Yeni işsizlər ordusu

Məmurlar dəhşətli işsizlər ordusu yetişdirir 2016-cı ildə sosial müavinət təyin olunmuş ailələrin sayı 105 009-dur

Bu statistika ölkədə nə qədər işsizlərin olduğuna əyani sübutdur. Ünvanlı sosial yardım alan ailə üzvlərinin sayı 451 538 nəfərdir. Həmin şəxslərdən 215 001 nəfəri qadınlar, 226 434 nəfəri uşaqlardır. Bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 35, 49 manatdır. Bu da ölkədə məmurlarım yaratdığı mühit, iş adamlarına edilən basqıların nəticəsidir. Əgər onların fəaliyyətinə normal şəkildə imkan verilsəydi bu dərəcədə işsizlik böhranı yaranmazdı. Devalvasiyadan sonra vəziyyət daha da pisləşib. İş yerləri bağlanır, ixtisarlar kütləviləşir. Nəticədə ölkədə böyük işsizlər ordusu yetişir. Birinci yarım ili ərzində ölkədə 93,1 min yeni iş yeri açılıb. Bunlardan 73,1 min daimi iş yerləridir. Bu dövrdə yaradılmış iş yerlərinin 63,7%-i qeyri-dövlət sektoruna aiddir. Yeni iş yerlərinin 26,3%-i Bakı, 1,9%-i Naxçıvan, 71,8%-i regionların payına düşüb. İl ərzində ölkədə 25,7 min iş yeri bağlanıb. Bağlanmış iş yerlərinin 75,3%-i qeyri-dövlət sektorundadır. İş yerlərinin 63,2%-i fərdi sahibkarlıq subyektlərinin, 18,8%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 18%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb. Belə ki, ötən ilin doqquz ayında 87 min yeni iş yerinin yaradıldığı, 30 minə yaxın iş yerinin də bağlandığı bildirlirdi. Əslində bağlanan iş yerlərinin sayı rəsmi deyilənin qat-qat üstündədir. Maliyyə böhranı ilk olaraq əmək bazarını “vurdu”.
Son iki ildə bir sıra nüfuzlu əcnəbi şirkətlər də Azərbaycandan gedib. Dövlət statkomun məlumatına görə, keçən il 71 xarici şirkət və nümayəndəliyi fəaliyyətini dayandırıb. Xarici kapitallı təşkilatların getməsi investisiyaların ölkədən çıxması ilə bərabər əlavə işsizlik yaradır. Bu şirkətlərin çoxu neft və infrastruktur layihələrində iştirak edirdilər, əksəriyyətində yüzlərlə azərbaycanlı çalışırdı. Ticarət mərkəzləri, iaşə obyektləri, digər satış mərkəzləri affekt vəziyyətindədir, onlarda olan obyektlərin çoxu işini dayandırıb. İcarə verənlərin sayı çox, icarəyə götürmək istəyən yoxdur. Məlumdur ki, ölkədə insanlar daha çox alverlə dolanırdılar. İri supermarketlərdən “Nömrə 1” də bu il bir neçə yerdə mağazalarını qapatdı. Tikinti sektorunda da durğunluqdur. Tikinti şərtlərinin sərtləşdirilməsi, manatın devalvasiyası ilə tikinti materiallarının qiymətinin bahalanması inşa işlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bütün bu vəziyyətin yaranmasının günahkarı məmurlardır.

Xudaferin.eu

15:27