Yeni 3D-çap üsulu hazırlanıb

Amerikalı tədqiqatçılar yeni 3D-çap texnologiyası yaradıblar. Onun köməyilə bir neçə saniyə ərzində üçölçülü obyektləri çap etmək mümkündür. Bu proses holoqrafik lazerlərdən istifadə etməklə başa gəlir.

Xudaferin.eu “dni24.com” saytına istinadla xəbər verir ki, “həcmli 3D-çap” adlandırılan üsul bu vaxtadək müvafiq sahədə mövcud olan məhdudiyyətlərdən bəzilərini aradan qaldırmağa imkan verib. Standart 3D-çap obyektlərin qatlarını lazer və ya elektron şüa ilə yapışdırır. Bu zaman bu və ya digər predmetlərin istehsalına çox vaxt sərf olunur. Yeni 3D-çap üsulu qatlardan istifadədən imtina olunmasını təklif edir. Mütəxəssislər görünüşcə holoqramları xatırladan üç lazer şüasını tətbiq edirlər. Onlar birlikdə xüsusi şəffaf rezervuarda plastik qatranı vulkanizasiya edir. Bu üsul istehsal prosesini sürətləndirməklə mütəxəssislərin əsas problemini həll edir.

Laboratoriyanın işçisi Maksim Şustefin sözlərinə görə, alimlərin məqsədi predmetlərin hissələrini birləşdirmək əvəzinə bütöv 3D-fiqurlar çap etməyin mümkün olub-olmamasını aydınlaşdırmaq idi. Yeni texnologiyanı kosmik aparatlarda da istifadə etmək mümkün olacaq.

Xudaferin.eu

18:10