Yoxluğa yazılan məktub

Doğulduğum ünvana göndərilən məktubla bərabər o yerlərə mən də getdim. O doğma yerləri bir daha gördüm. Kim olduğumu, varlığımı, haradan haralara gəldiyimi anladım.

Bir anlıq da olsa, o itən günlərin xoş havasıyla yaşadım.

Həyatımda yoxluğun içində var olmağın sevincini yaşamaq da varmış.

 

Neçə illər idi belə məktub almırdım.

Məktub unutduqlarıma təzə cığır açdı. Tozlu-torpaqlı yaddaşımı silkələdi. İtib-batmış xatirələri oyatdı. Orada hamı vardı. Hər yer yamyaşıl idi. Hələ nə payız gəlmişdi, nə qış. Ağaclar yarpaq-yarpaq gülürdü. Güllər, çiçəklər ləçək-ləçək. Çaylardakı balıqların pulcuqlarını saymaq olurdu. Ciyərim o təmiz havanı udduqca körpə uşaq ciyəri təki açılıb-yumulurdu. Gözüm Çataltəpədəki ilanı seçə bilirdi. Yanağım təzə qızaran almanın yanağına dönmüşdü. Qaraman dağının dumanı dağın zirvəsini göstərmək üçün yuxarı qalxırdı. Dərəarasından həzin bir meh gəlirdi. Qoyunlar Saqqızlı bağdan otlaya-otlaya Yedditəpəyə doğru irəliləyirdi.

 

Hamı özü idi. Hələ dəyişməmişdi. Adamlar sanki səhərin saflığından doğulmuşdular. Hər şey tərtəmiz idi. Yalan hələ o yanlara ayaq basmamışdı.

Hamının bir ünvanı vardı. Kəndi. Mənim də, Natiqin də, Seymurun da, Salehin də, ... Məhəmməd kişinin də. Xeyir də bir idi, şər də. Səninki, mənimki hələ bapbalacaydı. Hamı biri-birinə doğma idi. Qohum kimi. Kəndli kimi. Xeyir-şər mağarı da eyni idi, qəbiristanlıq da. Qonaq-qara da. Hər gün eyni adamları görəndə sevinirdin. Kəndə gələn qonaqları da. Çünki qonaq hamının qonağı idi. Sevinc də, ağrı da, bəla da hamının idi. Hələ sən-mən belə qabarmamışdı. Məkanımız bir idi. Səni-məni adlar dəyişdirirdi.

 

Nə yaxşı ki, o məktub gəldi. İtən illəri unudub bir anlığa insan kimi yaşadım. Özümə qayıtdım. Təmizləndim. Duruldum. O təmizlikdən, saflıqdan yaşadığım iztirabların, ağrıların içinə qayıtmaq, laqeydliyin, biganəliyin, tənhalığın acısına, insanlığın unudulduğu mühitə dönmək istəmirdim.

Bu məktub mənə əllə yazılan məktubları xatırlatdı.

Nə olaydı tez-tez gələydi əllə yazılan o məktublar. O məktublarda yazanın qoxusu, ürəyi, əl izləri vardı. Doğmalıq vardı. Məktubu yazan adamın özünü, halını, sevgisini; fərqli xətlərdə fərqli adamların özlərini görə bilirdin. O məktubların içində gül qoyulanı da vardı, göz yaşları töküləni də. Amma hamısında ürək vardı, sevgi vardı.

 

Şəhərin qarışıq, ağır havasında, boz səhranın tozunun içində çox çirkləndik. Yurdumuz kimi hislərimizi, duyğularımızı, oradan gətirdiyimiz – bu gün bizə daha çox lazım olan şeyləri itirdik.

 

Hələ ünvan dəyişməmiş özümüzü özümüzə tanıtdıran, bizi özümüzə qaytaran sevimli məktubların izinə düşüb o yerlərə qayıdaq. Hər şeyi yerinə qoyaq. Özümüzü də, o yerləri də, olanları da.

 

Oradan təzə məktubları yazaq. Nəylə yazmağın artıq fərqi yoxdur.

Rəfail Tağızadə

Xudaferin.eu
 

                                                                                                             

15:33