Yeni prezident Mun Ce-in Kore yarımadasında sülhə nail olmaq niyyətindədir

 

Güney Korenin yeni Prezidenti Mun Ce-in ölkə parlamentində keçirilən inauqurasiya mərasimində xalqa müraciət edərkən Koreya yarımadasında gərginliyin azalmasına çalışacağını bildirib.

Bir qədər öncə ABŞ-ın raket əleyhinə komplekslərinin Güney Koredə yerləşdirilməsinə qarşı çıxan Mun Ce-in Vaşinqton və Pekinlə danışıqlarda bu məsələni yenidən qaldırmağa hazır olduğunu vurğulayıb. Bundan başqa o, şərait yaranacağı təqdirdə Şimali Koreyaya səfər edəcəyini də istisna etməyib.

Xatırladaq ki, Güney Koredə növbədənkənar prezident seçkiləri korrupsiya qalmaqalında şübhəli bilinən sabiq prezident Pak Kın Xenin impiçmenti və vəzifəsindən kənarlaşdırılması ilə bağlıdır.Mayın 9-da baş tutan seçkiləri Kore yarımadasında KXDR-ABŞ qarşıdurması səbəbindən yaranan gərgin vəziyyət fonunda keçirilib. 41 faizdən artıq səs qazanaraq prezident seçilən keçmiş hüquqşünas 64 yaşlı Mun Ce-in sol qüvvələri təmsil edir. O, Quzey Kore ilə münasibətlərin normallaşması tərəfdarı kimi tanınsa da, vəziyyətin müharibə həddinə çatması siyasətçinin bu sahədə fəaliyyətini çətinləşdirir.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

09:50