Yeməyə ət tapılmayacaq: Bazarda ciddi qıtlıq- Bahalaşma qaçılmazdır

 

Natiq Cəfərli “Ət istehsalçıları başqa sahələrdə artan qiymətləri kompensasiya etməyə məcburdurlar”

Son bir neçə ayda ətin qiyməti qalxıb. Artan qiymətlər alıcılıq qabiliyyətini də xeyli aşağı salıb. Satıcılar əvvəllər gün ərzində 150-200 kq ət satırdılarsa, indi bu rəqəm 60-70 kq-a düşüb. Bir çox ölkələrlə müqayisədə Azərbaycanda həm mal, həm də quzu əti bahadır. Azərbaycanda ətin qiyməti ilə yanaşı keyfiyyəti ilə bağlı da problem yaşanır. Daha şox xaricdən idxal olunan ətin keyfiyyətlilik dərəcəsi aşağıdır. Sərhəd orqanlarından ölkəyə daxil edilən iri və xırdabuynuzlu heyvanların əksəriyyətinin xəstə olduğu iddia edilir.

Bununla belə ətin qiyməti olduqca bahadır. Məsələn, Rusiyada quzu ətinin kiloqramı 7,5, Ermənistanda 7,20, Azərbaycanda 7, Belarusda 11, 7, Gürcüstanda 6, Qırğızıstanda isə 5-6 dollardır. Yaxın qonşuları misal çəksək, həmin ölkələrdə kənd təsərrüfatı məhsullarını özləri istehsal edirlər. Bunun üçün də ətin qiymətində enmə müşahidə olunur. Azərbaycanda isə həmin sahənin idarəçilərinin peşəkar olmaması bu sahənin iflic vəziyyətdə olmasından xəbər verir. Bununla yanaşı bahalaşmaya əsas səbəb kimi bu sahədəki monopoliya göstərilir. Yəni, məhsulu ölkəyə gətirən inhisarçılar onun qiymətini istədiyi səviyyəyə qaldırmağa meyilli olurlar. Kənd təsərrüfatı məhsulları Azərbaycan kimi aqrar potensiallı ölkədə baha olmamalıdır. Nə qədər ki, bu məhsullar bahalaşmaqda davam edəcək, bir o qədər də ətin qiymətində artmalar davam edəcək. Bu günlərdə Dövlət Statistika Komitəsi son illərdə ilk dəfə ölkədə heyvandarlıq sahəsində tənəzzülün yaşandığını təsdiqləyən rəqəmlər açıqladı. Komitənin təqdim etdiyi rəqəmlərə görə, bu ilin ilk 3 ayında əvvəlki ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qara 12.8 min baş, qoyun və keçilər isə 42.5 min baş azalıb. Ekspertlər isə azalmanın daha çox olduğunu deyirlər. Dövlət Statistika Komitəsinə görə, aprel ayının əvvəlinə ölkədə 2 milyon 706.8 min baş iribuynuzlu mal-qara var. Bunun 1.3 milyon başı inək və camışlardır. Qoyun və keçilərin sayı isə 8 milyon 785.5 min başdır. Üç ayda 115.4 min ton ət (diri çəkidə) istehsal olunub. DSK həm də ilin əvvəlindən ət məhsullarının 10 faizdən çox bahalandığını, ət istehsalının isə 3.2% artdığını açıqlayıb. Bəzi ekspertlər hesab edir ki, ət məhsullarının bahalaşmasının səbəbi örüş sahələrinin monopolistlər tərəfindən zəbt edilməsidir. Bu da yemin qıtlığına və son nəticədə ətin bahalaşmasına gətirib çıxarır.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ətin Azərbaycanda baha olması kənd təsərrüfatında atılan bəzi addımların təsirindəndir: “Əkinçiliyin genişləndirilməsi kampaniyası başlandı. Əsasən də pambıqçılığın inkişafı ilə bağlı texniki bitkilərə üstünlük verildi. Bəzi ənənəvi kənd təsərrüfatının maldarlıqla məşğul olan rayonlarında əkin və otlaq sahələrinin texniki bitkilərlə əkilməsi qərara alındı. Bu da yem çatışmazlığına səbəb oldu. Həmçinin, yemin qiyməti sürətlə qalxdı. Bu da ətin qiymətinin qalxmasına səbəb oldu. Səbəblərdən biri budur. Dolayı səbəblər də var. Həmin sahədə məşğul olan insanlar iki devalvasiyadan sonra məhsullarının qiymətini qaldırmamışdılar. 2014-cü ildən son üç aya qədər ətin qiymətində az da olsa, sabitlik yaranmışdı, devalvasiyanın təsiri olmamışdı. Bütün sahələrdə qiymətlər kifayət qədər sürətlə qalxıb. Ət istehsalçıları başqa sahələrdə artan qiymətləri kompensasiya etməyə məcburdular. Çünki həm növbəti dəfə kommunal xərclərin artması ilə bağlı qərar verildi, həm digər ərzaq məhsulları, geyim, texnika və bir çox sahələrdə qiymətlərin kəskin artımı müşahidə edilib. Təbii ki, ət istehsalçıları da qiymət artımına ayaq uydurmaq üçün öz məhsullarının da qiymətində artıma getməyə məcburdular”.

Ekspertin sözlərinə görə, Azərbaycanda tarix boyu maldarlıq ənənəsi olub: “Sadəcə, onlara normal şəraitin yaradılmasına ehtiyac var ki, onlar istehsalını artırsınlar. İstehsal artdıqca da ətin qiymətində ucuzluq ola bilər. Bir faktor da ondan ibarətdir ki, onun da müəyyən təsirləri var. Ötən il Dağıstandan qoyun, Gürcüstandan isə mal ətinin Azərbaycana gətirilməsini müşahidə edirdik. Son zamanlar gömrük rüsumları ilə əlaqəli problemlər yaşandığından xaricdən gətirilən ətin həcmi xeyli dərəcədə azalıb. Ola bilər ki, bu da qiymətlərin artımına az da olsa, təsirini göstərir. Elə azərbaycanlılar var ki, özləri Ukrayna, Rusiya, Belarusiya və Qazaxıstanda çox böyük maldarlıq təsərrüfatlarını qura biliblər. Yetərincə şərait olsaydı, həmin şərait Azərbaycanda da qurula bilərdi. Ola bilər ki, ümumi peşəkarlıqla bağlı Azərbaycanda müəyyən problemlər yaşanır. Amma bu qiymətlərin gələcəkdə də artmasına əsas verən amil deyil”.

 

Alçina Amilqızı

Cebhe.info

 

09:38