,aman!
Sən demə, röyaymış,birdən yox oldun,
Əlimi uzadıb toxunduğum an.
 

Mən

Uzaq diyar ,yad ellər,
Qan ağlayan teləm, mən.
Coşub,daşıb, çağlayan,
Dağlar dələn seləm, mən.

Anam,həsrət,məlalı
Doğmalarım saralı,
Kaş ki,alıb dəsmalı
Nəm gözləri siləm, mən.

Durma,ey yazan əlim,
Susma ,nəğməkar dilim,
Vətən mənim bülbülüm,
Yaralanmış
 güləm ,mən.

Mən "yad el"ə atlandım,
"Bir qərib qız"-adlandım.
"Vətən"! - deyə odlandım,
Yandım! Yandım! Küləm mən.
Çox çətin ki, güləm mən.

xudaferin.eu

00:42