Yaşca böyük olmaq haqlı olmaqdırmı?

“Mən böyüyünəm, sən kiçik, yerini bil”— bir gənc göstərin ki, bu sözləri eşitməmiş olsun.
Yaşlı olmaq və ya valideyn olmaq sizi haqlı edirmi? Əlbəttə hər bir valideyn övladı üçün hər şeyin yaxşısını istəyir. Ancaq bir düşünün, övladınız sizin ağlınızda olan və tutduğunuz həyatı istəyirmi? Sizin istədiyiniz ixtisası oxumaq, sizin istədiyiniz işdə çalışmaq, sizin istədiyiniz insanla ailə həyatı qurmaq, sizin istədiyiniz kimi qocalmaq— bütün bunları arzulayırmı?
Özümlə bağlı bir örnəyi yada salmaq istəyirəm. İdmana pul xərcləyəndə anam mənə “dəli” deyir. Başa düşmür ki, qocalanda dərmana pul xərcləmək istəmirəm.  İş üçün kiminsə ayağına getməyəndə adım “dəli” olur. Başa düşmürlər ki, minnət sahibi olmaq istəmirəm. Və ya öz sənətimə olan sevgimi başa düşmürlər... Qınaya da bilmirəm.

Ernest Heminquey deyirdi: “Yazar olaraq sən qınamamalısan, başa düşməlisən.”

Valideynin öz övladı üçün ailə qurmağa hansısa bir gənci seçməsi mənə həmişə gülməli görünüb. Sanki özü evlənəcək, bütün ömrü boyu o gənclə özü yaşayacaq. Çox gülməli, bir o qədər də ikrah doğuracaq səviyyədə iyrənc haldır.
Əslində mən özüm də iki il əvvəl özümdən yaşca balacalardan hanısısa jestlər etmələrini gözləyirdim. Gözləyirdim ki, mən həyatda necə seçim etmişəmsə, onlar da bu yolla gedəcək. Ancaq adama deyərlər, “salam aleykum, sən kimsən?”. Oxumaq istəmirlər, işləmək istəmirlər... Öz seçimləridir. İstənilən halda biz sadəcə təklif edə bilərik.
İstənilən insan individualdır. Başını kəsib onun ayağının altına qoysan belə, niyyəti haradırsa, mənzili də oradır. Bəzən indvidual yanaşım, düşüncə və baxışlarda daxili bir “eqo”, yəni xudpəsənlik axtarırlar. Halbuki, invdidualizm hər bir insanın daxilində inkişaf edən və onun dünya baxışlarının özümlü tərzdə formalaşmış düşüncə tərzidir. Dünyanın özəlliyi də bundadır. Kimsə bunun sirrini aça bilməyib.

Sevgidən daha böyük hiss varsa o da hörmətdir.

“Atalar və oğullar” problemi həmişə olub. Yeganə çıxış yolu şəxsiyyət olaraq hər kəsin seçiminə hörmət etməkdir. Yıxılanda da insan anlayacaq ki, öz səhvinə görə yıxılıb, kiminsə onun əvəzinə verdiyi qərara görə yox... Təbii olaraq ağlı yerində olan birisi öz böyüyünə sayğı göstərməli, onun həyat təcrübəsindən yararlanmalıdır. Ancaq bütün bunlar böyüklərin “kopiyası”na çevrilməlisən demək deyil. Hər zamanın öz ritmi var. Bu ritmi də tutmağı bacarmaq lazımdır.

Yaşlılar həmişə belə deyirlər: “Biz indiki cavanlar kimi deyildik”. Ona görə belə deyirsiniz ki, biz artıq cavan deyilik. Sizin əvəzimizə verdiyiniz qərarları fikirləşməkdən qocalmışıq. Otururuq saatlarla gözümüzü bir nöqəyə zilləyirik.  Bir soruşun, “bala, nə olub?”.

Həyat təcrübəsinin dərinliklərindən gələn duyumlarını övladına dadızdıran valideyn onu da anlamalıdır ki, onun təcrübəsindən nə qədər faydalansa da, övladı öz daxili enerjisinin süzgəcindən keçirərək bütün bunları günümüzün ritmində yaşamağı üstün tutur.      

Lalə Cəbrayıl

Xudaferin.eu

00:21